Təbliğatçılar Moskvada PUA zərbələrini çəkən şəxslərin həbs və işgəncəyə məruz qalmasına çağırıblar

2026/06/1781787600.jpg
Oxunub: 200     16:59     18 İyun 2026    
Moskva üzərinə Ukrayna Silahlı Qüvvələrinin həyata keçirdiyi ən böyük Pilotsuz Uçuş Aparatı (PUA) hücumundan sonra Rusiyanın Z-təbliğatçıları ölkə vətəndaşlarına qarşı sərt tədbirlərin görülməsini tələb ediblər.

Ordu.az xəbər verir ki, “Solovyov Live” kanalının aparıcısı Armen Qasparyan Kapotnya neft emalı zavoduna endirilən zərbələri lentə alan Moskva sakinlərinə qarşı dövlətə xəyanət maddəsi ilə cinayət işlərinin açılmasına çağırıb.

Qasparyan bildirib ki, Ukraynaya yaxın media resurslarında Moskva ərazisindən çəkilmiş təxminən yüz videogörüntü görüb və hüquq-mühafizə orqanlarını üz tanıma sistemləri vasitəsilə həmin videoların müəlliflərini müəyyən etməyə çağırıb.

Onun fikrincə, bu şəxslər “Ukrayna Silahlı Qüvvələrinin könüllü köməkçiləri” hesab edilməli və saxlanılaraq dindirilməlidirlər. Moskva ətrafında baş verən partlayışların görüntülərini paylaşan şəxslərin həbs edilməsinə çağıranlardan biri də Vladimir Solovyov olub.

O bildirib ki, partlayışlardan sonra informasiya məkanı müxtəlif video və foto materiallarla dolub və bu materialları paylaşan şəxslər məsuliyyətə cəlb edilməlidirlər. Solovyov həmçinin Moskva sakinlərini Ukrayna PUA-larının hücumları zamanı təşvişə düşməməyə çağırıb və belə hücumlardan narahat olanlara paytaxtı tərk etməyi tövsiyə edib.

Aparıcı çıxışında SSRİ lideri İosif Stalinin 1942-ci ildə imzaladığı 227 saylı əmrdən sitat da gətirib.

Moskva meri Sergey Sobyaninin məlumatına görə, iyunun 18-nə keçən gecə və səhər saatlarında Moskva istiqamətində uçan 194 Ukrayna PUA-sı vurulub.

PUA-ların sayına görə bu, müharibənin başlanmasından bəri paytaxta qarşı həyata keçirilən ən iri hücum hesab olunur. Hücum nəticəsində Kapotnya neft emalı zavodu bir həftə ərzində ikinci dəfə zərbəyə məruz qalıb və ərazidə yanğın baş verib.

PUA qalıqları “Sadovod” ticarət mərkəzinin ərazisinə də düşüb. Nəticədə binalardan biri zədələnib və yanğın baş verib. “Belaya Daça” ticarət mərkəzinin damı da zərər görüb və burada da yanğın qeydə alınıb. Rəsmi məlumatlara görə, Moskva vilayətində 17 nəfər xəsarət alıb. Yaralananlar arasında iki uşaq da var.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Moskva   Rusiya   PUA  


Bizi "telegram"da izləyin