Klaviatura Arxasından Səngərə: ABŞ Ordusu Texnologiya Həvəskarlarını Niyə Zabit Edir?

2026/06/Ekran-1781761100.jpg
Oxunub: 180     10:36     18 İyun 2026    
ABŞ ordusu və ABŞ Hərbi Dəniz Qüvvələri orta karyera mərhələsində olan texnologiya mütəxəssislərinin silahlı qüvvələrə qoşulması üçün yeni imkanlar yaradır. Məqsəd özəl sektorda əldə edilmiş təcrübədən istifadə edərək daha yüksək döyüş qabiliyyətlərinin formalaşdırılmasıdır.

Bir ildən də az əvvəl ABŞ-nin müharibə naziri Pit Heqset hərbi qulluqçular arasında fiziki hazırlığa daha çox diqqət yetirilməsinə çağırmışdı. Keçmişdə “Fox News” kanalında həftəsonu proqramlarının aparıcısı olmuş Heqset ABŞ Silahlı Qüvvələrində “döyüşçü ruhu”nun formalaşdırılmasına çalışır.

Lakin bununla yanaşı, ABŞ ordusu və ABŞ Hərbi Dəniz Qüvvələri texnologiya sektorundan işə qəbul fəaliyyətlərini də genişləndirib. Halbuki bu sahə tarixən yüksək fiziki hazırlıq səviyyəsi ilə tanınmayıb.

Texnologiya sahəsində çalışanlar əslində müxtəlif fiziki hazırlıq səviyyələrinə malikdirlər və sənaye çoxdan masa arxasında oturan passiv əməkdaş stereotipindən uzaqlaşıb. Ola bilsin ki, burada müəyyən ortaq məqamlar da var. Xüsusilə “bro culture” adlandırılan mühitlə texnologiya həvəskarlarının dünyası müəyyən mənada yaxınlaşmağa başlayıb.

Hər halda, ötən həftə bildirilib ki, biznes və texnologiya sahəsindən olan rəhbər şəxslərin ikinci qrupu adi hərbi qəbul prosedurlarını keçmədən birbaşa ABŞ Ordusunda zabit rütbəsi alıb. Bu proses bir il əvvəl dörd yüksək səviyyəli korporativ rəhbərin birbaşa podpolkovnik rütbəsi ilə xidmətə qəbul edilməsindən sonra baş verib.

ABŞ Hərbi Dəniz Qüvvələri texnologiya istedadları axtarır

Ötən həftə ABŞ Hərbi Dəniz Qüvvələri Nazirliyi elan edib ki, Hərbi Dəniz Qüvvələrinin İnnovasiya Bölməsi (NIU) üçün qabaqcıl kommersiya texnologiyası mütəxəssislərini cəlb etmək məqsədilə xüsusi milli istedad axtarışı proqramına başlayacaq.

ABŞ Hərbi Dəniz Qüvvələri birbaşa zabit təyinatı mexanizmindən istifadə etməklə aparıcı mühəndisləri, proqram arxitektorlarını və texniki rəhbərləri cəlb etməyi planlaşdırır. Məqsəd kritik dəniz texnologiyası problemlərinin həllinə töhfə verməkdir.

ABŞ ordusundan fərqli olaraq, hansı ki, daha çox iri şirkətlərin rəhbər heyətini cəlb etməyə çalışırdı, Hərbi Dəniz Qüvvələri əsasən erkən mərhələdə fəaliyyət göstərən startaplarda çalışmış və ya geniş miqyasda yüksək təsirə malik məhsulların yaradılmasında uğurlu nəticələr göstərmiş mütəxəssisləri axtarır.

Tələblərə cavab verən şəxslər Hərbi Dəniz Qüvvələri Ehtiyat Qüvvələrində birbaşa zabit rütbəsi alacaqlar. Bu isə onlara mövcud karyeralarını davam etdirməyə və hərbi xidmətlə paralel şəkildə fəaliyyət göstərməyə imkan verəcək.

Hərbi Dəniz Qüvvələri Nazirliyi bildirib: “Namizədlər sürətli tempdə fəaliyyət göstərən, çevik və coğrafi baxımdan müxtəlif bölgələrə yayılmış komandalarda səmərəli işləmək bacarığını nümayiş etdirməlidirlər. Onlar mühüm açıq mənbəli layihələrə praktiki töhfələrinə, texniki ekspertiza araşdırmaları aparmaq təcrübələrinə, patent müraciətlərinə və ya dərc olunmuş akademik tədqiqatlarına görə qiymətləndiriləcəklər”.

Nazirlik vurğulayıb ki, bu təşəbbüs yalnız görüntü yaratmaq məqsədi daşımır və zabit təyin edilən şəxslərdən real nəticələr gözlənilir.

ABŞ Hərbi Dəniz Qüvvələri həmçinin aşağıdakı sahələrdə təcrübəyə malik mütəxəssislər axtardığını bildirib:

- kvant informasiya texnologiyaları,
- məlumat elmi,
- süni zəka,
- maşın öyrənməsi,
- robototexnika,
- avtonom və insansız sistemlər.


Bundan əlavə, aşağıdakı bacarıqlara malik şəxslərə üstünlük veriləcək:

- proqram mühəndisliyi,
- DevOps həlləri,
- bulud arxitekturası,
- kibertəhlükəsizlik,
- hücum və müdafiə xarakterli kiber əməliyyatlar,
- qabaqcıl rabitə sistemləri,
- şəbəkə mühəndisliyi.


ABŞ Hərbi Dəniz Qüvvələri bu şəxslərin hansı rütbələri alacağı barədə məlumat verməyib. Lakin ehtimal edilir ki, rütbələr onların peşəkar təcrübəsinə, hazırkı vəzifələrinə və fəaliyyət göstərdikləri sahədəki iş stajına uyğun müəyyən ediləcək.

Bu imkanlardan neçə nəfərin yararlana biləcəyi də hələ açıqlanmayıb.

ABŞ Hərbi Dəniz Akademiyası (USNA) artıq yüksək nüfuza malik Kiber Əməliyyatlar ixtisası ilə tanınır və hazırda bütün kursantlar üçün məcburi kibertəhlükəsizlik fənni tədris olunur.

Tədris proqramına aşağıdakılar da daxildir:

- paylanmış hesablama sistemləri,
- şəbəkə texnologiyaları,
- bulud infrastrukturuna yaxın texnologiyalar,
- süni zəka üzrə xüsusi proqramlar və kurslar.


ABŞ Konqresinin tələbinə və akademiyanın daxili siyasətinə əsasən Annapolisdə təhsil alan məzunların ən azı 65 faizi elm, texnologiya, mühəndislik və riyaziyyat (STEM) istiqamətləri üzrə diplom almalıdır. Lakin hər buraxılış üzrə cəmi təxminən 1100 kursant təhsil aldığı üçün Hərbi Dəniz Qüvvələri zabit korpusunu texnologiya sektorundan gələn mütəxəssislərlə gücləndirməyə çalışır.

ABŞ Ordusunun Proqram Təminatı Fabriki yeni “warrant officer” proqramını təqdim edib

Texnologiya sahəsindən olan şəxslərin ABŞ Ordusunda birbaşa zabit təyinatı alması ilə yanaşı, xidmət növü özünün “Army Software Factory” proqramı çərçivəsində də yeni mərhələyə keçdiyini açıqlayıb. Ordunun yaydığı məlumata görə, yeddi nəfər Alabama ştatının Fort Ruker bazasında yerləşən “Warrant Officer Candidate School”u bitirərək ilk “Proqram Təminatı Əməliyyatları üzrə “warrant officer” olub.

Bununla da ABŞ Ordusunda yeni 280A Proqram Təminatı Əməliyyatları Texniki Mütəxəssisi ixtisası yaradılıb. Kanzas ştatının Fort Livenvort şəhərində yerləşən Mission Command Center of Excellence (MCCoE) qurumunun direktor müavini Hovard K. “Haui” Brüinqton bildirib: “Biz proqram təminatı əməliyyatları bacarıqlarına malik əsgərlərlə süni zəka bacarıqlarına malik əsgərlərin birlikdə fəaliyyət göstərməsinin komandirlər üçün problemlərin həllində nə qədər böyük əməliyyat üstünlüyü yaratdığını gördük”.

“Army Software Factory” Ordunun Transformasiya və Təlim Komandanlığına bağlı bölmə kimi yaradılıb və məqsədi ordunun öz sıralarında mövcud olan texnologiya istedadlarını müəyyənləşdirərək onların texniki imkanlarını inkişaf etdirməkdir.

ABŞ ordusu həmçinin etiraf edib ki, çavuş və digər kiçik komandir heyətindən “warrant officer” statusuna keçid üçün mövcud mexanizm yeni texnologiyaların yaratdığı sürətli dəyişikliklərə uyğun tempdə işləmir. “MCCoE” bundan sonra “Army Software Factory” proqramını tamamlamış və müvafiq ASI kvalifikasiyasına malik fərqlənən hərbi qulluqçuları 2025-ci maliyyə ilinin dördüncü rübündə keçirilən FA28 Proqram Təminatı Əməliyyatları Funksional Sahə Seçim Komissiyasına müraciət etməyə təşviq edib.

Namizədlər çoxmərhələli və ciddi müsahibə prosesindən keçiblər. Bu proses zamanı onların əvvəlki hərbi fəaliyyəti, mülki iş təcrübəsi və texniki bacarıqları qiymətləndirilib. Bundan sonra onlar bir il davam edən hazırlıq proqramında iştirak edib və proqram təminatının hazırlanması komandalarında real əməliyyat təcrübəsi qazanıblar.

Hazırda “Army Software Factory” aşağıdakı dörd istiqamət üzrə fəaliyyət göstərir:

- məhsul menecerləri,
- məhsul dizaynerləri,
- proqram mühəndisləri,
- platforma mühəndisləri.


Bu şəxslər kompüterlərlə işləsələr də, XXI əsrdə onların fəaliyyəti Heqsetin gündəlik qaçışları və ağırlıq məşqləri üzərində qurulan ənənəvi döyüşçü ruhu qədər əhəmiyyətli ola bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ordu   Texnologiya   Zabit  


Bizi "telegram"da izləyin