Türkiyə MMN: SİPER tam əməliyyat qabiliyyətinə çatıb, HÜRKUŞ və GÖKBEY silahlanmaya qəbul ediləcək

2026/06/1781791032.jpg
Oxunub: 249     17:46     18 İyun 2026    
Türkiyə Milli Müdafiə Nazirliyi müdafiə sənayesinin əsas layihələri ilə bağlı yeni məlumatlar açıqlayıb. Nazirlik həmçinin İtaliyaya məxsus bir ədəd SAMP/T hava hücumundan müdafiə sisteminin Konya şəhərinə yerləşdirildiyini bildirib.

Ordu.az xəbər verir ki, nazirliyin açıqlamasına əsasən, HÜRKUŞ əsas təlim təyyarəsinin və GÖKBEY ümumi təyinatlı helikopterinin 2026-cı il ərzində Hərbi Hava Qüvvələrinin silahlanmasına qəbul edilməsi planlaşdırılır.

Türkiyə Milli Müdafiə Nazirliyinin mənbələri yerli və milli hava platformalarının silahlanmaya qəbul prosesinin davam etdiyini bildirərək qeyd ediblər ki, HÜRKUŞ əsas təlim təyyarəsi və Türkiyənin ilk milli ümumi təyinatlı helikopteri olan GÖKBEY bu il ərzində Hərbi Hava Qüvvələrinin inventarına daxil ediləcək.

Beləliklə, TUSAŞ tərəfindən hazırlanmış iki mühüm platformanın yaxın vaxtlarda Türkiyə Silahlı Qüvvələrinin tərkibində aktiv xidmətə başlaması nəzərdə tutulur.

Nazirlik həmçinin Türkiyənin çox təbəqəli hava və raketdən müdafiə arxitekturasının əsas elementlərindən biri olan SİPER hava hücumundan müdafiə sisteminin mühüm mərhələni geridə qoyduğunu açıqlayıb.

Məlumata görə, 2026-cı il iyunun 12-də Sinop poliqonunda keçirilən sınaq zamanı yüksək sürətli və yüksək manevr qabiliyyətinə malik SÜPER ŞİMŞEK hava hədəfi uğurla məhv edilib. Bununla da sistem tam əməliyyat qabiliyyəti səviyyəsinə çatıb.

Nazirlik vurğulayıb ki, dəyişən təhdid mühiti nəzərə alınaraq yerli və milli hava hücumundan müdafiə sistemlərinin inkişaf etdirilməsi davam etdirilir. Bildirilib ki, “Polad Günbəz” layihəsinin əsas məqsədi Türkiyənin çoxtəbəqəli hava və raketdən müdafiə imkanlarını gücləndirmək, çəkindirmə potensialını artırmaq və milli təhlükəsizliyi ən yüksək səviyyədə təmin etməkdir.

Açıqlamada NATO-nun Daimi Müdafiə Planı çərçivəsində alyansın hava müdafiə potensialını artırmaq məqsədilə İtaliyaya məxsus bir ədəd SAMP/T hava hücumundan müdafiə sisteminin Konya şəhərində yerləşən 3-cü Əsas Reaktiv Aviasiya Bazasına yerləşdirildiyi də qeyd olunub. Bu addımın NATO-nun birgə hava müdafiə fəaliyyətləri çərçivəsində həyata keçirildiyi bildirilib.

Nazirlik iyunun 20-də “İstanbul” Gəmiqayırma Zavodu Komandanlığında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Gəmi Təhvil və Xidmətə Qəbul Mərasimləri”nin keçiriləcəyini də açıqlayıb.

Mərasim çərçivəsində Rumıniya Hərbi Dəniz Qüvvələri üçün inşa edilmiş “Contraamiral Roman” (261) korveti təhvil veriləcək, TCG “Koçhisar” açıq dəniz patrul gəmisi, TCG Ç-161 yeni tip desant gəmisi, TCG “Gökırmak” sahil yedək gəmisi və milli sistemlərlə modernləşdirilmiş TCG “18 Mart” sualtı qayığı xidmətə qəbul olunacaq.

Bununla yanaşı, “İstif” sinfinə məxsus dördüncü freqat olan “İçel”ə bayraq qaldırılacaq, “Kocatepe” hava hücumundan müdafiə esminesinin üst quruluş blokunun təməlqoyma mərasimi keçiriləcək.

Tədbir zamanı “Pirana” kamikadze insansız dəniz platforması və BAYKAR tərəfindən hazırlanmış, freqatlardan şaquli eniş-qalxış edə bilən “Kalkan” pilotsuz uçuş aparatının da silahlanmaya qəbul edilməsi planlaşdırılır.

Milli Müdafiə Nazirliyi həmçinin MKE şirkətinin son həftə ərzində həyata keçirdiyi fəaliyyətlər barədə məlumat verib. Bildirilib ki, “Tolga” yaxın mənzilli hava hücumundan müdafiə sistemində istifadə edilən 20 mm çaplı silah sistemi Macarıstanın insansız quru platformasına, 81 mm çaplı minaatan lülə qrupu isə Sloveniyanın tırtıllı insansız quru platformasına inteqrasiya edilərək Eurosatory 2026 sərgisində ilk dəfə beynəlxalq ictimaiyyətə təqdim olunub.

Bundan başqa, DUAL mobil platformasının PMT-76 platforma pulemyotu ilə inteqrasiya olunduğu sınaq atışları uğurla tamamlanıb, Özbəkistan ilə qlobal barıt ixracına dair müqavilə imzalanıb. Müxtəlif çaplı silah və sursatların təhvilinin də həyata keçirildiyi açıqlanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MMN   SİPER   HÜRKUŞ   GÖKBEY  


Bizi "telegram"da izləyin