Karapetyanın Rusiya vətəndaşlığından imtina prosesi hansı mərhələdədir?

2026/06/1781787824.jpg
Oxunub: 133     17:05     18 İyun 2026    
“Güclü Ermənistan” alyansının lideri Samvel Karapetyan Rusiya və Kipr vətəndaşlığından imtina prosesi ilə bağlı suala cavab verib.

Ordu.az xəbər verir ki, Karapetyan bu barədə bir neçə baş redaktora verdiyi müsahibədə danışıb.

O bildirib ki, hazırda həbsdə olduğu üçün şəxsi imkanları məhduddur, lakin buna baxmayaraq, siyasi proseslərdə daha fəal iştirak etməyə çalışacaq.

“Əmin olun ki, mənim bu proseslərdə iştirakım daha da intensivləşəcək. Hazırda həbsdə olduğum üçün imkanlarım məhduddur, amma imkanlarım daxilində daha fəal olacağam”, - deyə Karapetyan qeyd edib.

Jurnalistlərin Rusiya və Kipr vətəndaşlığından imtina prosesini sona çatdırıb-çatdırmayacağı ilə bağlı sualına cavab olaraq o bildirib ki, bu mövzuya ətraflı toxunmaq istəmir.

“Prosesi başlamışıq. Həmin prosesin tamamlanmasına ehtiyac yaranacağı gün o artıq başa çatmış olacaq”, - deyə o vurğulayıb.

Karapetyan bildirib ki, müxalifətin əsas gündəliyi Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması və ölkənin, eləcə də xalqın alçaldılması kimi qiymətləndirdiyi proseslərin dayandırılmasıdır.

Onun sözlərinə görə, beynəlxalq təşkilatlar və xarici ölkələrin səfirləri Ermənistanda baş verən proseslər barədə daha dolğun məlumatlandırılmalıdır.

Karapetyan iddia edib ki, bəzi xarici tərəfdaşlar yalnız məsələnin bir tərəfinə baxırlar və Ermənistan daxilində baş verən hadisələrin bütün mənzərəsini görmürlər.

Müxalif erməni siyasətçi həmçinin bildirib ki, vahid müxalifət şurası bütün “siyasi məhbuslar”ın azadlığa buraxılmasını tələb etməlidir.

O, seçki rüşvəti ilə bağlı ittihamları rədd edib və rəhbərlik etdiyi siyasi qüvvənin adından belə halların baş vermədiyini bildirib.

Karapetyan qeyd edib ki, seçkilərlə bağlı aparılan istintaq çərçivəsində onların siyasi qüvvəsindən təxminən 760 nəfər saxlanılıb, 103 nəfər həbs olunub, yüzə yaxın şəxs barəsində isə müxtəlif qətimkan tədbirləri seçilib.

Onun sözlərinə görə, hakimiyyət bu prosesi davam etdirir və bununla seçkilərlə bağlı yaranmış sualları ört-basdır etməyə çalışır.

Karapetyan əlavə edib ki, onların siyasi proqramı ölkənin inkişafına yönəlmiş ən yaxşı proqramlardan biri olub, lakin seçicilər fərqli seçim ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Karapetyan   Rusiya   Vətəndaşlıq  


Bizi "telegram"da izləyin