ABŞ-də demokrat konqresmenlər “Qızıl Günbəz” layihəsi ilə bağlı Pentaqondan izahat tələb ediblər

2026/06/1781789837.jpg
Oxunub: 201     17:32     18 İyun 2026    
ABŞ-də Demokratlar Partiyasını təmsil edən konqres üzvləri prezident Donald Trampın “Qızıl Günbəz” milli raketdən müdafiə sistemi layihəsi ilə bağlı Pentaqondan ətraflı məlumat tələb ediblər.

Ordu.az xəbər verir ki, senatorlar Edvard Marki və Ceff Merkli, həmçinin Nümayəndələr Palatasının üzvləri Con Qaramendi və Donald Beyerin təşəbbüsü ilə müharibə naziri Pit Heqsetə məktub göndərilib.

Məktubda ABŞ Konqresinin Büdcə İdarəsinin layihənin ümumi xərcinin 1,2 trilyon dollara çata biləcəyini proqnozlaşdırdığı qeyd olunub. Bildirilib ki, bu göstərici indiyədək açıqlanmış rəsmi qiymətləndirmələrdən xeyli yüksəkdir.

Konqres üzvləri müdafiə nazirliyinin layihənin texniki xüsusiyyətləri və məqsədləri barədə Amerika ictimaiyyətinə aydın məlumat vermədiyini vurğulayıblar. Onlar hesab edirlər ki, vergi ödəyicilərinin vəsaiti hesabına layihəyə əlavə maliyyə ayrılmadan əvvəl hökumət planlarını və hədəflərini açıqlamalıdır.

Məktubda sistemin neçə raketi məhv etmək imkanına malik olmasının planlaşdırıldığı, layihə üçün nəzərdə tutulan 185 milyard dolların necə xərclənəcəyi və növbəti 20 il üzrə ümumi xərc proqnozunun nə qədər olacağı ilə bağlı suallar ünvanlanıb.

Bundan başqa, ABŞ administrasiyasının Şərq sahilində üçüncü raketdən müdafiə bazasının yaradılmasını nəzərdən keçirib-keçirmədiyi, Çin və Rusiyanın sistemin yerləşdirilməsinə hansı reaksiya verə biləcəyi, eləcə də layihənin hansı hissələrinin məxfi saxlanılacağı barədə məlumat istənilib.

Konqres üzvləri məktubda bildiriblər ki, “Qızıl Günbəz” layihəsinin daxil olan raketlərə qarşı müdafiədən daha çox dövlət vəsaitlərinin səmərəsiz xərclənməsinə səbəb ola biləcəyindən narahatdırlar. Onlar administrasiyanı layihədən imtina etməyə və daha məhdud raketdən müdafiə siyasətinə qayıtmağa çağırıblar.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp “Qızıl Günbəz” müdafiə sistemi ilə bağlı rəsmi açıqlamanı 2025-ci il mayın 20-də vermişdi. Onun sözlərinə görə, layihə quru, dəniz və kosmosda yerləşdiriləcək yeni nəsil texnologiyaları, o cümlədən kosmik sensor və önləyici sistemləri özündə birləşdirəcək. Tramp layihənin öz prezidentlik müddəti başa çatmamış istifadəyə veriləcəyini və ümumi xərcinin təxminən 175 milyard dollar təşkil edəcəyini bildirmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qızıl-Günbəz  


Bizi "telegram"da izləyin