“Boeing” niyə T-7 “Red Hawk” təyyarəsini Hərbi Dəniz Qüvvələrinin təlim təyyarəsi müsabiqəsindən geri çəkdi?

2026/06/Ekran-1781760729.jpg
Oxunub: 275     09:29     18 İyun 2026    
Məsələnin əsas məqamı T-7-nin mühərriki idi. F/A-18 “Super Hornet”də istifadə olunan eyni mühərrik xidmətə qəbul edilməzdən əvvəl bahalı yenidən işlənməni tələb edəcəkdi.

ABŞ Hərbi Hava Qüvvələri T-7A “Red Hawk” proqramına tam sadiqdir. Bu ayın əvvəlində Hava Təhsili və Təlim Komandanlığının (AETC) pilotları kimi fəaliyyət göstərən 99-cu Uçuş Təlim Eskadrilyasının ilk iki rəhbər heyəti bu qabaqcıl təlim təyyarəsində kvalifikasiya əldə edib. Bu isə onların artıq digər pilotlara da həmin təyyarədən istifadə üzrə təlim keçə bilməsi deməkdir.

“Red Hawk”ın Hərbi Hava Qüvvələrində əldə etdiyi uğura baxmayaraq, təyyarənin istehsalçısı olan və İsveçin “Saab” şirkəti ilə əməkdaşlıq edən aviasiya nəhəngi “Boeing” ABŞ Hərbi Dəniz Qüvvələrinin yeni nəsil təlim təyyarəsi müsabiqəsində iştirakını davam etdirməmək qərarına gəlib. Bu, hətta “Red Hawk”ın müqaviləni qazanmaq üçün əsas favorit hesab edildiyi barədə məlumatların yayıldığı bir vaxtda baş verib.

“Boeing” cümə günü yaydığı bəyanatda bildirib: “Boeing öhdəliklərini yerinə yetirməyə fokuslanıb və biz yalnız müştərilərimizin ehtiyac və tələblərinə uyğun düzgün həll təqdim edə biləcəyimiz proqramlar üzrə təklif veririk. Ətraflı qiymətləndirmədən sonra müəyyən etdik ki, T-7A ABŞ Hərbi Dəniz Qüvvələrinin İlkin Reaktiv Təlim Sistemi (UJTS) tələblərinə cavab vermir. Buna görə də Hərbi Dəniz Qüvvələrini məlumatlandırmışıq ki, mövcud tender sorğusunda iştirak etməyəcəyik. Tələblər inkişaf etdikcə T-7A-nı 4-cü, 5-ci və 6-cı nəsil pilotlar üçün müasir və inkişaf potensialına malik təlim həlli kimi təqdim etməyə sadiq qalırıq. Həm mövcud, həm də gələcək imkanları Hərbi Dəniz Qüvvələrinə təqdim etmək və dəstəkləmək üçün fəaliyyətimizi davam etdirəcəyik”.

T-7A “Red Hawk”ın texniki xüsusiyyətləri

Xidmətə qəbul tarixi: təxminən 2028-ci il (mövcud plan üzrə)
İstehsal olunan sayı: məlum deyil; 10-dan az
Uzunluğu: təxminən 46 fut (14 metr)
Qanad açılımı: təxminən 30,6 fut (9,3 metr)
Maksimum uçuş çəkisi: 12 125 funt (5 500 kiloqram)
Mühərrik: bir ədəd “General Electric” F404-GE-103 “afterburner”li turboreaktiv mühərrik
Maksimum sürət: “Mach” 0,975 (təxminən 748 mil/saat və ya 1 200 km/saat)
Praktiki uçuş hündürlüyü: təxminən 50 000 fut (15 240 metr)
Silah yükü: silahlanma nəzərdə tutulmayıb (yalnız təlim təyyarəsi), gələcəkdə təlim bombası buraxma sistemi əlavə oluna bilər
Ekipaj: 2 nəfər (pilot və təlimatçı/sərnişin)


Şirkət niyə könüllü şəkildə müdafiə müqaviləsindən imtina etsin?

Uğurlu bir təyyarənin könüllü şəkildə müsabiqədən geri çəkilməsi qəribə görünə bilər. Lakin ölçüsündən asılı olmayaraq, “Boeing” təyyarələrin hazırlanması üçün sonsuz resurslara malik deyil və şirkət öz imkanlarının həddindən artıq yüklənməsinin qarşısını almaq və ya Pentaqonda müqavilə verən qurumlar qarşısında belə bir görüntü yaratmamaq istəyə bilər.

Ötən il “Boeing” ABŞ Hərbi Hava Qüvvələrinin Yeni Nəsil Hava Üstünlüyü (NGAD) proqramının qalibi elan edilmişdi və gələcəyin F-47 altıncı nəsil pilotlu qırıcısını hazırlayacaq. Bu təyyarə pilotsuz uçuş aparatlarını da əhatə edən sistemlər sisteminin əsas elementi olacaq.

“Boeing” həmçinin rəqibi “Northrop Grumman” ilə birlikdə ABŞ Hərbi Dəniz Qüvvələrinin F/A-XX proqramı üzrə müqavilə uğrunda mübarizə aparır. Aviadaşıyıcı əsaslı altıncı nəsil pilotlu qırıcı olan F/A-XX gələcəkdə “Boeing” tərəfindən istehsal olunan F/A-18E/F “Super Hornet”ləri əvəz etməlidir.

Müsabiqədən geri çəkilən yeganə şirkət “Boeing” deyil. “Lockheed Martin” də 2026-cı il apreldə İlkin Reaktiv Təlim Sistemi müsabiqəsindən çıxmışdı. Bununla da yarışda yalnız iki komanda qalıb: tərəfdaşları “Northrop Grumman” və “General Atomics” olan “Sierra Nevada Corporation”, həmçinin tərəfdaşı “Leonardo” olan “Textron”.

“Boeing” üçün əsas problem: T-7-nin mühərrikinin yenidən işlənməsinə ehtiyac var idi

“Boeing”in müsabiqədən könüllü şəkildə çıxmaq qərarına təsir edən əsas amillərdən biri “Red Hawk”ın GE “Aerospace” F404 mühərrikindən istifadə etməsi ilə bağlıdır.

Bu mühərrik artıq F/A-18-də istifadə olunsa və “Lockheed Martin”in Koreyanın “Korea Aerospace Industries” şirkəti ilə birlikdə ABŞ Hərbi Dəniz Qüvvələrinə təklif etdiyi T-50 təyyarəsinin də güc qurğusu olsa da, UJTS proqramının xüsusi mühərrik sertifikatlaşdırma tələblərinə cavab verməsi üçün uzunmüddətli inkişaf prosesindən keçməli idi.

T-7-nin iki rəqibi isə daha sadə mühərriklərdən istifadə edir. SNC şirkətinin “Freedom Jet” təyyarəsi iki ədəd “Williams” FJ44-4M turboreaktiv mühərriki ilə təchiz olunub. “Textron” və “Leonardo”nun təqdim etdiyi “Beechcraft” M-346N isə iki ədəd “Honeywell” F-124 turboreaktiv mühərrikindən istifadə edir.

“Boeing” böyük ehtimalla mühərrik tələblərini yerinə yetirmək üçün lazım olan vaxt və resursları ayırmaq istəməyib. Şirkət hazırda F-47 proqramına sadiq qalır və F/A-XX müqaviləsini qazanmağa çalışır. Bundan əlavə, “Boeing” ABŞ Hərbi Hava Qüvvələri və xarici tərəfdaşlar üçün F-15EX “Eagle II” qırıcılarının istehsalını davam etdirir.

ABŞ Hərbi Dəniz Qüvvələrinin T-45 “Goshawk” təyyarəsinin varisinə ehtiyacı var

ABŞ Hərbi Dəniz Qüvvələri Britaniyanın “BAE Systems” şirkətinin “Hawk” təlim təyyarəsi əsasında hazırlanmış T-45 “Goshawk” üçün əvəzləyici axtarışını davam etdirir.

“Goshawk” ilk dəfə 1991-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin xidmətinə qəbul olunub və aviadaşıyıcı əməliyyatları üçün uyğunlaşdırılmış son təyyarə 2009-cu ildə istehsal xəttindən çıxıb. Mövcud planlara əsasən, ABŞ Hərbi Dəniz Qüvvələri cəmi 216 yeni reaktiv təlim təyyarəsi əldə etməyi planlaşdırır.

Maraqlıdır ki, “Goshawk”dan fərqli olaraq, Hərbi Dəniz Qüvvələri yeni təyyarənin aviadaşıyıcı əməliyyatları üçün uyğun olmasını tələb etmir. Təyyarə yalnız pilotlara uçuş bacarıqlarını öyrətməlidir. Aviadaşıyıcıya enişlə bağlı ayrıca təlim isə F/A-18 təyyarələrində keçiriləcək.

Buna baxmayaraq, SNC-nin təyyarəsi Hərbi Dəniz Qüvvələrinin gələcəkdə mövqeyini dəyişdirməsi ehtimalını nəzərə alaraq aviadaşıyıcı kvalifikasiyası imkanları və quruda simulyasiya edilmiş “toxun və qalx” tipli aviadaşıyıcı enişləri təqdim edəcək şəkildə hazırlanacaq.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Boeing   T-7   Red-Hawk   ABŞ  


Bizi "telegram"da izləyin