TCG “Koçhisar” və “Contraamiral Roman” xidmətə qəbul edilir

2026/06/1781790696.jpg
Oxunub: 214     17:38     18 İyun 2026    
Türkiyə Milli Müdafiə Nazirliyi iyunun 20-də İstanbul Gəmiqayırma Zavodu Komandanlığında “Gəmi Təhvil və Xidmətə Qəbul Mərasimləri”nin keçiriləcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin imkan və çəkindirmə potensialını artırmaq məqsədilə hazırlanmış yerli və milli platformaların xidmətə qəbul mərasimi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və milli müdafiə naziri Yaşar Gülərin iştirakı ilə baş tutacaq.

Mərasim çərçivəsində Rumıniya Hərbi Dəniz Qüvvələri üçün inşa edilmiş “Contraamiral Roman” (261) korveti sifarişçiyə təhvil veriləcək. Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatına görə, “Hisar” sinfinə məxsus açıq dəniz patrul gəmilərinin ilk platforması olan TCG “Koçhisar” da Türkiyə Hərbi Dəniz Qüvvələrinin silahlanmasına qəbul ediləcək.

ASFAT şirkətinin baş podratçılığı ilə İstanbul Gəmiqayırma Zavodu Komandanlığında inşa edilən “Contraamiral Roman” Rumıniya Hərbi Dəniz Qüvvələri üçün hazırlanmış yüngül korvetdir. Platforma Türkiyə üçün yaradılmış “Hisar” sinfinə məxsus açıq dəniz patrul gəmisi layihəsi əsasında hazırlanıb və Rumıniyanın tələblərinə uyğunlaşdırılıb.

Əslində TCG “Akhisar” adı ilə inşa edilən gəmi 2025-ci ilin dekabrında imzalanmış müqavilə əsasında Rumıniya tərəfindən satın alınıb. Təxminən 99,5 metr uzunluğa malik platforma 4500 dəniz mili mənzilə, 21 gün fasiləsiz xidmət müddətinə, həmçinin helikopter və pilotsuz uçuş aparatı yerləşdirmək imkanına malikdir.

“Contraamiral Roman” Türkiyənin NATO və Avropa İttifaqına üzv ölkəyə ixrac etdiyi ilk döyüş gəmisi kimi tarixə düşüb.

TCG “Koçhisar” isə ASFAT şirkətinin baş podratçılığı ilə həyata keçirilən və ümumilikdə 10 gəminin inşasını nəzərdə tutan “Hisar” sinfinə məxsus açıq dəniz patrul gəmisi layihəsi çərçivəsində hazırlanıb. Gəmi kəşfiyyat, müşahidə, axtarış-xilasetmə, terrorla mübarizə, dəniz nəzarəti və xüsusi əməliyyat tapşırıqlarının yerinə yetirilməsi üçün nəzərdə tutulub.

ADA sinfinə məxsus korvetlərin layihəsi əsasında hazırlanmış “Hisar” sinfinə məxsus gəmilər sonradan yerli və milli silahlarla, eləcə də sensorlarla təchiz edilməyə imkan verən modul konstruksiyaya malikdir. Platformalar milli sonar sistemləri vasitəsilə sualtı qayıqlara qarşı mübarizə tapşırıqlarını da yerinə yetirə biləcək.

Təxminən 99,5 metr uzunluğa və 2300 ton su tutumuna malik TCG “Koçhisar” 4500 dəniz mili mənzilə və 21 gün fasiləsiz fəaliyyət imkanına sahibdir. Gəmi HAVELSAN ADVENT Döyüş İdarəetmə Sistemi, ASELSAN MAR-D üçölçülü axtarış radarı və YAKAMOS sonar sistemi ilə təchiz olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TCG-Koçhisar   Contraamiral-Roman  


Bizi "telegram"da izləyin