ABŞ-dən kənarda doğulan hava gücü: Dünyanın ən güclü qırıcıları hansılardır? (ARAŞDIRMA + FOTOLAR)

2026/06/1781266453.jpg
Oxunub: 504     15:58     12 İyun 2026    
Ən müasir “stealth” imkanlarından tutmuş yüksək sürət göstəricilərinə qədər, bu beş qırıcı təyyarə pul ilə əldə edilə biləcək ən yaxşı platformalar sırasındadır.

ABŞ, şübhəsiz ki, dünyanın aparıcı hərbi aerokosmik texnika dizayneri kimi fərqlənir. Həm keyfiyyət, həm də kəmiyyət baxımından, bütün növ və funksiyalar üzrə ABŞ-nin hərbi təyyarələri davamlı olaraq ən yaxşılar sırasında yer alır. Lakin rəqiblər də təsirli təyyarələr istismara qəbul edə biliblər. ABŞ-yə məxsus olmayan bir neçə təyyarə xüsusilə diqqət çəkir: “Sukhoi Su-57 Felon”, “Chengdu J-20 Mighty Dragon”, “Dassault Rafale”, “Eurofighter Typhoon” və “Saab JAS 39 Gripen”.

“Su-57 Felon” Rusiyanın Ən Müasir Qırıcı Təyyarəsidir

İstismara qəbul olunma ili: 2020
İstehsal sayı: təxminən 32
Uzunluğu: 20,1 m
Qanad açılımı: 14,1 m
Maksimal uçuş çəkisi: təxminən 35 000 kq
Mühərriklər: iki ədəd “Saturn” AL-41F1 “afterburner”li turboreaktiv mühərrik (gələcəkdə “Izdeliye 30” ilə əvəzlənməsi planlaşdırılır)
Maksimal sürət: təxminən 2 130 km/saat/“Mach 2,0”
Uçuş məsafəsi: 3 500 km
Xidmət tavanı: təxminən 20 000 m
Silahlanma: daxili 30 mm-lik “GSh-30-1” topu, müxtəlif daxili və xarici raketlər və idarəolunan bombalar, o cümlədən uzaqmənzilli R-77M və R-37M “hava-hava” raketləri, yaxınmənzilli R-74M2 raketləri, həmçinin KH-59MK2 qanadlı raketləri və KAB-500 idarəolunan bombaları
Ekipaj: 1 nəfər



Hazırda istismarda olan və ABŞ-yə məxsus olmayan ən müasir qırıcı təyyarə hesab edilən “Su-57 Felon” Rusiyanın ilk beşinci nəsil “stealth” qırıcısıdır və həm hava üstünlüyü, həm də çoxməqsədli tapşırıqlar üçün nəzərdə tutulub. “Stealth” üçün optimallaşdırılmış planeri, “afterburner”siz yüksək sürətlə uçuş qabiliyyəti və idarə olunan itələmə vektoruna malik mühərrikləri ilə “Su-57” ciddi imkanlara malik platformadır. Daxili silah bölməsində hipersəs və uzaqmənzilli raketlər daşıya bilən təyyarə aşağı radar görünmə səviyyəsini qoruyaraq ciddi zərbə gücü tətbiq edə bilir.

Lakin “Su-57”nin əsas çatışmazlığı Rusiyanın sənaye imkanları ilə bağlıdır. Təyyarələrin yalnız məhdud hissəsi tam əməliyyat hazırlığına çatıb və genişmiqyaslı yerləşdirmə hələ uzaq perspektivdədir. Mövcud modellər daha az qabaqcıl aralıq mühərrik olan AL-41F1 ilə təchiz olunub, daha müasir “Izdeliye 30” mühərriki isə hələ hazırlanma mərhələsindədir. Gecikmələrə baxmayaraq, “Su-57” yüksək manevr qabiliyyəti və sağqalma göstəriciləri ilə təhlükəli rəqib olaraq qalır.

J-20 “Mighty Dragon” Çin üçün Oyundəyişdiricidir

İstismara qəbul olunma ili: 2017
İstehsal sayı: təxminən 200-250-dən çox (istehsal davam edir)
Uzunluğu: təxminən 20,9 m
Qanad açılımı: təxminən 13-14 m
Maksimal uçuş çəkisi: təxminən 36 000 kq
Mühərriklər: iki ədəd WS-10C “afterburner”li turboreaktiv mühərrik, gələcəkdə WS-15 ilə əvəzlənməsi ehtimal olunur
Maksimal sürət: təxminən 2 130 km/saat/“Mach 2,0”
Uçuş məsafəsi: təxminən 2 000 km
Xidmət tavanı: təxminən 20 000 m
Silahlanma: daxili silah bölmələri və xarici asqı nöqtələri, ümumi faydalı yük qabiliyyəti 11 000 kq
Ekipaj: 1 nəfər



Çinin əsas beşinci nəsil qırıcısı “Chengdu” J-20, digər adı ilə “Mighty Dragon” əsasən uzaqmənzilli önləmə və hava üstünlüyü üçün hazırlanıb. Ön üfüqi sükanlı delta qanad sxeminə malik J-20 “stealth”, sürət və məsafə üçün layihələndirilib. AESA radarı və qabaqcıl məlumatların birləşdirilməsi sistemi ilə təchiz edilən təyyarə müasir proqram təminatına malikdir. Artıq istismardadır və kütləvi istehsal olunur. J-20 Çinin hərbi ambisiyalarını və texnoloji inkişafını nümayiş etdirir. Təyyarə Çinin girişin məhdudlaşdırılması/ərazinin inkarı strategiyasında mühüm rol oynayır və yaxın gələcəkdə də qüvvə strukturunun əsas elementlərindən biri olacaq.

“Dassault Rafale” Avropa İttifaqının Ən Qabiliyyətli Qırıcısıdır

İstismara qəbul olunma ili: 2001 (Fransa Hərbi Dəniz Qüvvələrində), 2006 (Fransa Hərbi Hava Qüvvələrində)
İstehsal sayı: 2024-cü ilədək təxminən 240-dan çox (ixrac sifarişləri üçün istehsal davam edir)
Uzunluğu: 15,3 m
Qanad açılımı: 10,9 m
Maksimal uçuş çəkisi: təxminən 24 500 kq
Mühərriklər: iki ədəd “Safran” M88-2 “afterburner”li turboreaktiv mühərrik
Maksimal sürət: təxminən 1 915 km/saat/“Mach 1,8”
Döyüş radiusu: təxminən 1 850 km, əlavə yanacaq çənləri ilə uçuş məsafəsi təxminən 3 700 km
Xidmət tavanı: təxminən 15 240 m
Silahlanma: 14 asqı nöqtəsi (“Rafale M” versiyasında 13), ümumi faydalı yük 9 500 kq
Ekipaj: 1 nəfər (“Rafale C” və M), 2 nəfər (“Rafale B”)



Fransada istehsal olunan dördüncü nəsil plyus kateqoriyalı “Rafale” hazırda istehsalda olan ən qabiliyyətli Avropa İttifaqı qırıcılarından biri hesab edilir. Bu ilin əvvəlində Hindistanın Pakistana endirdiyi hava zərbəsi zamanı bir “Rafale”in vurulması ilə gündəmə gəlsə də, ən yeni F4 variantı gücləndirilmiş əlaqə imkanları, süni zəka dəstəyi ilə texniki xidmət və MICA NG və SCALP kimi yeni raketlərlə inteqrasiya olunmuş yüksək qabiliyyətli platformadır. “Rafale” dərin zərbə, hava üstünlüyü, nüvə çəkindirmə və kəşfiyyat tapşırıqlarını icra edə bilir. Təyyarə yüksək missiya çevikliyi və sübut olunmuş döyüş təcrübəsi ilə əsl çoxməqsədli qırıcıdır.

“Eurofighter Typhoon” Yüksək Uyğunlaşma Qabiliyyətinə Malikdir

İstismara qəbul olunma ili: 2003
İstehsal sayı: 609 (+7 prototip)
Uzunluğu: 15,96 m
Qanad açılımı: 10,95 m
Maksimal uçuş çəkisi: 23 500 kq
Mühərriklər: iki ədəd “Eurojet” EJ200 “afterburner”li turboreaktiv mühərrik
Maksimal sürət: 2 495 km/saat/“Mach 2,35”
Döyüş radiusu: 1 389 km
Xidmət tavanı: 16 764 m
Silahlanma: bir ədəd 27 mm-lik “Mauser” BK-27 topu, 13 asqı nöqtəsi, ümumi faydalı yük 9 000 kq
Ekipaj: variantdan asılı olaraq 1-2 nəfər



Böyük Britaniya, Almaniya, İtaliya və İspaniyanın birgə müdafiə proqramı çərçivəsində hazırlanmış “Eurofighter Typhoon” mükəmməl aerodinamika və manevr qabiliyyəti ilə seçilən müasir təyyarədir. Onun modul arxitekturası yeni texnologiyaların asan inteqrasiyasına imkan verir və bu da dördüncü nəsil plus kateqoriyalı platformanın uzun müddət aktual qalmasını təmin edir. “Typhoon” həm “hava-hava”, həm də “hava-yer” tapşırıqlarında yüksək nəticə göstərir. 2040-cı illərə qədər planlaşdırılan modernizasiya proqramları ilə “Typhoon”un Avropanın müdafiəsində daha bir nəsil boyu mühüm rol oynayacağı gözlənilir.

İsveçin JAS 39E “Gripen” Təyyarəsi Yüksək Xərc Səmərəliliyi Təklif Edir

İstismara qəbul olunma ili: 1996
İstehsal sayı: təxminən 300
Uzunluğu: 14,9 m (JAS 39C/E)/15,6 m (JAS 39D/F)
Qanad açılımı: təxminən 8,4 m
Maksimal uçuş çəkisi: 14 000 kq
Mühərrik: bir ədəd GE F414G “afterburner”li turboreaktiv mühərrik (E/F variantları)
Maksimal sürət: 2 100 km/saat/“Mach 2”
Uçuş məsafəsi: 800 km
Xidmət tavanı: 15 240 m
Silahlanma: 27 mm-lik “Mauser” BK-27 topu (iki yerlik variantlarda yoxdur), o cümlədən AIM-9 “Sidewinder” “hava-hava” raketləri, AGM-65 “Maverick” “hava-yer” raketləri və RBS-15 gəmi əleyhinə raketləri
Ekipaj: variantdan asılı olaraq 1-2 nəfər


“Saab JAS 39E Gripen”, xüsusilə yeni E variantı İsveçin bu günə qədər hazırladığı ən müasir qırıcıdır. Qabaqcıl imkanlara malik və xərc baxımından səmərəli çoxməqsədli qırıcı kimi layihələndirilən JAS 39E GE F414 mühərriki ilə artırılmış yanacaq tutumuna malikdir. E variantı həmçinin Raven ES-05 AESA radarı, “Skyward-G” infraqırmızı axtarış və izləmə sistemi və qabaqcıl radioelektron mübarizə kompleksi daxil olmaqla tamamilə yeni avionik dəst ilə təchiz olunub. Bütün bunlar birlikdə mübahisəli hava məkanında yüksək sağqalma qabiliyyətinə malik platforma formalaşdırır.

Dəyanət Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Dünya   Qırıcı   Təyyarə  


Bizi "telegram"da izləyin