Haluk Görgün Varşavada Polşa ilə müdafiə əməkdaşlığını müzakirə edib

2026/06/1781254554.jpg
Oxunub: 280     12:55     12 İyun 2026    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin rəhbəri professor Haluk Görgün Polşanın paytaxtı Varşavada keçirdiyi görüşlərdə iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın gələcək perspektivlərini müzakirə edib.

Ordu.az xəbər verir ki, Haluk Görgün Polşanın baş nazirinin müavini və milli müdafiə naziri Vladislav Kosinyak-Kamış ilə görüşüb.

Tərəflər müdafiə sənayesində əməkdaşlıq istiqamətləri, texnologiya paylaşımı, insansız sistemlər və qarşılıqlı investisiya imkanları barədə fikir mübadiləsi aparıblar.

Haluk Görgün bildirib ki, Türkiyə ilə Polşa arasındakı münasibətlər köklü dostluq, güclü müttəfiqlik əlaqələri və ortaq təhlükəsizlik anlayışı əsasında inkişaf etməkdə davam edir.

Onun sözlərinə görə, Varşavada keçirilən görüş zamanı mövcud müdafiə sənayesi əməkdaşlığı ilə yanaşı, gələcək birgə layihələr və yeni əməkdaşlıq sahələri də müzakirə olunub.

Görgün qeyd edib ki, NATO-nun həmrəylik ruhu və ortaq məsuliyyət anlayışı çərçivəsində iki ölkə arasında strateji əməkdaşlığın daha da gücləndirilməsi imkanları dəyərləndirilib.

Polşa Müdafiə Nazirliyinin yaydığı məlumata görə, görüşdə hərbi-texniki əlaqələrin inkişafı, müdafiə sənayesi sahəsində birgə fəaliyyətlərin dərinləşdirilməsi və sənaye imkanlarının qarşılıqlı şəkildə gücləndirilməsi məsələləri müzakirə olunub.

Tərəflər xüsusilə insansız sistemlər sahəsində əməkdaşlıq imkanlarına diqqət yetiriblər.

“Bayraktar” Pilotsuz Uçuş Aparatlarının (PUA) istifadəsi üzrə imkanların artırılması, əməliyyat təcrübəsinin paylaşılması və birgə fəaliyyət sahələrinin genişləndirilməsi görüşün əsas mövzularından biri olub.

Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış bildirib ki, müzakirə olunan məsələlərdən biri də “Bayraktar” PUA-larının istifadəsi ilə bağlı olub. “Biz bu sistemlərdən istifadə imkanlarının daha da genişlənməsini istəyirik”, - deyə o vurğulayıb.

Görüş zamanı müasir texnologiyaların mümkün transferi, müdafiə sənayesi ekosistemləri arasında daha güclü əlaqələrin qurulması və qarşılıqlı investisiyaların artırılması məsələləri də nəzərdən keçirilib.

Kosinyak-Kamış Türkiyə ilə hərbi, siyasi və sənaye əlaqələrinin yüksək səviyyədə olduğunu bildirərək qeyd edib ki, qarşılıqlı investisiyalar həyata keçirildikdən sonra münasibətlər daha da inkişaf edəcək.

Son illərdə Türkiyə ilə Polşa arasında müdafiə sənayesi əməkdaşlığı nəzərəçarpacaq dərəcədə genişlənib. Polşa 2021-ci ildə imzalanmış təxminən 270 milyon dollarlıq müqavilə çərçivəsində 24 ədəd “Bayraktar” TB2 PUA tədarük edib və NATO ilə Avropa İttifaqına üzv ölkələr arasında bu sistemi istifadə edən ilk dövlət olub.

Sistemlərin təhvili 2024-cü ildə başa çatdırılıb və onlar hazırda Polşa Hərbi Hava Qüvvələri tərəfindən aktiv şəkildə istifadə olunur. Əməkdaşlıq yalnız PUA-larla məhdudlaşmayıb.

ASELSAN 2024-cü ildə Polşa Ordusu üçün hazırlanan “LOTR-Kleszcz” kəşfiyyat maşınlarına radar və elektro-optik sistemlərin tədarükü ilə bağlı müqavilə imzalayıb.

2025-ci ildə isə şirkət radioelektron mübarizə sistemlərinin ixracını nəzərdə tutan təxminən 410 milyon dollarlıq müqavilə bağlayıb. Bu müqavilə ASELSAN-ın tarixində ən böyük radioelektron mübarizə ixrac layihələrindən biri hesab olunur. Polşa həmçinin Türkiyə müdafiə sənayesinin yeni nəsil insansız sistemlərinə də maraq göstərir.

2024-cü ildə Polşadan olan yüksək səviyyəli nümayəndə heyətləri ASELSAN və “Sefine” gəmiqayırma zavodu tərəfindən hazırlanmış MARLİN insansız dəniz platformasını yerində incələyərək mümkün əməkdaşlıq istiqamətlərini dəyərləndiriblər.

Bundan başqa, Polşanın silahlanmasında olan “Bayraktar” TB2 platformalarına AESA radarlarının inteqrasiyası üzrə aparılan işlər iki ölkə arasında texnoloji əməkdaşlığın səviyyəsini nümayiş etdirir.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin həyata keçirdiyi müdafiə diplomatiyası fəaliyyəti ölkənin Avropa müdafiə bazarındakı mövqeyini gücləndirərkən, Polşanı da Türkiyə müdafiə sənayesinin əsas strateji tərəfdaşlarından birinə çevirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Polşa   Görgün  


Bizi "telegram"da izləyin