Erməni siyasi xadim: “Ermənistan hakimiyyəti müxalif qüvvəyə qarşı siyasi “vendetta” həyata keçirir”

2026/06/1781255363.jpg
Oxunub: 216     13:02     12 İyun 2026    
“Çiçəklənən Ermənistan” Partiyasının mətbuat katibi İveta Tonoyan hakimiyyəti partiyanın parlamentə düşməsinin qarşısını almaqda ittiham edib.

Ordu.az xəbər verir ki, bu barədə o, iyunun 12-də keçirilən mətbuat konfransında bildirib.

Tonoyan qeyd edib ki, hakimiyyət “Çiçəklənən Ermənistan” Partiyasının parlamentdə təmsil olunmaması üçün bütün mümkün vasitələrdən istifadə edir.

Xatırladaq ki, Ermənistan Mərkəzi Seçki Komissiyası iyunun 11-də keçirilən növbədənkənar iclasında 10/51 və 35/65 nömrəli seçki məntəqələrində səsvermənin nəticələrini etibarsız hesab edib.

Tonoyanın sözlərinə görə, seçki prosesinə birbaşa müdaxilə edilir, seçkilərin şəffaflığı və legitimliyi pozulur.

O bildirib ki, səsvermə başa çatdıqdan sonra nəticələr davamlı şəkildə dəyişdirilib və partiya səslərin yenidən hesablanmasını tələb edib.

“Yenidən hesablamanın nəticələrinə görə, partiyamız parlamentə keçmək üçün lazım olan səs sayından iki dəfə artıq səs qazanmışdı”, - deyə Tonoyan vurğulayıb.

Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyası Nikol Paşinyanın “Çiçəklənən Ermənistan” Partiyasını parlamentə buraxmamaq istəyini həyata keçirib və partiyanın daha çox səs topladığı seçki məntəqələrinin nəticələri etibarsız sayılıb.

“Bu, demokratiyaya, qəbul edilmiş və edilməmiş bütün normalara birbaşa zərbədir. Bu, müxalif qüvvəyə qarşı siyasi “vendetta”dır”, - deyə Tonoyan bildirib.

O qeyd edib ki, ekspertlər və ictimaiyyət nümayəndələri yaranmış vəziyyətlə bağlı partiyaya dəstək ifadə ediblər.

Tonoyanın fikrincə, baş verənlər seçkilərin nəticələrinin legitimliyini və vətəndaşların sərbəst seçim hüququnun həyata keçirilməsini şübhə altına alır.

Partiyanın nümayəndəsi Elinar Vardanyan isə məsələnin hüquqi tərəflərinə toxunaraq bildirib ki, Ermənistan Mərkəzi Seçki Komissiyası həmin məntəqələrdə nəticələrin yekun nəticələrə necə təsir etdiyini nəzərdən keçirməyib.

Onun sözlərinə görə, hər bir halda həmin seçki məntəqələrində təkrar səsvermə keçirilməlidir.

Vardanyan qeyd edib ki, “Çiçəklənən Ermənistan” Partiyası təkrar səsvermə tələbi ilə yanaşı, məhkəməyə də müraciət etməyi planlaşdırır.

“Bu qərarın siyasi xarakter daşıdığı və partiyanı parlamentdən kənarda saxlamaq üçün bütün imkanlardan istifadə edildiyi aydındır”, - deyə o bildirib.

Vardanyan həmçinin partiyadan deputatlığa namizəd Areqnaz Manukyanın evində aparılan axtarışı xuliqanlıq adlandırıb.

Onun sözlərinə görə, hüquq-mühafizə sistemi hakimiyyətin qanunsuz qərarlarına xidmət etmək üçün istifadə olunur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tonoyan  


Bizi "telegram"da izləyin