Ordu.az xəbər verir ki, bu barədə o, iyunun 12-də Ermənistan Mərkəzi Seçki Komissiyasının binası qarşısında jurnalistlərə açıqlamasında bildirib.
Vardevanyan qeyd edib ki, təqdim olunan sənəddə həm səsvermədən əvvəl, həm də seçki günü qeydə alınmış genişmiqyaslı pozuntular əks olunub.
Onun sözlərinə görə, müraciətdə səslərin yenidən sayılması və seçkilərin nəticələrinin etibarsız hesab olunması tələb edilir.
Erməni hüquqşünas bunu inzibati resurslardan görünməmiş şəkildə istifadə olunması, qorxu mühitinin yaradılması və siyasi təqiblərin genişlənməsi ilə əlaqələndirib.
Vardevanyan bildirib ki, Mərkəzi Seçki Komissiyası müraciətə seçkilərin yekunlarının müzakirə olunacağı qarşıdakı bazar günü baxmağa borcludur.
O qeyd edib ki, hakim “Vətəndaş Müqaviləsi” partiyası əslində seçki prosesində məğlub olub və vətəndaşların real etimad səsini qazana bilməyib.
“Paşinyanın ötən gün dedikləri biabırçılıq idi. Seçkilərdə iştirak edən vətəndaşlarımızın təxminən 100 min səsi pasportların normal işləməsi nəticəsində deyil, məlumatların mütəxəssis tərəfindən sistemə daxil edilməsi yolu ilə formalaşıb. Bu problemdirmi? Bəli. Çünki verifikasiya prosesində hər şey düzgün aparılmalıdır. Əgər belə olmayıbsa, bu ciddi problemdir və söhbət 100 min səsdən gedir”, - deyə Vardevanyan vurğulayıb.
O, həmçinin 17 minə çatan etibarsız bülletenlərin sayına diqqət çəkib.
Vardevanyanın sözlərinə görə, bunun səbəbi hakimiyyətin seçkilərdən dərhal əvvəl qəbul etdiyi təcili qanunvericilik dəyişiklikləri olub.
“Həmin dəyişikliklər “Güclü Ermənistan” blokunun Samvel Karapetyanın adından istifadə etməsinin qarşısını almaq məqsədi daşıyıb. Seçki məntəqəsinin dəyişdirilməsi ilə bağlı 5 min vətəndaşın müraciəti əsassız şəkildə rədd edilib. Bundan başqa, seçki məntəqələrində müxalifətin səlahiyyətli nümayəndələrinə qarşı fiziki təzyiq halları və qanunsuz həbslər qeydə alınıb”, - deyə o qeyd edib.
Vardevanyan yekunda bildirib ki, mövcud şəraitdə məhkəmə yolu effektiv görünməsə də, blok siyasi fəaliyyətlə paralel olaraq bütün hüquqi mexanizmlərdən istifadə etməyə borcludur.
O xatırladıb ki, blokun lideri Samvel Karapetyan artıq bir ildir qanunsuz olaraq həbsdə saxlanılır.
Alpər Mövludoğlu
Ordu.az