Tramp administrasiyası iranlıları Mərkəzi Afrika Respublikasına deportasiya etməyi planlaşdırır

2026/06/1781106365.jpg
Oxunub: 187     09:08     12 İyun 2026    
ABŞ Prezidenti Donald Trampın administrasiyası İran vətəndaşlarından ibarət bir qrup şəxsi, eləcə də digər miqrantları üçüncü ölkələrdən deportasiya olunanların qəbulu üzrə razılaşma çərçivəsində Mərkəzi Afrika Respublikasına göndərməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi əməliyyatın hazırlanması ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Vəkil Emili Trostlin sözlərinə görə, deportasiya olunacaq şəxslər arasında İrana qaytarılacağı təqdirdə təqiblərlə üzləşə biləcək iki iranlı qadın da var. Onlardan biri xristianlığı qəbul edib, digəri isə demokratiya tərəfdarı olan fəaldır.

Hər iki qadın 2024-cü ilin noyabrında ABŞ-yə gəldikdən sonra saxlanılıb. Onlar sığınacaq üçün müraciət edib və ABŞ miqrasiya məhkəməsindən vətənlərinə məcburi qaytarılmadan müdafiə statusu alıblar.

Mənbələrin məlumatına görə, Mərkəzi Afrika Respublikasına ilk reyslə təxminən 20 nəfər göndərilə bilər. Gözlənilir ki, təyyarədə iranlılarla yanaşı, Suriya, Əfqanıstan və Türkiyə vətəndaşları da olacaq.

“Reuters”in məlumatına əsasən, deportasiya olunan şəxslər ilkin mərhələdə ölkənin paytaxtı Bangidə yerləşən mənzillərdə məskunlaşdırılacaqlar. Onların dərhal mənşə ölkələrinə göndərilməsi nəzərdə tutulmur.

Mənbə bildirib ki, gələcəkdə bu razılaşma çərçivəsində yüzlərlə miqrant Mərkəzi Afrika Respublikasına göndərilə bilər.

ABŞ administrasiyası bu cür razılaşmalardan hüquqi səbəblərə görə birbaşa vətənlərinə göndərilməsi çətin olan şəxslərin deportasiyası üçün istifadə edir.

Vaşinqton bu tədbirlərin qanuni olduğunu bildirir. Lakin insan hüquqları təşkilatları belə razılaşmaların qeyri-şəffaf olduğunu vurğulayır və deportasiya olunan şəxslərin sonrakı taleyi ilə bağlı narahatlıqlarını ifadə edirlər.

Beynəlxalq Miqrasiya Təşkilatı isə bəyan edib ki, Mərkəzi Afrika Respublikası hakimiyyətinin müraciəti əsasında ölkəyə gətiriləcək şəxslərə çatdıqdan sonra humanitar yardım göstərəcək. Təşkilat vurğulayıb ki, bu prosesdə iştirakı yalnız könüllü əsasda və beynəlxalq standartlara uyğun şəkildə həyata keçiriləcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   Afrika  


Bizi "telegram"da izləyin