ABŞ Küveyt üçün NASAMS sistemlərinin tədarükünə dair müqavilə imzalayıb

2026/05/nazas-1780046801.jpg
Oxunub: 269     13:18     29 May 2026    
ABŞ Müharibə Nazirliyi Küveytə NASAMS Milli Qabaqcıl Yerüstü “Hava-hava” Raket Sistemi buraxılış qurğularının tədarükü üçün “Raytheon” şirkəti ilə 1 milyard dollar dəyərində müqavilə bağlayıb.

Ordu.az xəbər verir ki, müqavilə çərçivəsində işlər ABŞ-nin Massaçusets ştatının Tyuksberi şəhərində həyata keçiriləcək.

Layihənin 2031-ci ilin may ayına qədər tamamlanması planlaşdırılır.

“Raytheon” proqramın idarə olunmasına cavabdeh olan ABŞ Quru Qoşunlarının Alabama ştatının Redston şəhərində yerləşən Müqavilələr Komandanlığı ilə koordinasiyalı şəkildə fəaliyyət göstərəcək.

NASAMS orta və uzaqmənzilli yüksək partlayış qabiliyyətli qəlpəli döyüş başlıqlarından istifadə edən yerüstü hava hücumundan müdafiə sistemi hesab olunur. Sistem eyni anda altı raket daşıya bilir və sabitqanadlı təyyarələrə, helikopterlərə, pilotsuz uçuş aparatlarına və qanadlı raketlərə qarşı istifadə olunur.

Məlumata görə, NASAMS sisteminin maksimal nişanalma məsafəsi 60 kilometrə çatır. Kompleks 21 min metr hündürlüyə qədər hədəflərə atəş aça bilir. Sistemin müstəqil sensorları isə təhdidləri təxminən 120 kilometr məsafədən aşkarlamaq imkanına malikdir.

Qeyd olunur ki, müqavilə Küveytin İran mənşəli raket və pilotsuz uçuş aparatı təhdidlərindən sonra sürətlənən yenidən silahlanma proqramı ilə eyni dövrə təsadüf edir. Tehran isə bu hücumları ABŞ və İsrailin də iştirak etdiyi daha geniş regional qarşıdurmalara cavab xarakterli addımlar kimi qiymətləndirir.

Məlumata görə, Küveyt son illərdə müdafiə sahəsinə böyük investisiyalar yatırıb. Ölkə dəniz döyüş sistemlərinə 370 milyon dollar, gələcəkdə istismara veriləcək “Al Dorra” sinfinə məxsus raket katerlərinin korpuslarının inkişaf proqramına isə əlavə 467 milyon dollar ayırıb.

Bununla yanaşı, Küveyt müdafiə sənayesində yerli istehsal imkanlarını artırmağa çalışır. Bu məqsədlə ölkə 2026-cı ilin fevralında NATO standartlarına uyğun yüngül döyüş sursatları istehsal edən zavodu istifadəyə verib.

Layihənin məqsədi müdafiə sahəsində özünütəminetmə səviyyəsini yüksəltməkdir. ABŞ də bu prosesdə Küveytə dəstəyini davam etdirir.

Vaşinqton administrasiyası 2026-cı ilin yanvarında Küveytin “Patriot” hava hücumundan müdafiə və raketdən müdafiə sistemlərinin istismarına dəstək məqsədilə 800 milyon dollarlıq yardım paketini təsdiqləmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Küveyt   NASAMS  


Bizi "telegram"da izləyin