Cil Bayden həyat yoldaşının debatdakı çıxışının onu dəhşətə gətirdiyini deyib

2026/05/1780032002.jpg
Oxunub: 343     09:13     29 May 2026    
ABŞ-nin keçmiş birinci xanımı Cil Bayden bildirib ki, 2024-cü ildə həyat yoldaşı, keçmiş Prezident Co Baydenin televiziya debatındakı uğursuz çıxışı zamanı onun insult keçirə biləcəyindən qorxub.

Ordu.az xəbər verir ki, bu barədə o, “CBS News”un “Sunday Morning” proqramına müsahibəsində danışıb.

“Mən çox qorxmuşdum, çünki bundan əvvəl də, sonra da Conu heç vaxt belə vəziyyətdə görməmişdim”, - deyə Cil Bayden bildirib.

Onun sözlərinə görə, debatdakı çıxış onu son dərəcə narahat edib.

Keçmiş birinci xanım etiraf edib ki, həmin dövrdə ABŞ Prezidenti fiziki baxımdan zəifləyirdi. Bununla belə, o, Baydendə idrak qabiliyyətlərinin pisləşməsinə dair əlamətlər müşahidə etmədiyini bildirib.

Söhbət 2024-cü il iyunun 27-də Co Bayden ilə həmin dövrdə respublikaçıların namizədi olan Donald Tramp arasında keçirilən televiziya debatından gedir.

Baydenin çıxışı Demokratlar Partiyasında ciddi narahatlıq doğurmuşdu. O, boğuq səslə danışır, cavablarda çaşqınlıq yaşayır, fikirlərini davam etdirməkdə və mövqeyini ifadə etməkdə çətinlik çəkirdi.

Ən çox müzakirə olunan məqamlardan biri isə Baydenin vergilər və dövlət borcu ilə bağlı suala cavab verərkən fikrini gözlənilmədən “Baxın, biz nəhayət Medicare-i məğlub etdik” sözləri ilə tamamlaması olmuşdu.

Həmin vaxt Baydenin 81 yaşı var idi. Onun seçki qərargahı zəif çıxışı soyuqdəymə və debatdan əvvəlki gərgin səfər qrafiki ilə izah etmişdi.

Buna baxmayaraq, debatdan dərhal sonra Cil Bayden tərəfdarları qarşısında çıxış edərək həyat yoldaşına dəstək verib.

“Co, sən əla öhdəsindən gəldin. Sən bütün sualları cavablandırdın, bütün faktları bilirdin”, - deyə o vurğulayıb.

Daha sonra Bayden ailəsi “Waffle House” restoranına baş çəkib. Co Bayden isə jurnalistlərə “Düşünürəm ki, yaxşı çıxış etdik” deyib.

“CBS News”un məlumatına görə, debatdan sonra ailə Kemp-Devid iqamətgahında toplaşıb və ilkin mərhələdə Baydenin yenidən seçilməsi uğrunda mübarizəni davam etdirməsini dəstəkləyib.

Lakin Demokratlar Partiyası daxilində təzyiq sürətlə artıb və nəticədə Bayden 2024-cü il iyulun 21-də namizədliyini geri götürərək demokratların yeni namizədi kimi vitse-prezident Kamala Harrisi dəstəkləyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Bayden  


Bizi "telegram"da izləyin