ABŞ-də Trampın portreti olan 250 dollarlıq əskinas layihəsi müzakirə olunur

2026/05/1780031586.jpg
Oxunub: 316     09:08     29 May 2026    
ABŞ Maliyyə Nazirliyi Prezident Donald Trampın təsviri olan 250 dollarlıq yeni əskinasın dizaynı üzərində işləyir və bununla bağlı Konqresin qərarını gözləyir.

Ordu.az xəbər verir ki, bu barədə Ağ Evdə keçirilən brifinqdə ABŞ maliyyə naziri Skott Bessent məlumat verib.

Onun sözlərinə görə, qüvvədə olan qanunvericilik pul nişanlarının üzərində yaşayan şəxslərin portretlərinin yerləşdirilməsini qadağan edir. Lakin ABŞ-nin 250 illiyinə həsr olunacaq yubiley seriyası üçün istisna nəzərdə tutan qanun layihəsi hazırda Konqresdə müzakirə olunur.

Layihə respublikaçı konqresmen Co Uilson tərəfindən təqdim edilib və 2025-ci il fevralın 1-dən etibarən Nümayəndələr Palatasının Maliyyə Xidmətləri Komitəsində baxılır.

Bessent bildirib ki, Maliyyə Nazirliyi qabaqlayıcı hazırlıq işləri aparır, lakin bütün addımlar qanun çərçivəsində atılacaq.

“NBC News”a danışan Uilsonun nümayəndəsi bildirib ki, konqresmen qanun layihəsini komitə sədri Frenç Hill ilə müzakirə edib və Ağ Evin, eləcə də Maliyyə Nazirliyinin dəstəyini alıb.

Mənbələrin sözlərinə görə, sənəd artıq dinləmələrin keçirilməsi üçün ilkin razılıq əldə edib.

Layihə qəbul edilərsə, yeni əskinas ABŞ-nin yubiley tədbirləri paketinin bir hissəsinə çevriləcək. Bundan əvvəl isə Maliyyə Nazirliyi yeni əskinas seriyalarında Trampın imzasının yer alacağını açıqlamışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Tramp  


Bizi "telegram"da izləyin