Ordu.az xəbər verir ki, bu barədə “France-Presse” agentliyi məlumat yayıb.
Məlumata görə, deputat Antuan Ragerison Ali Konstitusiya Məhkəməsinə müraciət edərək ölkəyə oktyabr ayından rəhbərlik edən polkovnik Maykl Randrianirinanın vəzifədən uzaqlaşdırılmasını tələb edib.
O, Randrianirinanı “konstitusiyanın ciddi və sistemli şəkildə pozulması”, o cümlədən vəzifəyə təyin olunma prosesi zamanı yol verilən qanun pozuntularına görə dövlətə xəyanətdə ittiham edib.
Lakin məhkəmə iddianın dövlət başçısının vəzifədən uzaqlaşdırılması ilə bağlı konstitusiya tələblərinə uyğun olmadığını əsas gətirərək onu qəbuledilməz sayıb.
“Buna görə də müraciət qanunsuz hesab olunur və qəbuledilməz elan edilməlidir”, - deyə məhkəmə bildirib.
Randrianirina hakimiyyətə keçmiş prezident Andri Rajoelinanın su və enerji çatışmazlığına qarşı keçirilən gənclər etirazları səbəbindən ölkədən qaçmasından sonra gəlib.
Bildirilib ki, ilkin ümidlər sonradan zəifləyib və Madaqaskar gəncləri son həftələrdə islahatların ləng tempinə qarşı etiraz aksiyaları keçiriblər.
Hüquq müdafiə təşkilatları hakimiyyətin etirazçıları saxladığını və sərt üsullardan istifadə etdiyini açıqlayıb. Keçid dövrü üzrə yol xəritəsində 2027-ci ilin sonuna qədər yeni konstitusiyanın qəbul olunması və prezident seçkilərinin keçirilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, Madaqaskar dəfələrlə siyasi böhranlarla üzləşib və 2020-ci ildən etibarən Mali, Burkina-Faso və Nigerdə baş verən çevrilişlərdən sonra hərbi idarəetməyə keçən Afrikadakı son keçmiş Fransa müstəmləkəsidir.
Madaqaskar dünyanın ən kasıb ölkələrindən biri hesab olunur. Buna baxmayaraq, ölkə dünyanın ən böyük vanil istehsalçısıdır və zəngin biomüxtəlifliyə malikdir.
Sevinc Əliyeva
Ordu.az