Kosmosda nəhəng güc birliyi: TÜRKSAT və ROKETSAN əl-ələ verdi

2026/05/1779986446.jpg
Oxunub: 375     20:39     28 May 2026    
TÜRKSAT və ROKETSAN arasında imzalanmış “Peyk Buraxılışı və Kosmik Sistemlər Sahəsində Əməkdaşlıq Protokolu” çərçivəsində peyk və kosmik proqramlar üzrə birgə fəaliyyətlərin həyata keçirilməsi hədəflənir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyinin TÜRKSAT AŞ-nin 2025-ci il fəaliyyət hesabatından əldə olunan məlumata görə, Özbəkistan Müdafiə Nazirliyinin tərkibində peyk rabitə infrastrukturunun qurulmasına yönəlmiş layihə üzrə keçirilən irəliləyiş toplantılarında sahə tələbləri və sistem arxitekturası qiymətləndirilib.

Ötən il çatdırılma prosesi tamamlanan avadanlıqlarla “Ku” diapazonlu keçid peyk yer stansiyası, mobil və sabit terminalların quraşdırılması başa çatdırılıb. Sistemin bu il istifadəyə verilməsi gözlənilir.

Afrika qitəsində bir çox ölkədə xidmət göstərilməsi davam edir

TÜRKSAT milli və beynəlxalq hərbi qurumların ehtiyac duyduğu təhlükəsiz və fasiləsiz rabitə infrastrukturunu əlavə dəyərli xidmətlərlə təqdim edir.

Daxili və xarici tələblər yerli peyk donanması çərçivəsində qarşılanarkən, əhatə dairəsindən kənarda qalan bölgələrdə qlobal əməkdaşlıqlar vasitəsilə xidmət göstərilərək bu sahə strateji gəlir mənbəyinə çevrilib. Bu istiqamətdə Afrika qitəsində bir çox ölkədə xidmət göstərilməsi davam edir.

Qlobal əməkdaşlıqlar vasitəsilə əldə edilən gəlir həcmində nəzərəçarpacaq artım qeydə alınıb. Belə ki, 2024-cü ildə 3,4 milyon dollar olan gəlir 2025-ci ildə 7,1 milyon dollar səviyyəsinə yüksəlib.

Bundan əlavə, Özbəkistan Müdafiə Nazirliyi ilə həyata keçirilən çox kiçik aperturalı terminal mərkəzi, avadanlıq və peyk tutumu təminatı layihəsi xarici hərbi qurumlarla əməkdaşlıq baxışını daha da gücləndirib.

TÜRKSAT peyk məlumat rabitəsi sahəsində yalnız tutum təqdim edən operator olmaqdan çıxaraq rəqəmsal transformasiyanın həll tərəfdaşına çevrilib. Korporativ, dövlət, dənizçilik və mobil platformalarda istifadə olunan təxminən 7 min 600 terminal şirkətin əməliyyat qabiliyyətinin və bazardakı güclü etimadın göstəricisi olub.

TÜRKSAT peyk xidmətləri şaxələndiriləcək

Türkiyə adından ilk dəfə olaraq yaxın orbit və orta orbit peyk qruplaşma sistemləri ilə bağlı Beynəlxalq Telekommunikasiya Birliyi nəzdində beynəlxalq müraciətlər həyata keçirilib və bununla da geostasionar olmayan orbitlər sahəsində ilk konkret addımlar atılıb.

Sözügedən peyk qruplaşması şəbəkə müraciətləri TÜRKSAT tərəfindən texniki-iqtisadi əsaslandırma işləri aparılan yaxın orbit və orta orbit peyk layihələri üçün orbit və spektr hüquqlarının əldə olunması baxımından strateji addım hesab olunur.

Digər tərəfdən, qlobal miqyasda yaxın orbit və orta orbit peyk qruplaşması operatorları ilə strateji əməkdaşlıqlar həyata keçirilir.

Aparılan işlər çərçivəsində TÜRKSAT peyk xidmətlərinin şaxələndirilməsi və çoxorbitli peyk sistemləri üzərindən həllərin təqdim olunması mümkün olacaq.

İki köklü qurum təcrübələrini paylaşacaq

TÜRKSAT və ROKETSAN arasında peyk rabitə sistemləri, buraxılış texnologiyaları və orbitə çıxış sahəsində əməkdaşlığın genişləndirilməsi, dizayn və istehsal qabiliyyətlərinin inkişaf etdirilməsi məqsədilə ötən il “Peyk Buraxılışı və Kosmik Sistemlər Sahəsində Əməkdaşlıq Protokolu” imzalanıb.

Protokol çərçivəsində tərəflərin öz təcrübələrini bir-birinə ötürməsi, tətbiq oluna bilən texnologiyaların sənayeyə qazandırılması, zəruri hallarda planlaşdırılan layihə və fəaliyyətlərin birgə həyata keçirilməsi, hazırlanmış məhsulların tərəflərin məsuliyyətində olan peyk və kosmik proqramlarda istifadəsi üzrə ortaq işlərin aparılması nəzərdə tutulur.

İki köklü qurum müxtəlif sahələrdəki təcrübələrini bir araya gətirərək ölkə daxilində və xaricində peyk rabitəsi və kosmik layihələrdə güc birliyi yaradacaq.

Coğrafi əhatə dairəsi genişləndirildi

TÜRKSAT Rəsədxanası ötən il ərzində planlaşdırılmış rutin müşahidə fəaliyyətlərini uğurla davam etdirərkən, yerli müşahidə proqramları ilə yanaşı müxtəlif ölkələrdən olan tədqiqat qrupları ilə birgə həyata keçirilən beynəlxalq müşahidə kampaniyalarına da töhfə verib.

Beynəlxalq əməkdaşlıq protokolu işləri çərçivəsində ilk növbədə qonşu ölkələr və türk dövlətləri olmaqla optik rəsədxana infrastrukturuna malik və əməkdaşlığa açıq qurumlarla əlaqələr qurulub.

Bu çərçivədə coğrafi əhatə dairəsi genişləndirilərək Ərəbistan yarımadası və Afrika ölkələri də prosesə daxil edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: TÜRKSAT   ROKETSAN   Kosmos  


Bizi "telegram"da izləyin