Ordu.az xəbər verir ki, Rusiya hərbi aviasiya sənayesinin qabaqcıl döyüş təyyarələrini ixrac etmək üçün diplomatik və kommersiya təmaslarını sürətləndirib.
Moskva vilayətində keçirilən Beynəlxalq Təhlükəsizlik Forumu çərçivəsində çıxış edən FSVTS direktoru Dmitri Şuqayev “Su-34”, “Su-35” və “Su-57” modellərinə xarici marağın artdığını bildirib.
Şuqayev qeyd edib ki, Rusiyanın döyüş təyyarələrinə qlobal maraq yüksəlməkdə davam edir. “Hazırda Rusiyanın bir sıra aparıcı xarici tərəfdaşları ilə bu hərbi məhsulların tədarükünə dair danışıqlar aparılır”, - deyə o bildirib.
Açıqlamada qeyd olunub ki, sözügedən təyyarələr Ukraynada və Donbasdakı “xüsusi hərbi əməliyyat zonasında” aktiv şəkildə istifadə olunur. Təyyarələrin döyüş şəraitində yüksək taktiki və texniki xüsusiyyətlərini uğurla sübut etdiyi və bunun xarici alıcıların diqqətini cəlb edən mühüm amilə çevrildiyi vurğulanıb.
Şuqayev əlavə edib ki, Rusiya hərbi aviasiya məhsullarını xarici bazara çıxarmaq üçün aktiv marketinq strategiyası həyata keçirir. Onun sözlərinə görə, potensial alıcılar üçün xüsusi nümayiş uçuşları və təqdimatlar da təşkil olunur.
Sevinc Əliyeva
Ordu.az