Yunanıstan “Spike” NLOS sistemlərini Türkiyə sərhədinə yerləşdirəcək

2026/05/1779984137.jpg
Oxunub: 577     19:55     28 May 2026    
Yunanıstan İsraildən aldığı “Spike” NLOS raket sistemlərini Türkiyəyə yaxın adalarda və Meriç xəttində yerləşdirməyə hazırlaşır.

Ordu.az Yunanıstan mətbuatına istinadən xəbər verir ki, ilk operatorların təlimi Avlonas bölgəsində intensiv şəkildə davam edir.

İlk sistemlərin yay aylarında adalara göndərilməsi planlaşdırılır. Yunanıstan Quru Qoşunları üçün alınan bütün “Spike” NLOS sistemlərinin isə ilin sonuna qədər təhvil alınmasının hədəfləndiyi bildirilib.

Məlumata görə, Yunanıstan “Spike” NLOS proqramına yüksək əməliyyat əhəmiyyəti verir. Proqramın xüsusilə Şərqi Egey adaları və Meriç bölgəsində çəkindirmə imkanlarını artırmağı hədəflədiyi qeyd olunub.

Sistemlərin dəqiq uzaqmənzilli zərbə qabiliyyəti sayəsində yeni nəsil ada müdafiə konsepsiyasının mühüm elementlərindən birinə çevriləcəyi qiymətləndirilir.

Yunan hərbi mənbələri bildiriblər ki, “Spike” NLOS klassik tank əleyhinə sistemlərdən fərqli olaraq real vaxt rejimində məlumat idarəetməsi, hədəf izləmə və şəbəkə mərkəzli əməliyyat qabiliyyəti təqdim edir.

“Spike” NLOS sistemlərinin “Orbiter” pilotsuz uçuş aparatı ilə birlikdə fəaliyyət göstərəcəyi bildirilib. Məlumata görə, “Orbiter” real vaxt rejimində kəşfiyyat, müşahidə və hədəf aşkarlama imkanları sayəsində sistemin əməliyyat effektivliyini ciddi şəkildə artıracaq.

Xüsusilə ada mühitində sahillərin, keçid xətlərinin və mümkün desant bölgələrinin izlənməsində pilotsuz uçuş aparatı dəstəyinin kritik rol oynayacağı vurğulanıb. “Orbiter”in yalnız dəstəkləyici vasitə deyil, həm də sistemin əsas sensor komponenti kimi qiymətləndirildiyi qeyd olunub.

Digər tərəfdən, Türkiyə Silahlı Qüvvələrinə məxsus silahlı pilotsuz uçuş aparatları Egey bölgəsindəki adalarda 24 saat kəşfiyyat, müşahidə və informasiya toplama fəaliyyəti həyata keçirir.

“Bahar Qalxanı” əməliyyatı zamanı 205 hərbi quru platformasının 25 gün ərzində aşkarlanması, tanınması və məhv edilməsini həyata keçirən Türkiyə Silahlı Qüvvələrinin bütün vəziyyətlərə hazır olduğu qiymətləndirilir.

Bundan əlavə, Türkiyənin müdafiə sənayesi şirkəti ROKETSAN qısa müddət əvvəl “Spike” NLOS analoqu olan, lakin daha uzaqmənzilli olması planlaşdırılan CİDA uzaqmənzilli tank əleyhinə raketinin təqdimatını keçirib.

CİDA-nın quru, dəniz və hava platformalarında istifadə olunacağı bildirilib. İndiyədək on minlərlə tank əleyhinə raket və bomba istehsal edən ROKETSAN-ın CİDA-nı da qısa müddətdə seriyalı istehsala keçirəcəyi qiymətləndirilir.

Türkiyə Silahlı Qüvvələri bu tip nəqliyyat vasitələrinə quraşdırılan və nisbətən “asan hədəf” hesab olunan tank əleyhinə raket sistemləri ilə yanaşı, KARAOK çiyindən atılan tank əleyhinə raketini də inventarına daxil edir. İnventardakı sistemlərlə İzmir şəhərində keçirilən EFES-2026 təlimi zamanı ciddi nəticələr əldə olunduğu bildirilib.

Bundan başqa, Türkiyə Silahlı Qüvvələrinin son dövrdə böyük sayda ASELSAN istehsalı radioelektron mübarizə sistemini, BAYKAR istehsalı modeli açıqlanmayan pilotsuz uçuş aparatlarını, ROKETSAN istehsalı TAYFUN ballistik raketini və hava hücumundan müdafiə sistemlərini inventarına daxil etdiyi məlumdur.

İnventara daxil olan məhsullar arasında ASELSAN istehsalı, 100 kilometrdən artıq mənzilə malik və bir F-16 döyüş təyyarəsi tərəfindən bir uçuşda 8 ədəd daşına bilən TOLUN sursatı da yer alır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Türkiyə   Spike   NLOS  


Bizi "telegram"da izləyin