Ordu.az xəbər verir ki, “Rheinmetall”ın yaydığı açıqlamada şirkətin Bundesverə 2 mindən çox hərbi logistika yük maşını tədarük etmək üçün 1 milyard 15 milyon avro dəyərində sifariş aldığı bildirilib.
Sözügedən tədarük Bundesver ilə 2024-cü ildə imzalanmış və ümumilikdə 6 min 500-ə qədər nəqliyyat vasitəsini əhatə edən çərçivə müqaviləsinin dördüncü mərhələsini təşkil edir.
Müqavilə çərçivəsində təhvil veriləcək qorunmasız logistika vasitələri 4x4 (3,5 ton), 6x6 (5 ton) və 8x8 (15 ton) olmaqla üç müxtəlif variantdan ibarətdir. Sifariş paketinə təxminən 1000 ədəd 8x8 yük maşını ilə yanaşı, təxminən 1000 ədəd 4x4 və 6x6 nəqliyyat vasitəsi daxildir.
Bu tədarüklə Almaniya ordusunun milli və kollektiv müdafiə çərçivəsində logistika daşınma qabiliyyəti və hərəkət imkanlarının artırılması hədəflənir. Hərbi yük maşınları “Rheinmetall” və “Volkswagen Group” tərkibində fəaliyyət göstərən MAN şirkətinin birgə müəssisəsi olan “Rheinmetall MAN Military Vehicles GmbH” (RMMV) tərəfindən istehsal olunacaq.
RMMV nəqliyyat vasitələrinin təhvilinə bu ilin ilk yarısında başlayacaq. Sifariş edilən vasitələrin böyük hissəsinin 2026-cı ilin sonuna qədər ordu inventarına daxil olması planlaşdırılır.
Sevinc Əliyeva
Ordu.az