Ordu.az xəbər verir ki, yazıda İsrail istehsalı olan PULS yaylım atəşli reaktiv sistemlərinin Yunanıstanın yeni çəkindirmə konsepsiyasında mühüm yer tutduğu qeyd olunub.
Təhlilə görə, Yunanıstan yalnız müdafiəyə əsaslanan strukturdan çıxaraq daha geniş mənzilli və dəqiq zərbə imkanlarına malik hərbi arxitektura formalaşdırmağı hədəfləyir.
Bu çərçivədə PULS sistemlərinin yüksək dəqiqlik, sürətli reaksiya və uzaqmənzilli zərbə imkanları sayəsində kritik hədəflərə qarşı effektiv rol oynaya biləcəyi qiymətləndirilib.
Məqalədə Yunanıstanın PULS sistemlərini inventarına daxil etməklə Egey dənizində çəkindirmə imkanlarını artırmağı planlaşdırdığı vurğulanıb.
Yazıda İsrail istehsalı olan “Spike” NLOS raket sistemlərinin də Egey adalarında yerləşdirilməsinin Yunanıstanın müdafiə planlamasında prioritet istiqamətlərdən biri olduğu bildirilib.
“Spike” NLOS sistemlərinin pilotsuz uçuş aparatları ilə inteqrasiya olunaraq real vaxt rejimində hədəf aşkarlanması və nişanalma qabiliyyəti təqdim edəcəyi qeyd olunub.
Bu strukturun Egey dənizində əməliyyat çevikliyini artırmasının hədəfləndiyi vurğulanıb. “OnAlert” təhlilində Yunanıstanın çoxqatlı hava hücumundan müdafiə şəbəkəsi yaratmaq istiqamətində gördüyü işlərə də diqqət çəkilib.
Bu çərçivədə “Spyder”, “Barak MX” və “David’s Sling” sistemləri ilə qurulması planlaşdırılan yeni hava hücumundan müdafiə arxitekturasının döyüş təyyarələri, pilotsuz uçuş aparatları, qanadlı raketlər və ballistik təhdidlərə qarşı genişmiqyaslı müdafiə təmin etməsinin nəzərdə tutulduğu bildirilib.
Sevinc Əliyeva
Ordu.az