Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın məzuniyyətdə olan baş naziri, “Vətəndaş Müqaviləsi” partiyasının seçki siyahısına rəhbərlik edən Nikol Paşinyan mayın 27-də Kotayk vilayətinin Abovyan şəhərində keçirilən mitinqdə bildirib.
Paşinyan qeyd edib ki, Belarus prezidenti Aleksandr Lukaşenkonun vaxtilə “Ermənistan kimə lazımdır?” açıqlaması siyasi nəticələr doğurmalı idi.
“Bu siyasi nəticə ondan ibarətdir ki, Ermənistan bundan sonra heç bir halda alternativsiz qalmayacaq. Biz ümidimizi bir yola, bir müttəfiqə, bir boru xəttinə bağlamayacağıq. Bizim qərbdən şərqə uzanan dəmir yolumuz var, daha əvvəl Axalkalaki-Qars dəmir yolu açılıb, ondan əvvəl isə Azərbaycan ərazisindən keçən dəmir yolu fəaliyyətə başlayıb.
Tezliklə TRIPP (Zəngəzur dəhlizi-red.) açılacaq, ərazimizdən qaz kəməri keçəcək və biz tranzit hesabına öz qazımıza sahib olacağıq. Həmin tranzitə görə bizə qazla ödəniş ediləcək. Alternativ energetikanı inkişaf etdirəcəyik”, - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi Birliyinin üzvü olaraq qaldığı müddətdə Avropa standartlarına uyğun islahatları davam etdirəcək.
“Nə vaxt seçim anı gəlsə, Ermənistan xalqı bu seçimi edəcək. Mənim ən böyük xidmətim odur ki, xalqın alternativi var və artıq heç kim deyə bilməz ki, “Ermənistan kimə lazımdır, hara gedəcək?”.
Bu gün Ermənistan sülh qovşağına çevrilir. Ermənistan həm Şərqə, həm Qərbə, həm Şimala, həm də Cənuba həyati dərəcədə lazımdır. Bütün tərəflər Ermənistan xalqına ən yaxşı təklifləri verməlidir və xalq öz seçimini edəcək”, - deyə o qeyd edib.
Paşinyan əlavə edib ki, Ermənistana qarşı təhdid xarakterli açıqlamalar verənlər yanlış davranırlar.
“Mən açıq deyirəm, siz səhv davranırsınız və hədələyici eyhamlar vurursunuz. Artıq kartofun qiymətinin 7 dram artacağını deyib Ermənistan xalqına təzyiq göstərmək olmaz.
Ermənistan artıq minlərlə və on minlərlə deyil, milyardlar və trilyonlar ölkəsidir. Bu, artıq sizin və tərəfdaşlarınızın taladığı ölkə deyil”, - deyə Paşinyan vurğulayıb.
O, həmçinin Lukaşenkonun Ermənistan əleyhinə 44 günlük müharibənin hazırlığında iştirak etdiyini etiraf etdiyini xatırladıb.
“İndi həmin adam deyir ki, Ermənistan Avropa İttifaqına gedir və burada öz agentini aktivləşdirib ki, Ermənistanı 2018-ci ildən əvvəlki kimi nəzarətdə saxlasın.
Mən açıq deyirəm. Ermənistan nəinki Avrasiya İqtisadi Birliyindən çıxmağa hazırlaşmır, hətta mən birliyin iki rəhbər orqanında eyni vaxtda təmsil olunan yeganə məmuram.
Mən bu rıçaqlardan istifadə edəcəyəm ki, Lukaşenko Avrasiya İqtisadi Birliyini Ermənistan əleyhinə istifadə edə bilməsin”, - deyə Paşinyan bildirib.
O qeyd edib ki, səsləndirilən bütün bəyanatlar boş bəyanatlardır və bu cür açıqlamalar verənlər Avrasiya İqtisadi Birliyinin “məzarını qazdıqlarını” anlamırlar.
Paşinyan bildirib ki, seçkilərdən sonra işinə qayıdacaq və yaxın sammitdə Ermənistanı baş nazir səlahiyyətlərini icra edən müavin təmsil edəcək.
“İyunun 7-dən sonra xalq mandatı alacağım təqdirdə işimə qayıdacağam və görəcəksiniz ki, bütün narahatedici bəyanatlar neytrallaşdırılacaq”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az