Overçuk: “Rusiya Ermənistana çox ciddi siqnallar göndərir”

2026/05/1779901391.jpg
Oxunub: 549     20:58     27 May 2026    
“Ermənistan Avrasiya İqtisadi Birliyinə üzv olmaqla bir sıra paket imtiyazlar əldə edib”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib.

Overçuk qeyd edib ki, Ermənistanın Avrasiya İqtisadi Birliyinə qoşulması zamanı müəyyən razılaşmalar mövcud olub və həmin razılaşmalar Ermənistana təqdim olunan konkret imtiyazlarla ifadə edilib.

“Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyində eyni vaxtda iştirak mümkün deyil. Bu halda həmin paket razılaşmalarla bağlı sual yaranır.

Əgər siz Rusiya ilə bir birlikdə olmaq istəmirsinizsə, onda niyə Rusiya ilə ittifaqın sizə verdiyi imtiyazları almağı gözləyirsiniz? Hər şey tamamilə ədalətlidir”, - deyə Overçuk bildirib.

O qeyd edib ki, “əgər onlar Avropadakı kimi yaşamaq istəyirlərsə, o zaman qiymətlər də Avropadakı kimi olmalıdır”.

Rusiya baş nazirinin müavini bildirib ki, Moskva hələlik İrəvanın son mesajlara reaksiyasını qeydə almayıb, lakin müəyyən siqnallar səsləndirilib.

“Orada bəzi siqnallar var idi ki, tərəfdaşlığı qırmaq olmaz. Amma bağışlayın, bütün razılaşmalara kompleks şəkildə baxmaq lazımdır”, - deyə Overçuk vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi Avrasiya İqtisadi Birliyinə üzvlüyün faydasını anlayır və buna görə də hazırda birlikdən çıxmağa tələsmir.

“Lakin eyni zamanda onların elan etdiyi siyasi kurs Avrasiya İqtisadi Birliyinin əsas məqsədləri ilə ziddiyyət təşkil edir. Ermənistan bu kursu davam etdirsə, müəyyən mərhələdə həm normativ-hüquqi tənzimləmə, həm də Avrasiya İqtisadi Birliyinin hüquqi bazası ilə ziddiyyət yaranacaq. Bu, nəzarətdə saxlanılması vacib olan həssas məqamdır və biz bunu edirik”, - deyə Overçuk qeyd edib.

Overçuk deyib ki, Rusiya Ermənistanın Avrasiya İqtisadi Birliyindən mümkün çıxışı ilə bağlı prosesdə sadəcə müşahidəçi rolunda deyil və İrəvana açıq siqnallar göndərir.

“Biz müəyyən siqnallar göndəririk və bu siqnallar çox ciddidir. Biz bu mövzuda onlarla çoxdan və olduqca açıq danışmışıq. Təbii ki, bu müzakirələr qapalı rejimdə aparılıb. Onlar hər şeyi yaxşı anlayırlar, amma buna baxmayaraq Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxmasını mümkün edən addımlar atmağa davam edirlər”, - deyə Overçuk bildirib.

O vurğulayıb ki, heç kim Ermənistanın Avrasiya İqtisadi Birliyindən çıxmasını istəmir.

“Biz qətiyyən bunu istəmirik”, - deyə o qeyd edib.

Bununla belə, Overçuk bildirib ki, İrəvanın siyasi kursu məhz bu istiqamətə yönəlib.

O əlavə edib ki, hazırda Ermənistan Avrasiya İqtisadi Birliyi çərçivəsində götürdüyü öhdəliklərə əməl edir.

“Bu günə qədər Ermənistanda Avrasiya İqtisadi Birliyinin hüququna zidd olan hər hansı tənzimləmə qeydə almamışıq. Ötən il belə bir hal olmuşdu, biz tərəfdaşlarımızın diqqətini buna yönəltdik və onlar dərhal düzəliş etdilər”, - deyə Overçuk bildirib.

O vurğulayıb ki, Ermənistan Avrasiya İqtisadi Birliyi çərçivəsindəki öhdəliklərini yerinə yetirir və birlikdən böyük fayda əldə etdiyini anlayır.

Overçuk xatırladıb ki, Ermənistanın birlikdə iştirak etdiyi 10 il ərzində ölkədə həyat səviyyəsi üç dəfə artıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Overçuk   Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin