Müharibədən Beş Dəqiqə Əvvəl: ABŞ-İran Gərginliyinin Son Həddi

2025/06/1749813888.jpg
Oxunub: 639     16:31     13 İyun 2025    
İyunun 15-də ABŞ prezidentinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Uitkof İranın xarici işlər naziri Əraqçi ilə görüşəcək. Danışıqlar yenidən Oman vasitəçiliyi ilə baş tutacaq. Qərb mediasının məlumatına görə, bundan əvvəl Uitkof Romada İsrailin Xarici Kəşfiyyat Xidmətinin – MOSSAD-ın direktoru Barnea və Strateji Planlaşdırma naziri Dormer ilə danışıqlar aparacaq.

İyunun 12-də ABŞ prezidenti Donald Tramp İranla aparılan danışıqların altıncı raundunun mümkün nəticəsini yenidən ehtiyatlı nikbinliklə qiymətləndirib: “İsrailin İrana hücumu baş verə bilər, amma biz (ABŞ və İran) nüvə razılaşmasına imza atmağa kifayət qədər yaxınıq. Mən razılaşma əldə etmək şansı olduğuna inandığım müddətcə, İsrailin hücum etməsini istəməzdim”, – deyə Tramp bildirib.

Onun qiymətləndirməsinə görə, İran heç vaxt nüvə silahına sahib olmayacaq və istədiklərinin bir hissəsindən imtina etməyə hazır olmalıdır. Bu halda ABŞ İrana yardım etməyə və ticarət aparmağa hazır olacaq. İran isə dəfələrlə bəyan edib ki, nüvə silahı yaratmaq məqsədi yoxdur, lakin uranın dinc məqsədlərlə zənginləşdirilməsi hüququndan imtina etməyəcək.

Yaxın Şərqdə “müharibəyə beş dəqiqə qalmış” vəziyyəti fonunda İtaliyanın xarici işlər naziri Tayani olduqca soyuqqanlı açıqlama ilə çıxış edib. Onun fikrincə, “müharibənin heç bir əlaməti müşahidə olunmur”. Buna baxmayaraq, o, bölgə ölkələrindən, xüsusilə İraqdakı ABŞ səfirliyinin əməkdaşlarının qismən təxliyəsini təsdiqləyib.

İtaliyanın bu addımı ABŞ tərəfindən “təbliğat xarakterli” kimi qiymətləndirdiyi təəssüratı yarana bilər. Qeyd etmək yerinə düşər ki, İran xarici işlər naziri ilə görüşdən əvvəl ABŞ nümayəndəsi Uitkof məhz Romada MOSSAD direktoru və İsrailin strateji planlaşdırma naziri ilə danışıqlar aparacaq.

Xatırlatmaq lazımdır ki, Oman vasitəçiliyi ilə keçirilən İran-ABŞ danışıqlarının bir raundu da məhz Romada baş tutmuşdu və görünür, İtaliya vəziyyətlə kifayət qədər yaxından tanışdır.

İrana qarşı hərbi müdaxilə ehtimalından danışan ABŞ prezidenti bəyan edib ki, müharibə istəmir, ümumiyyətlə, yaranmış problemləri “ölüm və dağıntılarla” həll etməyi rədd edir və istəyir ki, iranlıların “hər şeyi yaxşı olsun”. Bununla belə, Tramp əlavə edib ki, ABŞ “dünyanın ən güclü ordusuna” malikdir.

İsrail mənbələrinin ümumi qənaətinə görə, Netanyahunun hökuməti növbəti dəfə İranın nüvə obyektlərinə zərbə endirmək barədə qərar qəbul edə bilər. Məlumatlara görə, Oman danışıqlarının uğursuz olması halında ABŞ İrana qarşı hərbi hücuma qoşulmayacaq, lakin logistik və kəşfiyyat dəstəyi göstərəcək. Məlum olduğu kimi, İran xəbərdarlıq edib ki, ona qarşı ediləcək hər hansı hücum halında Yaxın Şərqdəki bütün ABŞ bazaları qanuni hədəf sayılacaq. İsrailin “Ynet” nəşrinin şərhçisinin fikrincə, Tehran eyni anda bir neçə yüz ballistik raket buraxmaq imkanına malikdir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müharibə   ABŞ   İran  


Bizi "telegram"da izləyin