Əlbəttə, “kritik dövr” ifadəsi detallı şəkildə izah edilməyib. Yəni bu dövr hansı amillərə görə kritik sayılır, açıq şəkildə göstərilməyib. Amma məhz belə bir vurğulamanın edilməsinin təsadüfi olmadığı aydındır. Həmin ifadədən dərhal sonra Avropa Şurası baş katibinin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına verdiyi dəstəyin “bir daha təsdiqlənəcəyi” qeyd olunur. Görünən budur ki, məhz bu məsələ – yəni Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması – Avropa Şurasının “Cənubi Qafqazda kritik dövr” ifadəsinin arxasında dayanan əsas motivlərdən biridir.
Lakin bu kimi ifadələr konkretləşdirilmədən siyasi baxımdan qeyri-müəyyən qalır. Çünki Ermənistan-Azərbaycan sülh müqaviləsi – mahiyyət etibarilə – məqsəd deyil, yalnız vasitədir. Əsas məsələ isə Cənubi Qafqazdan keçən kommunikasiya yollarının açılması və bu prosesin necə, hansı rejim və məntiq əsasında aparılmasıdır. Avropa son dövrlərdə bu məsələdə – “Orta Dəhlizin” formalaşdırılması istiqamətində – getdikcə daha çox aydın və prioritet mövqe ortaya qoyur. Avropa bu dəhlizin yaradılması üçün 10 milyard avro investisiya yatırmağa hazır olduğunu da bəyan edib.
Söhbət, təbii ki, təkcə Cənubi Qafqaz regionundan deyil, eyni zamanda Mərkəzi Asiya və Xəzər bölgəsindən gedir. Aydındır ki, bu sərmayələr yalnız Avropa üçün sərfəli, etibarlı və qəbul edilə bilən siyasi mexanizmlər çərçivəsində həyata keçirilə bilər. Avropa Şurası baş katibinin Ermənistandakı müzakirələrinin əsas mövzusunu regionda açılacaq nəqliyyat və enerji dəhlizlərinin davamlı və sabit fəaliyyəti üçün siyasi əsasların formalaşdırılması təşkil edəcək.
Ehtimal olunur ki, Avropa İttifaqı və Avropa Şurası Ermənistan parlamentində keçiriləcək qarşıdan gələn seçkiləri müəyyən razılaşmalar üçün fürsət kimi qiymətləndirir. Nikol Paşinyanın siyasi təzyiqlərlə üzləşdiyi və daxili legitimliyə ehtiyac duyduğu bir vaxtda, onun Qərb tərəfindən razılaşdırılmış istiqamətdə müəyyən güzəştlərə getmək şansı daha yüksək qiymətləndirilir.
Qərbin Ermənistan hökuməti ilə bu razılaşmalara can atmasının arxasında isə sadə bir məntiq durur: Ermənistanın Azərbaycanın regional təşəbbüslərini əngəlləyəcək mövqe tutmaması, əksinə, Bakı və Ankaranın formalaşdırdığı yeni geosiyasi düzənə uyğunlaşması tələb olunur. Ermənistanın bu prosesə qarşı çıxması təkcə onun üçün deyil, həm də Avropa üçün iqtisadi və siyasi risklər yaradır. Paşinyan hökumətinə verilən mesaj isə budur: Avropa investisiya və diplomatik dəstək verməyə hazırdır, amma bunun üçün Ermənistan təcridçi siyasətdən əl çəkməli və nəqliyyat kommunikasiyalarının açılmasına, xüsusən də Zəngəzur dəhlizinin işə düşməsinə mane olmamalıdır.
Beləliklə, “Cənubi Qafqazda kritik dövr” ifadəsinin arxasında həm Ermənistanın daxili siyasi vəziyyəti, həm də onun regional proseslərə destruktiv müdaxilə riski dayanır. Avropa Ermənistan qarşısında bu dəfə birmənalı tələblər qoya bilər: ya əməkdaşlıq, ya da siyasi təcrid.
Aqil Məmmədov
Ordu.az