Hadisə ilə bağlı Türkiyənin “Anadolu” agentliyi ətraflı məlumat yayıb. Məlumata əsasən, gəmidə Avropa Parlamentinin deputatı Rima Həsən (Fransa vətəndaşı), Almaniyadan Yasemin Acar, Türkiyədən Hüseyn Şayib Ordu, Braziliyadan Tayqo Avila, İspaniyadan Serxio Toribio, Niderlanddan Marko Van Ranes, Fransadan Batist Andre, Paskal Mardyeras və Yanis Mhamdi, İsveçdən Qreta Qunberq və jurnalist Ömər Fayyad olub.
İsrailin müdafiə naziri İsrael Kats gəminin “nəzarət altına alınması” əmri verdiyini şəxsən təsdiqləyib. Aşdod limanında beynəlxalq fəallara 2023-cü il oktyabrın 7-də HƏMAS silahlılarının israilli dinc sakinlərə qarşı törətdiyi hücumun videogörüntüləri təqdim olunub.
Nazir bildirib ki, Qəzza zolağına humanitar yardım beynəlxalq nəzarətlə həyata keçirilir və bu yardım mülki əhaliyə çatdırılır. Onun sözlərinə görə, belə təşəbbüslər İsrail tərəfindən yolverilməz sayılır və gələcəkdə də qarşısı qətiyyətlə alınacaq. Kats qeyd edib ki, “bütün girovlar azad olunana və bölgədə sabitlik yaranana qədər terrorçulara qarşı mübarizə davam edəcək”.
“Madleen” gəmisinin durumu 2010-cu ildə İsrail və Türkiyə arasında diplomatik gərginliyə səbəb olmuş “Mavi Mərmərə” insidentini xatırladır. Həmin vaxt İsrail hərbçiləri türkiyəli fəalların olduğu gəmidə silah tətbiq etmişdi. Bu dəfə isə gəmidə müxtəlif ölkələrdən olan beynəlxalq hüquq müdafiəçiləri iştirak edib. Onların məqsədi Qəzzadakı humanitar duruma diqqət çəkmək olub.
Rəsmi Təl-Əviv isə Qəzzaya edilən istənilən yardımı HƏMAS-a dəstək kimi qiymətləndirir. Ölkədə daxili siyasi vəziyyət də gərgindir. Müxalifət liderlərindən olan “Evimiz İsraildir” partiyasının sədri Aviqdor Liberman baş nazir Benyamin Netanyahunu HƏMAS-a dolayı dəstək verməkdə ittiham edib. Onun fikrincə, Netanyahu HƏMAS-ı dəstəkləməklə Fələstin rəhbəri Mahmud Abbasa təzyiq göstərmək istəyib, lakin bu plan əvvəlcədən uğursuzluğa məhkum idi.
İsrailin müdafiə naziri Kats son günlərdə Fransa prezidenti Emmanuel Makronu da sərt tənqid edib. “Siz Fələstinin müstəqilliyini kağız üzərində tanıya bilərsiniz, biz isə həmin kağızı yerlə yeksan edəcəyik”, - deyə o, Makronun Fələstin dövlətini tanıması ilə bağlı bəyanatına cavab verib.
Qeyd edək ki, “Madleen” gəmisində olan Avropa Parlamentinin üzvü Rima Həsən Fransa vətəndaşıdır və “Anadolu”nun məlumatına görə, gəmidə daha üç Fransa vətəndaşı da olub. Bu fakt İsrail məsələsində Türkiyə və Fransa mövqelərinin yaxınlaşmaqda olduğunu göstərir.
Buna baxmayaraq, ABŞ İsrailə dəstəyini davam etdirir. Maraqlıdır ki, Qəzzaya humanitar yardım təşəbbüsü HƏMAS-la aparılan danışıqların mürəkkəb mərhələsi ilə üst-üstə düşür. Danışıqları ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi aparır. Mövcud məlumatlara görə, danışıqlarda irəliləyiş yoxdur. HƏMAS israilli girovların azad edilməsi üçün yalnız tam və daimi atəşkəsin qəbul olunmasını və İsrail ordusunun Qəzzanı tam tərk etməsini tələb edir.
Müdafiə naziri Katsın açıqlamalarından belə nəticə çıxır ki, Netanyahu hökuməti Qəzza zolağını tam nəzarətə götürmək niyyətindədir. Bu plan isə ABŞ ilə Körfəz ölkələri arasında əməkdaşlığı sual altına qoya bilər. Belə olan halda Yaxın Şərqdəki böhran daha da dərinləşə və digər regionlara, o cümlədən Cənubi Qafqaza da təsir edə bilər.
Asif Cəfərov
Ordu.az