Lakin burada əsas sual budur: Hindistan nəyin “tanışlığını” aparır? Bu, Ermənistanla ortaq strateji vizyondur, yoxsa regionda Azərbaycanın yaratdığı yeni geosiyasi reallığı balanslaşdırmaq üçün zəif halqalar axtarışıdır?
Ermənistanın Hindistanla hərbi əməkdaşlığı artırmaq cəhdləri, əslində, Azərbaycan və Türkiyə qarşısında balans yaratmaq cəhdindən başqa bir şey deyil. Lakin İrəvan rəhbərliyi anlamır ki, Hindistan kimi imperialist iddiaları olan bir ölkənin “dəstəyi” heç zaman uzunmüddətli və prinsipial müttəfiqliyə çevrilməyəcək. Hindistan regionda yalnız öz maraqları kontekstində hərəkət edir, Ermənistan isə bu maraqlarda yalnız taktiki vasitə kimi nəzərdən keçirilir. Dehli üçün Ermənistanın dəyəri Azərbaycanın liderlik etdiyi regional layihələrin və Türk dövlətləri ilə inteqrasiyanın qarşısını almaq üçün istifadə olunan zəif bir halqadır.
Hindistanın Ermənistanla yaxınlaşması eyni zamanda Hindistanın İslam dünyasına, xüsusilə Pakistan və Türkiyəyə qarşı olan siyasi və ideoloji mübarizəsinin bir hissəsidir. Azərbaycan isə bu qardaş ölkələrlə strateji müttəfiqlik münasibətlərinə malik olduğu üçün, Dehli açıq və gizli şəkildə Bakıya qarşı balans yaratmağa çalışır. Ermənistana silah satışı, hərbi təlimlər, əməkdaşlıq memorandumu imzalanması bu kontekstdə baş verir. Amma bu cür siyasət regionda sabitliyi təmin etməyəcək, əksinə, yeni gərginliklərə yol açacaq.
Digər tərəfdən, Ermənistan Hindistanın bu yaxınlaşmasından istifadə edərək özünü guya “dəyərlər uğrunda mübarizə aparan” ölkə kimi təqdim etməyə çalışır. Halbuki reallıqda Ermənistan nə regional nəqliyyat layihələrinə inteqrasiya ola bilir, nə də sabit və uzunmüddətli siyasət yürüdə bilir. Ermənistanın dövlət mexanizmi zəifdir, siyasi kursu ziddiyyətlidir və beynəlxalq münasibətlərdə sadəcə vasitə funksiyası daşıyır. Hindistanın nümayəndə heyəti də bu səfər zamanı yəqin ki, Ermənistanın real strateji dəyərinin yox, daha çox taktiki istismar potensialının mövcud olduğunu “tanıyacaq”.
Maraqlı məqam odur ki, Ermənistanda hal-hazırda bir neçə min hindistanlı çalışır. Bu insanlar əsasən xidmət sektorunda işləyir, amma onların sürətlə artması, sosial-iqtisadi sferada yerləşməsi artıq yeni bir demoqrafik və mədəni reallıq formalaşdırır. Lakin Ermənistan bu reallığı belə idarə etmək iqtidarında deyil. Yəni Hindistan nümayəndə heyəti sadəcə Ermənistanın hərbi-siyasi imkanlarını yox, həm də onun “istehlakçı cəmiyyət”ə çevrilmiş struktursuz sistemini müşahidə edir.
Son nəticədə Hindistan-Ermənistan əməkdaşlığı Azərbaycan üçün yeni bir təhlükə yaratmır, çünki bu cür münasibətlər strateji əsasdan məhrumdur. Lakin bu, regionun sabitliyi və əməkdaşlıq ruhuna qarşı olan dağıdıcı tendensiyadır. Azərbaycan bu prosesləri diqqətlə izləyir və öz regional mövqeyini daha da gücləndirərək, həm Hindistanın qeyri-sağlam siyasətinə, həm də Ermənistanın yeni təxribat planlarına qarşı çevik cavab verməyə qadirdir.
Aqil Məmmədov
Ordu.az