Türkiyənin Afrika vizyonu
Türk seriallarına böyük maraq göstərilən qitələrdən biri də Afrikadır. Qitə miqyasında serialların sevilə-sevilə izlənildiyi və bununla bağlı olaraq Türkiyəyə olan marağın artmaqda olduğu məlumdur.
Bu məqamda Türkiyənin Afrikadakı diplomatik missiyalarını və fəaliyyətlərini artırmasının əhəmiyyətini də vurğulamaq lazımdır. Türkiyə ilk olaraq 1998-ci ildə nəşr etdiyi “Afrika Fəaliyyət Planı” ilə Afrika ölkələri ilə müxtəlif sahələrdə əlaqələrini gücləndirmək məqsədini ortaya qoydu və ardınca 2005-ci ildə “Afrika İli” elan edərək Türkiyə-Afrika münasibətlərini inkişaf etdirmə yönündəki qərarlılığını davam etdirdi.
Bu tarixdən sonra Türkiyə bir çox Afrika ölkəsində səfirliklər və konsulluqlar açdı, Türk Hava Yolları (THY) isə uçuş nöqtələrinin və reyslərinin sayını artırdı. Bundan əlavə, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Yunus Əmrə İnstitutu (YEE) və Türkiyə Maarif Vəqfi kimi ictimai diplomatiyanın əhəmiyyətli qurumları da Afrikada ofislər açaraq fəaliyyətə başladılar. Bu inkişaflar Türkiyə ilə Afrika ölkələri arasındakı əlaqələrin gücləndirilməsi baxımından son dərəcə əhəmiyyətli addımlar oldu.
Bu institusional varlığın artırılması səylərinə paralel olaraq, Türk seriallarının Afrika qitəsində geniş izləyici auditoriyası ilə görüşməsi və böyük bəyənilmə qazanması Türkiyənin qitədəki nüfuzunu artırmaqda mühüm töhfələr verdi. 2023-cü ildə dərc olunmuş bir məqaləyə görə, son illərdə Türkiyə ilə əlaqələrini gücləndirən Mozambik, Keniya və Seneqalda Türk serialları Türkiyənin müsbət imicinin formalaşmasında əhəmiyyətli bir yumşaq güc vasitəsi kimi ön plana çıxır.
Bu gün Türk serialları Səhranı aşaraq Keniya, Anqola, Seneqal, Tanzaniya, Efiopiya, Sudan, Nigeriya, Mozambik kimi bir çox Afrika ölkəsində və hətta qitənin ən cənub nöqtəsində yerləşən Cənubi Afrikada geniş izləyici kütləsi tərəfindən izlənilir.
Türk seriallarının Afrika qitəsində yayılması və izləyici kütləsinin hər keçən gün artması Türkiyənin qitə ölkələrində daha yaxşı tanınmasına yardım edir. Lakin serialların Türkiyəyə olan töhfəsi sadəcə “tanıtım” məsələsi ilə məhdudlaşmır.
İzləyicilər, Türk dilinə, mətbəxinə, tarixi və təbii gözəlliklərinə, gündəlik həyatına və ənənələrinə də maraq göstərirlər. Seriallar vasitəsilə Türk dili öyrənildiyi, Türkiyə tarixinə olan marağın artdığı, Türkiyənin istirahət üçün cəlbedici bir məkan olaraq qəbul edildiyi və xaricdə təhsil üçün Türkiyə universitetlərinin seçildiyi müşahidə olunur.
Keçən il yayımlanmış bir məqalədə qeyd edilir ki, Cənubi Afrikadakı Z nəsli izlədikləri 29 fərqli Türk serialı vasitəsilə Türkiyənin mədəniyyətinə, təbiətinə, dəbinə və insanlarına böyük maraq göstərməyə başlayıb, həmçinin Türkiyəyə dair fikirlərinin də müsbət yöndə dəyişdiyi nəticəsinə gəlinib. Bu baxımdan, Türk seriallarının geniş populyarlığı Türkiyənin Afrika ictimaiyyətindəki cazibəsini artırır və müsbət imicini möhkəmləndirir.
Dərinləşən mədəni əlaqələr
Türk seriallarının Afrikada izlənmə göstəricilərinin artması, eyni zamanda bu ekran əsərlərinin qitə cəmiyyətləri üçün Qərb mediasına alternativ olaraq ön plana çıxmasına səbəb olur. Bu funksiyası ilə Türk serialları Afrika ölkələrinin müstəqillikdən əvvəl yaşadığı müstəmləkəçilik təcrübəsinin mədəni formalarda davam etməsinə qarşı bir alternativ yaratma potensialına sahibdir.
Bütün bunlara əsaslanaraq, Türk seriallarının Türkiyənin Afrikadakı yumşaq gücünü artırmaqda son dərəcə dəyərli bir mədəni resurs olaraq ön plana çıxdığını söyləyə bilərik. Nəticə etibarilə, mədəni cazibənin bir ölkənin sahib olduğu yumşaq gücün əsas qaynaqlarından biri olduğu nəzərə alındıqda, Türk seriallarının Afrikadakı Türkiyə imici üzərindəki təsiri daha aydın şəkildə görünür.
Bu nöqtədə xüsusilə seriallara yönəlik izləyici sayının və bəyənilmənin artması daha dərin mədəni əlaqələrin inkişafına vasitəçilik edərkən, Türkiyənin Afrikadakı yumşaq güc potensialının əhəmiyyətli dərəcədə genişlənməsinə də töhfə verir.
Sevinc Əliyeva
Ordu.az