Netanyahunun təşəkkürünün sirri: İsrail Laçın üçlüyünə qoşulur?

2025/06/16517-1749114943.jpg
Oxunub: 1132     15:21     05 İyun 2025    
Şimaldan cənuba uzanan enerji, diplomatiya və təhlükəsizlik xətləri üzrə yenidən formalaşan regional düzən artıq təkcə üçtərəfli deyil – dördqütblü formata doğru genişlənir. Azərbaycan, Türkiyə və Pakistan arasında formalaşmış strateji müttəfiqlik artıq regional siyasi reallıqlardan birinə çevrilib. Bu oxun təhlükəsizlik sütununu gücləndirə biləcək dördüncü iştirakçı isə getdikcə daha aydın şəkildə özünü göstərir – İsrail.

İsrailin Baş naziri Benyamin Netanyahu tərəfindən Prezident İlham Əliyevə ünvanlanmış təbrik məktubu, adi diplomatik jest olmanın çox uzağında – regionda formalaşmaqda olan yeni təhlükəsizlik və siyasi arxitekturanın hissəsi olaraq qiymətləndirilə bilər. Ən diqqətçəkən məqam isə məktubda Netanyahunun Azərbaycan vasitəsilə Türkiyə ilə dialoqa təşəkkür etməsidir. Bu cümlə həm Ankaranın, həm də Təl-Əvivin maraqlarını uzlaşdırmaq üçün Bakı platformasının nə qədər strateji olduğunun göstəricisidir.

Netanyahunun may ayında planlaşdırılan, lakin təxirə salınan Azərbaycana səfəri kontekstində bu təşəkkürün qeyd edilməsi İsrailin bölgədəki geosiyasi dinamikanı daha dərindən anlamağa və bu dinamika içərisində aktiv rol oynamağa hazırlaşdığını göstərir. Hər nə qədər İsrail təyyarəsinin Türkiyə üzərindən uçuşuna Ankara tərəfindən icazə verilməməsi səfərin baş tutmamasına səbəb olsa da, Təl-Əviv rəsmi Bakının bu məsələdə neytrallığını və vasitəçilik potensialını qiymətləndirir.

Əldə olunan məlumatlara əsasən, İsrail və Türkiyə nümayəndələrinin Suriyaya dair təmaslarının da məhz Azərbaycanda baş tutması bu üç ölkə arasında formalaşan dərin diplomatik inamın göstəricisidir. Bu danışıqların fonunda ABŞ-nin sabiq prezidenti Donald Trampın Suriyaya dair yeni siyasət mesajları və Türkiyədəki səfirini xüsusi nümayəndə təyin etməsi Vaşinqtonun da regionda yeni rollar üçün hərəkətə keçdiyini göstərir.

İsrail üçün Azərbaycanla əməkdaşlıq sadəcə ikitərəfli hərbi-texniki əməkdaşlıqdan ibarət deyil. Bu münasibətlər eyni zamanda Türkiyə və Pakistanla paralel yaxınlaşmanı da təmin edir. Qarabağ müharibəsinin ikinci mərhələsi zamanı İsrailin Azərbaycana silah tədarükünü yüksək səviyyədə davam etdirməsi faktı artıq açıq şəkildə Bakı tərəfindən də səsləndirilir. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin bu istiqamətdə verdiyi açıqlama isə bu prosesdə Netanyahunun müəyyən bir “sinqal” aldığını göstərən ehtimalları gücləndirir.

Bu baxımdan, Netanyahunun Zəngəzur dəhlizi ilə bağlı Türkiyə prezidenti Ərdoğanın İranı açıq dəstəyə çağırmasını nəzərdən qaçırması mümkün deyil. İranın susqun qalması isə Təl-Əviv üçün daha geniş strateji imkanlar qapısını aça bilər. Ərdoğanın çağırışı Laçında keçirilən Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli görüşündən sonra səslənmişdi. Bu, həm Tehran üçün bir mesaj, həm də regional nizam üçün bir siqnal idi: Yeni düzən qurulur və bu düzənin mərkəzində Azərbaycan dayanır.

İsrailin bu yeni düzəndə iştirak etməsi artıq texniki məsələ deyil, siyasi və geosiyasi zərurətdir. İsrail üçün regionda dərinləşmək – xüsusən İranın artan diplomatik gedişləri fonunda – həm enerji təhlükəsizliyi, həm də təhlükəsizlik arxitekturasının bir hissəsi olmaq baxımından vacibdir. Azərbaycan, Türkiyə və Pakistanın koordinasiyasında olan təhlükəsizlik və nəqliyyat layihələri İsrailə strateji çevik manevr imkanları verir. Əgər bu proses davam edərsə, regional dördqütblü format təkcə Qafqaz və Orta Asiya deyil, bütün Yaxın Şərq və Şərqi Aralıq dənizində yeni güc balansı formalaşdıra bilər.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Netanyahu   İsrail   Laçın  


Bizi "telegram"da izləyin