Hüquqi xaos, küçələrdə “razborka”: Ermənistanda dövlət yox kimidir

2025/06/1748945412.jpg
Oxunub: 914     20:21     03 İyun 2025    
Nikol Paşinyanın qərarı ilə Ermənistan polis rəisi, DİN nazirinin müavini Aram Hovhannisyan vəzifəsindən azad olunub. Onun yerinə polis rəisi və DİN nazirinin birinci müavini vəzifəsinə Lori vilayətinin qubernatoru Ara Qazaryan təyin edilib. Məlumata görə, Qazaryan əvvəllər də polis sistemində çalışıb və xüsusilə 2018-ci il “inqilabı” zamanı Lori vilayətinin polis rəisi olub.

Bu qərar Ermənistanda son vaxtlar cəmiyyəti silkələyən və hüquq-mühafizə sisteminin tamamilə iflasa uğradığını göstərən hadisələrin fonunda verilib. Son damla isə yəqin ki, bu gün yayılan məlumatlar oldu – yenidən silahlı “razborka”, yəni kriminal qruplaşmalar arasında silahlı qarşıdurma. Belə bir şəraitdə polis rəhbərinin işdən çıxarılması məntiqli görünə bilər, lakin bu addım təkbaşına heç bir halda kifayət qədər deyil.

Əksinə, bu addım yalnız Ermənistanda ictimaiyyətin qəzəbini yumşaltmaq, havanı boşaltmaq və yaxınlaşan seçkilər ərəfəsində sadəcə təəssürat yaratmaq cəhdi kimi görünə bilər. Ona görə də Paşinyanın verdiyi qərarın dəyəri yalnız konkret nəticələrlə, yəni real dəyişiklik və sistemli islahatla ölçülə bilər. Halbuki bir neçə ay əvvəl Ermənistan güc strukturlarında , o cümlədən DİN rəhbərliyində dəyişikliklər edilmişdi, lakin vəziyyətin cüzi qədər də dəyişmədiyi fakt olaraq ortadadır.

Belə olan halda əsas göstərici yalnız cəmiyyətə real təhlükəsizlik hissi aşılayan, küçələrdə və ictimai həyatda asayişi təmin edən hüquq-mühafizə sisteminin effektiv fəaliyyəti ola bilər. Bu, yalnız siyasi mitinqlərdə deyil, gündəlik həyatda, vətəndaşların kriminogen mühitdən, cinayətkar dəstələrin qarşıdurmalarından qorunması ilə mümkündür.

Ermənistanda isə son illərdə küçə zorakılığı, “razborka”lar və kriminal altmədəniyyətin cəmiyyətə açıq nümayişinin nəinki qarşısı alınmayıb, əksinə, adi hala çevrilib. Paşinyanın hüquq-mühafizə sistemi bu prosesə ya biganə yanaşır, ya da tam acizdir. Halbuki bu cür hallara qarşı sərt və prinsipial mübarizə dövlət səviyyəsində prioritet olmalıdır. Altmədəniyyətin kökünü tam kəsmək mümkün olmasa da, onun ictimai məkanlarda açıq-aşkar görünməsi sıfıra endirilə bilər və bu, Paşinyan hakimiyyətinin borcudur.

Ermənistanın hüquq-mühafizə sistemi hazırda dərin böhran yaşayır. İctimai təhlükəsizlik təmin edilmir, cinayətkarlıq artır, hüquqi dövlət anlayışı formal sənədlərlə məhdudlaşır. Bu vəziyyətdə bir və ya iki nəfərin vəzifədən çıxarılması deyil, sistemli və ciddi islahatlar tələb olunur. Əks halda, dəyişən yalnız adlar olacaq, problemlər isə dərinləşəcək.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   DİN   Xaos  


Bizi "telegram"da izləyin