Vaşinqtonda İsrail səfirliyinə hücum: ABŞ-də antisemitizm yenidən yüksəlir?

2025/05/1747907858.jpg
Oxunub: 1051     16:38     22 May 2025    
Vaşinqtondakı Yəhudi Muzeyində, ABŞ Yəhudi Komitəsinin tədbir keçirdiyi zaman terror aktı törədilib, ABŞ-də İsrail səfirliyinin iki əməkdaşı öldürülüb. BMT-də İsrailin daimi nümayəndəsi Dani Danon baş verənləri “antisemit və alçaq terror aktı” kimi qiymətləndirib. Məlumata görə, ölənlərdən biri İsrail vətəndaşı, digəri isə amerikalıdır. Onlar yaxın günlərdə Yerusəlimə gedib orada evlənməyi planlaşdırırdılar.

Mətbuatın yaydığı məlumata görə, şahidlər bildiriblər ki, hücum edən şəxs ağdərili bir kişi olub. Terror zamanı o, “Fələstinə azadlıq” şüarını səsləndirib. Son məlumata görə, İsrail KİV-ləri qeyd edir ki, polis terrorçunu saxlayıb və onun şəxsiyyətini müəyyən edib: bu, Çikaqodan olan otuz yaşlı Elias Rodriqesdir.

Terror aktı ilə əlaqədar ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə paylaşım edib. “Bu qətllər, açıq-aşkar antisemit xarakter daşıyır və dərhal dayandırılmalıdır. ABŞ-də ekstremizmə və nifrətə yer yoxdur”, - deyə o yazıb və qətlə yetirilənlərin ailələrinə başsağlığı verib.

Çikaqodan olan otuz yaşlı Elias Rodriqesin Fələstin və fələstinçi hərəkatla nə əlaqəsi olması, onun törətdiyi terror aktının motivasiyası ABŞ hüquq-mühafizə orqanları və xüsusi xidmətləri tərəfindən araşdırılmalıdır. İsrail mənbələri xüsusi olaraq vurğulayır ki, Vaşinqtondakı Yəhudi Muzeyi Mərkəzi Kəşfiyyat İdarəsinin regional bölməsinin yaxınlığında yerləşir, yəni sanki bu ərazi xüsusi nəzarət zonasıdır.

Vaşinqtonda İsrail səfirliyinin əməkdaşları ABŞ prezidentinin Yaxın Şərqə səfərindən qısa müddət sonra terrorun qurbanı olub. Trampın bu səfəri İsrailin rəsmi narazılığına səbəb olmasa da, mətbuatda yayılan yazılar Netanyahu hökuməti üçün ABŞ prezidentinin bəzi qərarlarının qaranlıq qaldığını göstərir.

BMT-də İsrailin daimi nümayəndəsi Dani Danon hadisəyə münasibət bildirərək vurğulayıb ki, ABŞ hakimiyyət orqanlarının bu cinayətin məsuliyyətini daşıyan şəxslərə qarşı qəti tədbirlər görəcəyinə əmindirlər. Buradan belə təsəvvür yaranır ki, İsrail tərəfinin fikrincə, ABŞ-nin xüsusi xidmət orqanları bu terror aktının qarşısını ala bilərdi və bəzi şəxslər terrorçularla əlaqədə şübhəli bilinir.

ABŞ-də törədilən terror aktı vaxt baxımından İsraildə daxili siyasi gərginlik dövrünə təsadüf edir. Mətbuata görə, son hökumət iclasında baş nazir Netanyahu Qəzzada humanitar yardımı bərpa etmək qərarına görə şəxsən məsuliyyət götürməyə məcbur olub. O bildirib ki, İsrail anklavda yaşayan əhalini “aclıq içində” qoymamalıdır. Hökumətin bəzi üzvləri bu qərara qarşı çıxıb.

Qəzzada humanitar yardımın bölgüsü ABŞ tərəfinin nəzarəti ilə həyata keçirilməlidir ki, göndərilən ərzaq, dərman və gigiyenik vasitələr HƏMAS-ın ixtiyarına keçməsin. Maraqlıdır ki, İsrail səfirliyinin əməkdaşları Vaşinqtonda hücuma məhz HƏMAS-la Dohada aparılan danışıqların dalana dirəndiyi açıqlanandan sonra məruz qalıb. Əvvəlki gün Netanyahu bəyan etmişdi ki, bütün girovların qaytarılması müqabilində müvəqqəti atəşkəsə razıdır, HƏMAS isə hərtərəfli tənzimləmə tələb edir.

Görünür, terror aktı İsrailə deyil, daha çox ABŞ hakimiyyətinə qarşı təşkil olunub. ABŞ prezidentinin Yaxın Şərqə səfərindən sonra İsrail tərəfi açıq şəkildə Vaşinqtonun bölgədəki prioritetlərinə şübhə ilə yanaşır. ABŞ paytaxtının mərkəzində İsrail səfirliyinin əməkdaşlarının öldürülməsi cavabsız qala bilməz. Trampın sosial şəbəkədəki paylaşımı göstərir ki, o, terror aktını özünə qarşı ciddi bir çağırış kimi qəbul edib. O, yəqin ki, Yaxın Şərq siyasətinin antisemit xarakter daşımadığını əsaslandırmağa məcbur olacaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   ABŞ  


Bizi "telegram"da izləyin