Ermənistan-Rusiya münasibətləri artıq “restart” mərhələsində deyil? – BAXIŞ BUCAĞI

2025/05/1747822965.jpg
Oxunub: 708     21:27     21 May 2025    
Ermənistan-Rusiya münasibətlərində son dövrlərdə müşahidə olunan siyasi gərginlik və qarşılıqlı inamsızlıq fonunda Sergey Lavrovun İrəvana səfəri bəzi müşahidəçilər tərəfindən bu münasibətlərin “yenidən başladılması”, yəni “restart”ı kimi dəyərləndirilsə də, bu yanaşma mövcud reallıqlardan tamamilə uzaqdır. Əslində isə burada söhbət heç də əvvəlki münasibətlərin bərpasından deyil, onların tamamilə başqa bir – daha zəif, daha asimmetrik və etimadsız bir məcraya keçidindən gedir.

“Restart” anlayışı münasibətlərdə əvvəlki vəziyyətə qayıtmaq üçün mövcud mexanizmlərin yenidən işə salınması, keçmiş əməkdaşlıq platformalarının bərpası deməkdir. Halbuki Ermənistan-Rusiya münasibətlərindəki böhran son illərin deyil, hələ 2000-ci illərin əvvəllərində başlayan və zaman keçdikcə daha da dərinləşən struktur problemlərin nəticəsidir. Bu böhran indi sadəcə səthə çıxıb və indiki geosiyasi şəraitdə əvvəlki mexanizmlərin bərpası nə praktik, nə də siyasi baxımdan mümkün deyil.

Ermənistan uzun illər boyunca öz təhlükəsizlik konsepsiyasını Rusiya ilə hərbi və siyasi ittifaqa əsaslandıraraq faktiki olaraq özünü Moskvanın vassalına çevirmişdi. Lakin bu yanaşmanın nə qədər səhv olduğunu 2020-ci ildən bəri baş verən hadisələr fonunda aydın şəkildə görmək mümkün oldu. Moskvanın passivliyi və daha sonra Ermənistan rəhbərliyinə qarşı rəsmi və qeyri-rəsmi səviyyədə edilən təzyiqlər Kremlə qarşı İrəvanda artan narazılıq dalğasına yol açdı.

Ermənistanın Rusiya ilə münasibətləri artıq keçmişdəki kimi “strateji müttəfiqlik” çərçivəsində mövcud ola bilməz, çünki bu münasibətlərin təməlini təşkil edən geosiyasi arqumentlər iflasa uğrayıb. Rusiya artıq nə Cənubi Qafqazda dəyişən balanslara uyğunlaşmaq qabiliyyətinə, nə də regiondakı yeni çağırışlara cavab vermək resurslarına sahibdir. Üstəlik, Ukrayna müharibəsindən sonra Qərblə münasibətləri kəskin şəkildə pisləşmiş, sanksiyalarla zəiflədilmiş bir Rusiyanın Ermənistan üçün hər hansı uzunmüddətli təhlükəsizlik təminatı verə bilməsi real görünmür.

Əslində Ermənistan cəmiyyəti və siyasi elitası da bu reallığı qəbul etməkdədir. Rusiya ilə münasibətlər artıq inersiyadan çıxır və yeni bir mərhələyə – soyuq və praktiki distant münasibətlərə keçir. Ermənistan hakimiyyətinin Qərblə, xüsusilə Fransa, ABŞ və Aİ ilə yaxınlaşma cəhdləri, kollektiv Qərbin İrəvana dəstəyi artırması və Avropa İttifaqı “müşahidəçiləri”nin Ermənistan ərazisində yerləşdirilməsi məhz Moskvanın zəifliyindən doğan boşluğun doldurulmasına yönəlib.

Bu konteksdə Lavrovun İrəvan səfəri daha çox simvolik xarakter daşıyır – Moskvanın təsirinin azaldığını, lakin hələ də tam bitmədiyini göstərmək cəhdidir. Rusiya tərəfi Ermənistanı “öz orbitində saxlamaq” üçün müxtəlif təzyiq vasitələrindən istifadə etsə də, bunların artıq effektivliyi getdikcə azalır. Ermənistanda Rusiya əleyhinə ictimai rəydə ciddi artım müşahidə olunur, Rusiya mediasının və siyasətçilərinin İrəvan əleyhinə çıxışları isə bu prosesi daha da sürətləndirir.

Nəhayət, Ermənistan-Rusiya münasibətləri təkcə ikitərəfli müstəvidə deyil, qlobal və regional geosiyasi dəyişikliklər fonunda da baxılası məsələdir. Dünya dəyişdiyi halda, postsovet dövründən qalma münasibət formullarının dəyişməz qalması nə mümkün, nə də məqsədəuyğundur. Ermənistanda yaranan yeni siyasi reallıq, xalqın dəyişən gözləntiləri və regionda Türkiyə-Azərbaycan əməkdaşlığının güclənməsi fonunda Moskva-İrəvan münasibətləri ya fundamental şəkildə transformasiyaya uğrayacaq, ya da tədricən siyasi əhəmiyyətini itirəcək.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin