Məlumatların mənbəyi olaraq Azərbaycanın Dövlət Gömrük Komitəsinin təqdim etdiyi rəqəmlər göstərir ki, 2024-cü ildə İsrail Azərbaycandan 1,173 milyon ton neft alıb və bu həcmin ümumi dəyəri 713 milyon ABŞ dollarından çox olub. Lakin son aylarda dərc olunan idxal-ixrac siyahısında İsrailin adı çəkilmir. Rəqəmlər ortadadır, lakin bu məlumatın niyə bu formada təqdim olunması regional siyasi manevrlərlə bağlı ola bilər.
Qarşıya çıxan əsas suallardan biri budur: Azərbaycan niyə öz ənənəvi tərəfdaşı İsrailin adını bu dəfə siyahıya daxil etməyib? Cavab bəlkə də siyasətin enerji bazarına təsiri ilə bağlıdır. Mümkündür ki, bu addımın arxasında İran və İslam Əməkdaşlıq Təşkilatının Azərbaycana yönəltdiyi tənqidlər dayanır. Xüsusilə Qəzza zolağında gərginliyin artmasından sonra İran açıq şəkildə bəzi müsəlman ölkələrini İsrailə neft satmaqda ittiham edib və həmin ölkələr arasında Azərbaycanın adı xüsusilə vurğulanıb.
Bununla paralel olaraq qeyd edilməlidir ki, Azərbaycan heç bir beynəlxalq və regional təzyiq qarşısında öz müstəqil siyasətindən geri çəkilmir. Prezident İlham Əliyevin diplomatik cəbhədə apardığı siyasət balanslı və çoxvektorlu xarakter daşıyır. Bu çərçivədə İranla münasibətlərdə yeni mərhələyə keçid, Tehrana rəsmi səfərlər və qarşılıqlı dialoq kanallarının açıq saxlanması, digər tərəfdən İsrail ilə strateji tərəfdaşlıq və təhlükəsizlik sahəsində əməkdaşlığın qorunması Azərbaycanın nə qədər çevik və rasional diplomatiya apardığını göstərir.
Təsadüfi deyil ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənovun İsrailə səfəri və eyni zamanda Prezidentin köməkçisi Hikmət Hacıyevin Tehrana səfəri eyni zamana təsadüf edib. Bu diplomatik manevr, əslində, Azərbaycanın regiondakı bütün oyunçularla qarşılıqlı hörmətə əsaslanan, lakin milli maraqlardan güzəştə getməyən siyasət yürütməsinin göstəricisidir.
Neftin nəqli baxımından isə İsrail-Azərbaycan əlaqələrinin ən vacib halqalarından biri Türkiyədir. Ceyhan limanı vasitəsilə neftin İsrailə çatdırılması logistik baxımdan önəmli infrastruktur rolunu oynayır. Buna görə də istənilən texniki və ya siyasi dəyişiklik bu tranzit xətdən yan keçə bilməz. Əgər doğrudan da son aylarda Ceyhandan İsrail istiqamətində tanker axınında azalma varsa, bu, ya texniki, ya da Türkiyə tərəfinin müəyyən geosiyasi narahatlıqları ilə bağlı ola bilər. Lakin hələlik bu barədə nə Türkiyədən, nə də Azərbaycandan rəsmi açıqlama verilməyib.
Bütün bu faktorlar onu deməyə əsas verir ki, İsrailin neft alıcısı kimi siyahıdan çıxarılması nə real ticarətin dayanması, nə də tərəfdaşlığın pozulması anlamına gəlir. Bu, daha çox regionda yaranmış yeni balanslar fonunda Azərbaycan diplomatiyasının manevr imkanlarını genişləndirmək üçün atdığı müvəqqəti və taktik addım ola bilər. İsrail Baş naziri Benyamin Netanyahunun Bakıya planlaşdırılan səfəri də göstərir ki, tərəflər arasında münasibətlər strateji səviyyədə qalır və enerji əməkdaşlığı bu münasibətlərin əsas dayaqlarından biri olaraq qalmaqda davam edəcək.
Asif Cəfərov
Ordu.az