Rusiya üçün təhlükə: “Novorossiya” bumeranqa çevrilir?

2025/05/1747651561.jpg
Oxunub: 875     15:45     22 May 2025    
ABŞ və Rusiya prezidentləri arasında elan edilməmiş telefon danışığı ərəfəsində Kremlin mətbuat xidməti Pavel Zarubinin Vladimir Putinlə müsahibəsinin ehtimal ki, efirə verilməmiş hissəsini yayıb. Bu hissə “qara gün üçün ehtiyat” kimi saxlanılmış ola bilər. Rusiya prezidenti müsahibədə bildirir ki, o, Birləşmiş Ştatların maraqlarına hörmətlə yanaşır və qarşılıq olaraq adekvat münasibət gözləyir.

Putinin təqdimatında Rusiya “xüsusi hərbi əməliyyatı məntiqi sonluğa çatdırmaq üçün bütün imkanlara malikdir” və bu, “Rusiyanın ehtiyac duyduğu nəticələrə nail olmaqla” mümkündür. O, həmin nəticələri belə tərif edir: “Bu, böhrana səbəb olan amillərin aradan qaldırılması, uzunmüddətli və sabit sülhün təmin edilməsi, eləcə də Rusiya dövlətinin təhlükəsizliyinin qorunması məqsədi daşıyır – söhbət daim vurğuladığımız, rusdilli əhalinin yaşadığı və Rusiyanı öz vətəni hesab edən insanların maraqlarının müdafiəsini tələb edən ərazilərdən gedir”.

Əgər Rusiya prezidenti doğru deyirsə, yəni həqiqətən də Ukraynanın bütün sol sahili, eləcə də Odessa və digər şəhərlərdə əhalinin əhəmiyyətli bir hissəsi üçün rus dili ana dilidirsə və bu insanlar Rusiyanı öz vətəni hesab edirlərsə, o zaman 2022-ci il fevralın 24-də Rusiya 150 minlik ordusu ilə hücuma keçdiyi zaman təkcə bu qeyd olunan ərazilərdə yox, həm də Xarkovda, Nikolayevdə, Çerniqovda, Ukraynanın digər şəhərlərində və minlərlə kəndində kütləvi mitinqlər, nümayişlər keçirilməli, insanlar rus tanklarının qarşısına “xalça sərməli” idilər.

Artıq müharibənin dördüncü ili gedir, lakin Ukraynanın heç bir şəhərində “Əbədi Ana Rusiya ilə” və ya “Yaşasın Novorossiya” şüarları ilə bircə kütləvi tədbir belə keçirilməyib. Və böyük ehtimalla ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retklifin fikri doğrudur: “Ukraynalılar zərurət yaranarsa, yalın əllə döyüşməyə hazırdırlar”. ABŞ kəşfiyyat rəhbəri bu fikri Senatda, Donald Trampın “əgər rus tankları bataqlıqlarda ilişib qalmasaydı, beşinci gün Kiyevə daxil olacaqdılar” sözlərinə cavab olaraq səsləndirib.

Moskva, təbii ki, son ana qədər israr edəcək ki, Ukraynaya qarşı heç bir aqressiv niyyəti yoxdur, sadəcə Kiyev “neonazizmindən rus və rusdilli əhalini xilas etmək” uğrunda mübarizə aparır. Lakin paradoks ondadır ki, həmin əhali “Zelenskinin faşist rejimindən xilas olmaq” üçün heç bir təşəbbüs göstərmir. Əks halda, Moskva Ukrayna ordusunun arxasında “Novorossiyanın azadlığı cəbhəsi”ni formalaşdırar, həmin yerlərdə alternativ hakimiyyət orqanları yaradardı.

Heç kim əminliklə deyə bilməz ki, telefon danışığının nəticəsi olaraq Donald Tramp Rusiyanın “qanuni maraqlarını” tanımayacaq və Ukrayna prezidentinə kapitulyasiya şərtlərini qəbul etdirməyəcək. Əgər bu hipotetik qurum bu gün Putinin tərəfində deyilsə və Zelenski ilə “neonasist Kiyev”ə qarşı mövqe tutmayıbsa, post-konflikt dövründə Putin “Novorossiya”nı necə idarə edəcək? Rusiya üçün “Novorossiya” bumeranqa çevrilə bilər. Çünki Krım və Kazan tatarlarının da Türkiyəni öz vətənləri hesab etmələri və Kremlin onlara bu hüququ tanımasını tələb etmələri istisna deyil.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Novorossiya  


Bizi "telegram"da izləyin