Fon der Leyen bildirib ki, Avropa İttifaqı Azərbaycan və Ermənistan liderlərini sülh sazişinin razılaşdırılması münasibətilə təbrik edib və bu sənədin tezliklə imzalanmasını səbirsizliklə gözləyir. Eyni zamanda, o qeyd edib ki, Aİ regionda nəqliyyat və kommunikasiya sahəsində investisiyalar qoymağa hazırdır.
Ursula fon der Leyenin bu paylaşımı əslində son günlərdə Aİ tərəfindən açıq şəkildə dilə gətirilən əsas strateji maraqları bir daha təsdiqləyir – söhbət Zəngəzur dəhlizi daxil olmaqla, Transxəzər Nəqliyyat Dəhlizi və ya digər adı ilə Orta Dəhlizin inkişafından gedir. Aİ bu dəhlizi yalnız texniki nəqliyyat layihəsi deyil, geosiyasi baxımdan vacib alternativ kimi dəyərləndirir.
Fon der Leyenin açıqlaması bir daha göstərir ki, Brüsselin Bakı və İrəvanla apardığı danışıqların mərkəzində məhz bu kommunikasiya layihəsinin gerçəkləşdirilməsi dayanır. Yəni Aİ üçün sülh sazişinin bağlanması təkcə regional sabitlik baxımından deyil, həm də mühüm iqtisadi layihələrin icrası üçün əsas şərtdir.
Qeyd edək ki, Aİ-nin nəqliyyat layihələrinə böyük miqyaslı investisiyalar qoymaq niyyəti yeni deyil. Hələ mart ayının sonunda Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bəyan etmişdi ki, Avropa İttifaqı Transxəzər Nəqliyyat Dəhlizinin inkişafı üçün 10 milyard avroya qədər sərmayə yatırmağa hazırdır. Bu bəyanat apreldə keçirilən Aİ–-Mərkəzi Asiya sammitindən əvvəl verilmişdi.
Aydın məsələdir ki, Aİ bu qədər böyük həcmdə sərmayəni yalnız yolların açılması üçün deyil, daha geniş siyasi və iqtisadi məqsədlər üçün planlaşdırır. Bu isə o deməkdir ki, Avropa İttifaqı layihənin icrasını Azərbaycan, Ermənistan və Türkiyənin razılığı və koordinasiyası çərçivəsində həyata keçirmək istəyir. Avropanın bu təşəbbüsü eyni zamanda regional qarşıdurmaları azaltmaq və Cənubi Qafqazı qlobal ticarət marşrutlarının ayrılmaz hissəsinə çevirmək strategiyasının bir hissəsidir.
Məlum olduğu kimi, Zəngəzur dəhlizi konsepsiyası Azərbaycan tərəfindən 2020-ci il Vətən müharibəsindən sonra irəli sürülüb və bu layihə regionda yeni nəqliyyat bağlantılarının qurulmasına yönəlib. Ermənistan əvvəlcə bu layihəyə qarşı çıxsa da, hazırda Brüssel formatında aparılan danışıqlar çərçivəsində bu dəhlizin reallaşması üçün diplomatik hazırlıqlar gedir.
Aİ rəhbərliyinin yüksək səviyyədə səsləndirdiyi dəstək və sərmayə vədləri göstərir ki, bu layihə təkcə Azərbaycan üçün deyil, Avropa üçün də strateji əhəmiyyət daşıyır. Bu dəhliz həm Çin-Avropa ticarət yolunun mühüm halqası olacaq, həm də Azərbaycanın logistika mərkəzinə çevrilməsi üçün əlavə imkanlar yaradacaq. Bununla yanaşı, Ermənistan da bu layihədən iqtisadi və geosiyasi baxımdan faydalana bilər – təbii ki, sülh sazişi imzalandığı və regional əməkdaşlıq formatı formalaşdığı halda.
Sonda qeyd edək ki, Avropa İttifaqının bu təşəbbüsü, Azərbaycanın diplomatik təşəbbüskarlığı və geoiqtisadi imkanları ilə üst-üstə düşür. Rəsmi Bakı artıq regionda nəqliyyat və enerji təhlükəsizliyinin əsas qarantlarından birinə çevrilib və bu reallıq beynəlxalq tərəfdaşlar tərəfindən də getdikcə daha çox etiraf olunur.
Aqil Məmmədov
Ordu.az