Azərbaycan təhlükəsizlik arxitekturasının kəsişməsində: Avropa və Yaxın Şərq arasında yeni mövqe

2025/05/1747480808.jpg
Oxunub: 926     17:30     17 May 2025    
ABŞ dövlət katibi Marko Rubio NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən sonra verdiyi müsahibədə bildirib ki, bir neçə həftə sonra keçiriləcək NATO sammitində bütün üzv ölkələr qarşıdakı onillik ərzində ÜDM-in 5 faizini müdafiə xərclərinə ayırmaq barədə razılığa gələcəklər. Rubio bu bəyanatı NATO xarici işlər nazirlərinin Türkiyədə keçirilən qeyri-rəsmi toplantısına əsaslanaraq verib? Bu, hələlik aydın deyil.

İctimai səviyyədə bu fikrə əsas verəcək konkret nümunələr görünmür. Məsələn, Almaniyanın müdafiə naziri daha əvvəl bildirmişdi ki, ÜDM-in 3 faizi daha real və qəbul edilə bilən həddir. Fərqli yanaşmalar da mövcuddur. Lakin burada əsas məsələ yalnız faiz göstəricisi və ya rəqəmlər deyil. Görünən odur ki, təhlükəsizlik mexanizmləri və modelləri ilə bağlı müxtəlif baxışlar formalaşmaqdadır.

Bunun sübutu kimi NATO-nun Antalyada keçirilmiş nazirlər görüşündən sonra ev sahibi olan Türkiyənin xarici işlər naziri Hakan Fidanın bəyanatı göstərilə bilər. Fidan yekun mətbuat konfransında bildirib ki, Avropa təhlükəsizliyinin yeni arxitekturası seçim və ya üstünlük məsələsi deyil, zərurətdir. Onun bu fikirləri NATO daxilində bu məsələnin müzakirə edildiyini və ən azı ciddi fikir ayrılıqlarının olduğunu göstərir. Bu fərqlər Avropa liderlərinin son bəyanatlarında da öz əksini tapır.

Almaniyanın yeni kansleri Mertz bəyan edib ki, Almaniya ordusu Avropada ən böyük və ən güclü olmalıdır. Fransa prezidenti Emmanuel Makron bildirib ki, Fransa müxtəlif Avropa şəhərlərində nüvə silahı daşıyan təyyarələrini yerləşdirməyə hazırdır. Qeyd edək ki, Fransanın nüvə arsenalı əsasən hava bazalı sistemlərə əsaslanır. Paris faktiki olaraq ABŞ-nin əvəzinə Avropaya nüvə “çətiri” təklif etməyə hazır olduğunu göstərir.

Paralel olaraq Avropada yeni təhlükəsizlik sxemləri ilə bağlı müzakirələr və razılaşmalar artır. Yaxın keçmişdə Fransa və Polşa bu tip bir razılaşma haqqında açıqlama verdilər. Hər iki ölkə NATO üzvü olsa da, təhlükəsizlik sahəsində əməkdaşlıq və qarşılıqlı yardım məntiqi ilə ikitərəfli razılaşmalar bağlayırlar. Bu isə NATO mexanizminin işləkliyinə dair şübhələrin artdığını göstərir. Daha öncə Britaniya da Ukrayna müharibəsi zamanı Polşa və Ukrayna ilə üçtərəfli təhlükəsizlik razılaşmaları imzalamışdı.

Serbiya da Macarıstan və Slovakiya ilə birlikdə yeni format yaratmaq niyyətində olduğunu bəyan edib. Görünən odur ki, Avro-Atlantik təhlükəsizlik mühitində yeni təhlükəsizlik arxitekturası ilə bağlı müzakirələr aktivləşib. Türkiyənin xarici işlər naziri Fidanın qeyd etdiyi kimi, bu, artıq sadəcə ehtimal deyil, strateji zərurətə çevrilir. Çünki aydın şəkildə görünür ki, ABŞ-nin qlobal strategiyasında dəyişikliklər baş verir və bu dəyişikliklər Avropada təhlükəsizliyin mövcud strukturlarının dayanıqlığını sual altına qoyur.

Buna sübut olaraq Pentaqon rəhbərinin bəyanatını göstərmək olar: ABŞ artıq Avropanın təhlükəsizliyinin yeganə təminatçısı ola bilməz. Bu böyük transformasiya prosesi ABŞ-nin Yaxın Şərq siyasətində də özünü göstərir. Keçmiş prezident Donald Trampın regiona səfəri zamanı Körfəz ölkələri ilə yüz milyardlarla dollar dəyərində iqtisadi razılaşmalar imzalanması, əslində, ABŞ-nin təhlükəsizlik prioritetlərini iqtisadi maraqlarla sıx şəkildə uzlaşdırdığını göstərir.

Nəticə etibarilə, Azərbaycan Avropa və Yaxın Şərq arasında yerləşən Qafqaz regionunun lider dövləti kimi iki əsas təhlükəsizlik platformasının – Avropa və Yaxın Şərqin kəsişməsində yerləşir. Bu, daxili siyasi gündəmin prioritet məsələlərindən biri olmalıdır. Çünki bu miqyasda transformasiyalarla bağlı ideya və yanaşmalar məhz Azərbaycanı strateji subyektə çevirə bilər.

Təhlükəsizlik sahəsində bu iki böyük sistemin yeni münasibətləri və arxitekturası Qafqazda onların qarşılıqlı uyğunlaşdırılmasını tələb edəcək. Bu uyğunlaşma artıq ehtimal deyil, strateji bir reallıqdır və onunla düzgün şəkildə davranmaq ölkələrin gələcəyini formalaşdıra bilər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Avropa   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin