Məhz bu səbəbdən, danışıqlardan sonra zalı tərk etməli olan Türkiyənin xarici işlər naziri Hakan Fidan zalda qalıb. O, tərəfləri tarixi imkandan istifadə etməyə və “sülhə aparan yolu açmağa” çağırıb. Fidanın sözlərinə görə, mövcud vəziyyətdə seçim böyük deyil: ya tərəflər razılaşaraq sülh yolunu seçirlər, ya da münaqişə daha da dərinləşir və yeni insan tələfatına, dağıntılara səbəb olur.
İstanbul danışıqları ətrafında informasiya fonu nə qədər hərəkətli olsa da, əslində nümayəndə heyətlərinin tərkibi yüksək səviyyəli deyil, bu isə o deməkdir ki, oradakı şəxslər qərar qəbul edən statusda deyillər. Qeyri-adi olan məqam isə Türkiyənin bu vasitəçiliyi xarici işlər naziri və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri səviyyəsində aparmasıdır.
Rusiya nümayəndə heyətinə Putinin köməkçisi Medinski rəhbərlik edir, heyətə həmçinin xarici işlər nazirinin müavini Qaluzin və Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinin (QRU) rəhbəri Kostikov daxildir.
Ukrayna nümayəndə heyətinə müdafiə naziri Umerov rəhbərlik edir, heyətdə xarici işlər nazirinin müavini Kislitsa, Təhlükəsizlik Xidmətinin sədr müavini Poklad və Xarici Kəşfiyyat Xidmətinin sədr müavini Luhovski də yer alıb.
Nümayəndə heyətlərinin tərkibi, həmçinin Türkiyə tərəfindən MİT rəhbəri İbrahim Kalının iştirakı danışıqların əsas mövzusunun hərbi-texniki məsələlər və xüsusi xidmət orqanlarının fəaliyyətinə dair olduğunu göstərir. Görünən budur ki, Rusiya prezidentinin köməkçisi Medinski bu qədər həssas bir müzakirədə ABŞ nümayəndəsinin birbaşa iştirakını istəməyib. Ehtimal olunur ki, həmin rolda ABŞ prezidentinin xüsusi nümayəndəsi Uitkof çıxış etməli idi.
Əlbəttə, Rusiya prezidentinin köməkçisi Medinski ABŞ diplomatının danışıqlar otağına daxil olmasının qarşısını almaq üçün müvafiq təlimatı birbaşa Vladimir Putindən almamış olsaydı, belə bir addım ata bilməzdi. Bu isə o deməkdir ki, “diplomatik nəzakətlərin mübadiləsinə” baxmayaraq, Vladimir Putin artıq Donald Trampa etibar etmir.
Ukrayna tərəfi əlbəttə ki, Rusiya nümayəndə heyəti ilə görüşün təfərrüatlarını Vaşinqtona ötürə bilər, lakin bu məlumat tam və əhatəli olmayacaq. Halbuki Türkiyə danışıqlarda həm xarici işlər naziri, həm də milli kəşfiyyat rəhbəri səviyyəsində iştirak etdiyi üçün Ukrayna müharibəsi və tərəflərin xüsusi xidmət orqanlarının addımları haqqında məlumatı – deyildiyi kimi – birbaşa, birinci əldən alır.
“Anadolu” müxbirinin məlumatına görə, Rusiya nümayəndə heyəti eyni gün ikinci mərhələ danışıqlarının keçirilməsi təklifini qəbul etməyib və Dolmabaxçanı tərk edərək hava limanına, oradan da Moskvaya yola düşüb. Moskva, ehtimal ki, Türkiyənin vasitəçiliyi ilə İstanbulda danışıqları davam etdirmək qərarı qəbul edə bilər, lakin Ukrayna nümayəndə heyətinin bir üzvü bildirib ki, “2022-ci ilin mövqelərinə qayıtmaq cəhdləri qəbuledilməzdir”. Əsas sual budur: Donald Tramp rus-ukrayna vasitəçiliyindən “sakit şəkildə kənara çəkilir”, bu rolu Türkiyəyə buraxır, yoxsa Avropanın təşəbbüsü ilə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə qoşulur?
Asif Cəfərov
Ordu.az