İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli söhbəti zamanı sərgilədiyi bədən duruşu tamamilə rahat və özünəinamlıdır. Prezidentin kresloda dərin oturması, sol qolunu arxalığa ataraq açıq və geniş oturuş nümayiş etdirməsi onun öz mövqeyində sabit dayandığını göstərir. Bu tip oturuş dominantlıq və nəzarət siqnalıdır. Qapalı deyil, əksinə, ətrafı “öz meydanı” kimi qəbul etdiyini göstərən açıq bədən duruşu, İlham Əliyevin qarşı tərəfi diqqətlə dinləməyə hazır olduğunu, lakin psixoloji üstünlüyü əlində saxladığını göstərir. Paşinyan isə daha irəli əyilmiş vəziyyətdədir və bədəni İlham Əliyevə yönəlib. Bu isə onun diqqətinin və marağının İlham Əliyevə yönəldiyini, həmçinin özünəinam səviyyəsinin daha aşağı olduğunu göstərir.
Görüş zamanı diqqətçəkən simvolik detal yalnız bədən dili ilə məhdudlaşmır – istifadə olunan mebel seçimi də siyasi mesajın bir hissəsinə çevrilir. İlham Əliyev iri, hündür arxalıqlı, qabarıq yan dayaqları olan bir kresloda əyləşib. Bu tip kreslolar simvolik olaraq “taxt” funksiyası daşıyır – liderliyi, hakimiyyəti və vizual üstünlüyü təcəssüm etdirir. Onun oturduğu kreslo yalnız rahatlıq deyil, həm də status ifadə edir. Kreslonun genişliyi İlham Əliyevin oturuşuna da təsir edir: o, bu “taxtda” tam sərbəst, geniş şəkildə əyləşir, məkanın və vəziyyətin sahibi olduğunu vizual olaraq bəyan edir.
Əksinə, Paşinyan kiçik, dairəvi, arxalığı az olan, daha sıravi bir stulda oturur. Bu stul təkcə fiziki olaraq daha aşağı səviyyədə deyil, həm də psixoloji təsiri baxımından daha passiv və “qonaq” statusunu vurğulayan bir mebel parçasıdır. Paşinyanın bu stulda oturması, onun bədənini qabağa əyməsinə, İlham Əliyevə daha çox yönəlməsinə səbəb olur. Nəticədə, bir lider kresloda sanki “taxt sahibi” kimi əyləşir, digəri isə həm fiziki, həm də simvolik olaraq qarşısında danışan, izah edən, inandırmağa çalışan mövqedə görünür. Bu, qeyri-verbal şəkildə tərəflər arasındakı güc balansının necə qabarıq şəkildə vizuallaşdığını göstərir.
İki lider arasında yerləşən kiçik, alçaq dairəvi masa da bu kompozisiyanın mühüm hissəsidir. Belə masalar normalda qeyri-rəsmi ab-hava yaratmaq məqsədi daşısa da, bu kontekstdə o, psixoloji baryer funksiyası daşıyır. Stolun Paşinyana daha yaxın olması onun masaya doğru əyilməsini stimullaşdırır, İlham Əliyev isə stoldan bir qədər uzaqda, daha sərbəst oturaraq sanki bu masanın onun üçün əngəl deyil, sadəcə bir detal olduğunu göstərir. İlham Əliyevin bu məsafəli, lakin açıq duruşu “dialoqa hazıram, amma şərtləri mən təyin edirəm” mesajını gücləndirir.
Paşinyanın görüşdən öncə İlham Əliyevə kofe içməyi təklif etməsi və Prezidentin “söhbətimi bitirim, sonra gələcəyəm” cavabı verməsi də bu dominantlıq tərzinin davamıdır. Paşinyan təşəbbüs göstərsə də, İlham Əliyev nəzakətli şəkildə vaxtı və ritmi özü müəyyən edir. Bu, İlham Əliyevin təkcə fiziki deyil, psixoloji məkanda da nəzarəti əlində saxladığını göstərir.

Bu fotoda isə daha geniş nümayəndə heyətləri arasında söhbət müşahidə olunur. İlham Əliyev yenə açıq və rahat oturuşdadır, əli kreslonun kənarına söykənib və söhbətin mərkəzində yer alır. Ətrafındakı şəxslərin – xüsusilə Ermənistan nümayəndələrinin – İlham Əliyevə doğru əyilərək danışmaları və onu dinləmələri, onun yalnız vəzifə etibarı ilə deyil, həm də vizual və simvolik mövqe baxımından lider rolu daşıdığını göstərir. Masada yerləşdirilmiş çiçək və içkilər simvolik olaraq “yumşaq diplomatiya” izləri daşısa da, İlham Əliyevin duruşu bu ab-havanı tam qəbul etmir – onun oturuşu, jestləri və üz ifadəsi görüşün rəsmi və strateji bir mərhələ olduğunu ortaya qoyur. Gülümsəmədən uzaq, lakonik mimika İlham Əliyevin bu platformanı səmimi yaxınlaşma yox, ölçülü və hesablama ilə dəyərləndirdiyini göstərir.
Bu görüntülərdə isə Fransa prezidenti Emmanuel Makronla təmas anı diqqət çəkir. Makronun İlham Əliyevə doğru yaxınlaşması və vizual təmas qurmaq istəyi diplomatik jest kimi görünə bilər. Lakin bu anda İlham Əliyevin üzündə müşahidə olunan ifadə daha çox ehtiyat və məsafə mesajı verir. Gülümsəmə olsa da, bədən dili sərtdir, irəli-geri hərəkətdə deyil və İlham Əliyev ətrafındakılarla danışmağa davam edir. O, nəzakətli şəkildə Makronun varlığını qeyd edir, lakin onu mərkəzə çəkmir. Bu, İlham Əliyevin Fransa ilə olan gərgin münasibətlər fonunda nəzakəti qoruyaraq məsafə saxlamaq strategiyasının vizual sübutudur. Onun jestləri və bədən dili göstərir ki, Fransa ilə münasibətlərdə hal-hazırda inam və yaxınlıq yoxdur. Bu isə siyasi mövqenin ardıcıl və prinsipial yürüdüldüyünü göstərir.
Ümumilikdə, fotolardakı qeyri-verbal ünsiyyət vasitələri Prezident İlham Əliyevin yüksək özünəinam, psixoloji nəzarət və diplomatik təmkin nümayiş etdirdiyini göstərir. Onun hər jesti və duruşu siyasi mesajlar verir: Vətən Müharibəsindən sonra yeni geosiyasi reallıqları qəbul etdirməyə yönəlmiş qətiyyətli və inamlı lider obrazı.
Baş redaktor Şahin Qocayev
Ordu.az