Əvvəla qeyd edilməlidir ki, Ermənistan parlamentinin Aİ-yə üzvlük prosesinin başlanması ilə bağlı qəbul etdiyi qanun artıq bir neçə aydır ki, gündəmdədir. Lakin Ursula fon der Leyen və Antonio Koştanın bu qərara reaksiyası yalnız Nikol Paşinyanla Albaniyada keçirilən görüş zamanı ifadə edildi. Bu fakt təkcə Aİ-nin rəsmi mövqeyinin qeyri-səmimiliyini deyil, həm də həmin qərarın yalnız Ermənistanın daxili siyasi auditoriyasına hesablandığını göstərir. Avropa İttifaqının liderləri bu sənədi sanki Ermənistandan müəyyən güzəştlər əldə etmək üçün saxlanılan təzyiq rıçağı kimi istifadə ediblər. Görünür, Paşinyan hökumətindən gözlənilən əsas məsələ Aİ-nin regiondakı nəqliyyat təşəbbüslərini qəbul etmək idi.
Aydındır ki, Avropa İttifaqı üçün Ermənistanın Aİ-yə üzv olması real bir hədəf deyil. Bu, nə Aİ daxilində ciddi müzakirə mövzusudur, nə də Brüssel bu məsələ ilə bağlı rəsmi yol xəritəsi təqdim edib. Əvəzində, Brüssel Orta Dəhliz layihəsində aktiv rol oynamaq istəyir və bu layihənin reallaşmasında Ermənistanın tranzit ölkə kimi daxil edilməsi üçün Paşinyana təzyiqlər göstərir. Ursula fon der Leyenin aprel ayında Özbəkistanda keçirilən Aİ-Mərkəzi Asiya sammitindəki çıxışı bunu açıq şəkildə göstərdi. O zaman o, Mərkəzi Asiyadan Avropaya uzanan marşrutların maneəsiz sərhədlərlə keçməli olduğunu, yəni Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə sərhədlərinin açılmasının vacibliyini vurğulamışdı. Bu, Ermənistanın maraqlarını ikinci plana atan, Aİ-nin isə geoiqtisadi maraqlarını birinci yerə çıxaran bir mövqedir.
Bütün bu proseslərin fonunda diqqət çəkən bir detal da var: Ursula fon der Leyenin çıxışından və Paşinyanla görüşündən əvvəl Ermənistanın xarici işlər naziri Brüsselə səfər edərək Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə komissarı Kaya Kallasla görüşmüşdü. Kallas bundan cəmi bir neçə həftə əvvəl Bakıda Prezident İlham Əliyevlə danışıqlar aparmışdı. Bu ardıcıllıq bir daha göstərir ki, Brüssel paralel kanallar vasitəsilə Bakı və İrəvanla danışıqlar apararaq regiondakı nəqliyyat xətlərinin açılması məsələsində təşəbbüsü əldən vermək istəmir.
Digər tərəfdən, Aİ rəhbərliyi Ermənistanı Rusiya və İranla geosiyasi qarşıdurmanın alətinə çevirməyə çalışır. Ermənistana verilən “Avropa gələcəyi” vədləri real dayaqdan çox, cazibədar söz yığınından ibarətdir. Brüssel yaxşı bilir ki, Ermənistan nə iqtisadi, nə də institusional baxımdan Aİ-yə inteqrasiya üçün hazır deyil. Ermənistan bu vədlər qarşılığında bölgədəki əsas nəqliyyat layihələrinin formalaşmasına razılıq verməlidir.
Azərbaycan üçün əsas hədəf regionda suverenlik və bərabərhüquqluluq əsasında sülhün və əməkdaşlığın təmin edilməsidir. Bakı Orta Dəhlizin və Zəngəzur dəhlizinin reallaşmasında açıq və prinsipial mövqe tutur. Ermənistan isə bu proseslərdə müxtəlif beynəlxalq güclərin manevr meydanına çevrilmək təhlükəsi ilə üz-üzədir. Aİ-nin İrəvanla münasibətlərində istifadə etdiyi manipulyativ yanaşma bunun açıq göstəricisidir.
Aqil Məmmədov
Ordu.az