Əntilyas görüşünün pərdəarxası: Rusiya I Aramın qapısını niyə döyür?

2025/05/1747132446.jpg
Oxunub: 909     17:33     13 May 2025    
Livanın Əntilyas şəhərində yerləşən Böyük Kilikya Sis Erməni Katolikosluğunda diqqətçəkən bir görüş baş tutub. Erməni katolikos I Aram Rusiya Federasiyasının Livandakı səfiri Aleksandr Rudakov və Suriyada rus pravoslav icmasının dini lideri Filiplə bir araya gəlib. Kilikya katolikosluğunun yaydığı məlumatda bildirilir ki, görüş bir saatdan artıq davam edib və burada Ermənistan-Rusiya-Azərbaycan münasibətləri, Yaxın Şərqdəki vəziyyət, eləcə də erməni və rus kilsələri arasındakı əlaqələr müzakirə olunub. Bu isə görüşə sıradan bir diplomatik təmasdan daha artıq mənalar yükləyir.

I Aramın Livan ictimai-siyasi həyatında erməni icmasının əsas simalarından biri olaraq xarici ölkə diplomatları ilə tez-tez görüşməsi yeni deyil. Lakin məhz Rusiyanın səfiri ilə bu formatda və bu məkan çərçivəsində baş tutan görüş bir sıra suallar doğurur. Görünür, bu, Livandakı Rusiya səfirinin Əntilyasa ilk səfəri idi, yaxud da çox uzun fasilədən sonra baş tutmuş bir görüş idi. Bundan əlavə, xüsusi diqqət çəkən məqam ondan ibarətdir ki, görüşdə səfiri Suriyadakı rus icmasının dini lideri də müşayiət edib. Bu isə Rusiyanın sadəcə Livanla deyil, bölgə ilə bağlı daha geniş mənzərəni nəzərdə tutaraq erməni katolikos I Aramdan müəyyən gözləntiləri olduğuna işarə edir.

Unutmayaq ki, hazırda I Aram dünya kilsələrini birləşdirən “Kilsələrin Ümumdünya Şurası”nın prezidenti vəzifəsini daşıyır. Həmin şuraya isə Rusiya Pravoslav Kilsəsi də daxildir. Yəni, erməni katolikos bu statusla həm Vatikan, həm də Moskva ilə eyni zamanda ünsiyyət kanallarına malikdir. Hazırda Vatikanda yeni papa seçilib və o, amerikalı kardinallar arasından çıxmış ilk şəxsdir. Bu seçimin arxasında isə ABŞ-nin keçmiş prezidenti Donald Trampın təsirinin olduğu iddiaları dolaşır. Trampın seçkidən bir neçə gün əvvəl papalıq geyimində çəkilmiş fotokollajı paylaşması onun bu proseslə əlaqəsi haqqında ehtimalları gücləndirmişdi.

Qeyd olunmalıdır ki, Tramp 2024-cü ilin noyabrında keçirilmiş ABŞ prezident seçkilərindən bir neçə gün əvvəl məhz I Aram ilə telefon danışığı aparmışdı. Bu ünsiyyətin Papa seçkisinə aidiyyəti olmasa da, Trampın I Aram ilə belə bir əlaqə qurması və bunun diplomatik dairələrdə nəzərə alınması faktdır. Bütün bunlar Rusiyanın da erməni katolikosun əlaqələrindən istifadə etməyə çalışdığını göstərir. Çünki I Aram həm ABŞ, həm də Vatikanla birbaşa deyil, amma öz statusu sayəsində dolayı əlaqələrə sahibdir. Bu, Rusiya üçün ABŞ ilə qeyri-rəsmi kanallar üzərindən təmas imkanları deməkdir.

Bununla belə, yaranan suallardan biri də budur: əgər Moskva bu cür əlaqələrə ehtiyac duyursa, bu, Rusiya-ABŞ arasında birbaşa ünsiyyət mexanizmlərinin zəifləməsinəmi işarədir? Digər ehtimal isə ondan ibarətdir ki, Moskva məhz Ermənistan, Azərbaycan və Rusiya arasındakı proseslərdə yeni vasitəçi və ya dini statuslu təsir aləti axtarır. Xüsusilə də, görüşdə məhz bu üç ölkə arasındakı münasibətlərin müzakirə edilməsi və paralel olaraq Rus Pravoslav Patriarxı Kirillin Bakıya son səfərinin vaxt baxımından eyni dövrə təsadüf etməsi təəccüb doğurmur.

Erməni tərəfi hər zaman Qərblə Rusiya arasında “körpü” rolu oynamaq istəyib, lakin faktiki olaraq bu cəhdlər iflasa uğrayıb. İndi isə eyni oyunu dini platformalarda təkrarlamaq və özlərinin regional önəmini süni şəkildə artırmaq istəyirlər. Lakin Ermənistan nə siyasi, nə də dini baxımdan bu cür geosiyasi missiyaları daşımaq gücündə deyil. Əksinə, bu kimi görüşlər bir daha göstərir ki, Ermənistanın daxili və xarici siyasətində zəifliklər dərinləşdikcə, kənar vasitələrlə öz təsirini qorumağa çalışır, bu isə uzunmüddətli perspektivdə iflasa məhkumdur.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əntilyas   Rusiya   I-Aram  


Bizi "telegram"da izləyin