Astana danışıqları Putin-Ərdoğan “buz”larını əridəcək? – BAXIŞ BUCAĞI

2024/06/3-1-s-1718346035.jpg
Oxunub: 730     15:40     14 İyun 2024    
“Bildiyimə görə, iyulun əvvəlində Astanada prezident Ərdoğanın da iştirak edəcəyi beynəlxalq tədbir planlaşdırılır və mən onunla Astanada görüşməyi gözləyirəm”. Bu sözləri Rusiya prezidenti Vladimir Putin Moskvada Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edərkən deyib.

Fidanın Kazanda keçiriləcək BRICS xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün Rusiyaya getdiyini nəzərə alsaq, həmin görüş kifayət qədər maraqlıdır. Türkiyənin BRICS üzvlüyünə namizəd statusu var və Fidan toplantıdan əvvəl bu il üzvlüklə bağlı qərar alacaqlarını gözlədiklərini açıqlayıb. Fidan bunu bir neçə gün əvvəl Çinə səfəri zamanı deyib.

Rusiyaya səfəri zamanı o, nəinki BRICS xarici işlər nazirlərinin toplantısında iştirak edib, həmçinin keçmiş həmkarı, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, 44 günlük müharibədən sonra “Qarabağda Türkiyə ilə mürəkkəb əməliyyat həyata keçirdik” ifadəsinin müəllifi olan keçmiş müdafiə naziri, hazırda Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu və nəhayət, Putin ilə görüşlər keçirib. Fidan onu qəbul etməyə razılıq verdiyi üçün Putinə təşəkkür edib, müzakirə etmək istədiyi bir sıra məsələlərin olduğunu deyib.

Fidanın Rusiyadakı görüşlərinin bu cür mürəkkəb xarakter daşıması yəqin ki, onun son bir ildə Rusiya-Türkiyə münasibətlərində nəzərəçarpacaq soyuqlaşmanın aradan qaldırılması üçün Ankaradan konkret təkliflərlə çıxış etməsindən xəbər verir. Ötən ildən Putinin Ankaraya səfərinin gözlənildiyi barədə xəbərlər yayılıb. Bunun 2023-cü ildə Türkiyədə keçiriləcək prezident seçkilərindən əvvəl baş verəcəyi güman edilirdi, lakin sonra bunun Türkiyənin yeni hökuməti formalaşandan sonra baş verəcəyi deyilirdi.

Ancaq bu günə qədər həmin səfər baş tutmayıb və Putinin bəyanatına əsasən, yaxın gələcəkdə baş tutmayacaq. Ötən ilin iyulunda NATO Assambleyasına qədər Türkiyə Qərblə İsveçin üzvlüyü də daxil olmaqla, bir sıra mühüm razılaşmalar əldə etdi. Türkiyə parlamenti üzvlük müqaviləsini ratifikasiya edib və Ərdoğan imzalayıb. Rusiya üçün bu, strateji əhəmiyyət kəsb edən məsələ idi. Bu, soyuqluğun səbəbi və ya ən azından səbəblərindən biri ola bilər. O da istisna edilmir ki, bəlkə də Rusiya Türkiyə ilə münasibətlər məsələsində qiyməti artırmağa çalışır və yaranmış vəziyyəti fürsət olaraq dəyərləndirir.

Putin Ərdoğanla Astanada görüşəcəyini elan etməklə əslində fəqli bir şeyə “imza atır”, çünki hər hansı bir beynəlxalq tədbirin platformasında görüşmək bir şeydir, hansısa dövlətə səfər zamanı görüşmək başqa şeydir. Eyni zamanda, Putin Astanada yəqin ki, Fidanın Rusiyaya səfəri çərçivəsində təqdim etdiyi məsələlərlə bağlı Rusiyanın gəldiyi qənaəti ifadə edəcək.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Astana-danışıqlar   Putin   Ərdoğan  


Bizi "telegram"da izləyin