Ordu.az xəbər verir ki, ASELSAN sərgidə yerli istehsal potensialının və müstəqil istehsal gücünün artmasına dəstək verəcək milliləşdirmə işləri ilə strateji tərəfdaşları üçün xüsusi işlər həyata keçirir.
Türkiyənin müdafiə texnologiyaları sahəsində ən böyük şirkət olan ASELSAN-ın İdarə Heyətinin sədri və baş direktoru Haluk Görgün SAHA sərgisinə çox böyük önəm verdiyini bildirib.
“Beynəlxalq iştirakın da olacağı yarmarkada yüksək texnologiyalı sistemlərimizlə yanaşı milliləşdirmə çərçivəsində ölkəmizə gətirilən çoxlu sayda məhsul da nümayiş etdiriləcək. Bu məhsullar arasında bu yaxınlarda milliləşdirilməsi başa çatan məhsullar da olacaq”, - deyə o qeyd edib.
Şirkət sərgidə dünyada öz sinfində birinci olan gücləndirici modullar, müdaxiləyə davamlı GNSS qəbulediciləri, yüksək tezlikli (RF) komponentlər, mühüm texnologiyalara malik giroskoplar, inersial sistemlər, sensorlar, milli və yerli istehsal optik məhsullar, sonar sistemlərini təqdim edir.
Tədbirdə Azərbaycan, Qazaxıstan, Pakistan və İordaniya daxil olmaqla 80 ölkəyə məhsul ixrac edən, o cümlədən birbaşa satış, texnologiya transferi və məhsullarının birgə istehsalı ilə məşğul olan ASELSAN iştirakçılara məhsul və sistemləri ilə yanaşı, tədarük zəncirinin idarə edilməsi sahəsində gördüyü işlər barədə də məlumat verir.
Sərgidə iştirakla bağlı sosial media hesablarında paylaşım edən ASELSAN üzərində texniki detalların yer aldığı görüntülərdən istifadə edib. Paylaşımda 35 mm çoxməqsədli “Göker” silah sistemi, uzaqdan idarə olunan “Stamp-L” silah sistemi, 40 mm çaplı “Şahin” fiziki məhvetmə sistemi, uzaqdan idarə olunan stabilləşdirilmiş SARP-L silah sistemi, orta səviyyəli “Aslan” robotları, “Aselflir-400” elektro-optik kəşfiyyat və müşahidə sistemi, ANS 600 ətalətli naviqasiya sistemi və HGK dəqiq tuşlama dəsti görünür.
Sevinc Əliyeva
Ordu.az