Ordu.az xəbər verir ki, Paşinyan bu barədə iyunun 18-də keçirdiyi brifinq zamanı danışıb.
Ermənistanın Baş naziri bildirib ki, görüşün keçirilməsinin zəruriliyini araşdırmaq tapşırığını şəxsən özü verib. Onun sözlərinə görə, hər iki ölkənin ekspertləri vəziyyətin gərginləşməsinə səbəb ola biləcək müəyyən tendensiyalar müşahidə etdikləri üçün belə təmasın faydalı ola biləcəyi qənaətinə gəliblər.
“Görüş zamanı Ermənistanın daxili siyasi həyatı ilə bağlı heç kimə hesabat verilməyib və ya izahat təqdim olunmayıb. Diplomatik fəaliyyətin mahiyyəti tərəflərin öz mövqelərini birbaşa şəkildə bir-birinə izah etməsindən ibarətdir.
Görüşdə yalnız daxili siyasi məsələlər deyil, onlarla başqa mövzu da müzakirə olunub. Bunların sırasında azadlıqdan məhrum edilmiş şəxslər və sərhədlərin idarə olunması ilə bağlı məsələlər də yer alıb”, - deyə o qeyd edib.
Paşinyan bildirib ki, müxtəlif qonşu dövlətlərlə müxtəlif formatlarda əlaqələr mövcuddur və bu cür informasiya mübadiləsi beynəlxalq praktikada normal hesab olunur.
O, Azərbaycan nümayəndəsi ilə Ermənistanın daxili siyasi vəziyyətinin müzakirə edilməsini “alçaldıcı” hesab etmədiyini bildirib və bunu diplomatiyanın tərkib hissəsi kimi qiymətləndirib.
Görüşün təfərrüatları ilə bağlı əlavə sualı cavablandıran Paşinyan qeyd edib ki, bu mövzu barədə bir gün əvvəl parlamentdə geniş danışılıb və əlavə ediləcək yeni məlumat yoxdur.
“Görüşün Ermənistanda keçirilməsi xüsusi əhəmiyyət daşıyır və bu, regiondan kənarda deyil, məhz region daxilində sülh prosesinin irəlilədiyini göstərir”, - deyə Ermənistanın Baş naziri qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az