Ordu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 18-də hökumətin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
O, “Financial Times” nəşrinin Avropa İttifaqının Ermənistan üçün Rusiyaya ixrac məhdudiyyətlərinin təsirlərini kompensasiya etməyə yönəlmiş təcili yardım paketi hazırladığı barədə məlumatına münasibət bildirib.
Paşinyan qeyd edib ki, Avropa İttifaqındakı tərəfdaşlarının operativ reaksiyasına, o cümlədən maliyyə dəstəyinə görə minnətdardır. Onun sözlərinə görə, Ermənistan hökuməti də mövcud büdcə imkanları çərçivəsində sahibkarlara daha ünvanlı dəstək göstərir.
Ermənistanın baş naziri bildirib ki, hazırda Ermənistanın məhsul ixrac etdiyi yeni istiqamətlərin sayı ondan çox ölkəni əhatə edir və onların əksəriyyətinə əvvəllər ümumiyyətlə ixrac həyata keçirilməyib.
Paşinyanın sözlərinə görə, artıq həmin bazarlara məhsul partiyaları göndərilir və iri, uzunmüddətli müqavilələr imzalanır.
O qeyd edib ki, əsas problem artıq bazar tapmaq deyil, mövcud müqavilələr üzrə öhdəlikləri yerinə yetirmək və məhsulları vaxtında çatdırmaqdır. Paşinyan vurğulayıb ki, açılmış yeni bazarlarda tələbat Ermənistanın əvvəlki ixrac imkanlarından xeyli yüksəkdir.
“Sahibkarlara istehsal həcmlərini artırmaq üçün dəstək verilməlidir ki, onlar yalnız qısamüddətli problemləri həll etməsin, həm də uzunmüddətli perspektivdə həmin bazarlarda mövqelərini möhkəmləndirsinlər”, - deyə o qeyd edib.
Məhsulların ixrac edilə bilmədiyi üçün xarab olması ilə bağlı suala cavab verən Paşinyan bunun istehsal prosesinin ayrılmaz hissəsi olduğunu deyib.
“Əvvəllər heç bir sahibkar olmayıb ki, onun məhsulunun bir hissəsi xarab olmasın. Qızılgül də xarab olur, ərik də xarab olur, şaftalı da xarab olur. Bu, istehsal prosesinin ayrılmaz hissəsidir. Sadəcə, haradasa bir çürümüş ərik görünən kimi dərhal əsas xəbərə çevrilir”, - deyə o bildirib.
Paşinyan əlavə edib ki, tullantısız istehsal mövcud deyil və belə bir model yaradan iqtisadçı bütün mümkün mükafatlara layiq görülərdi.
Alpər Mövludoğlu
Ordu.az