Lerikdə dini təhlükəsizlik və ideoloji təhdidlər mövzusunda regional konfrans keçirilib - YENİLƏNİB

2026/06/Ekran-1781764251.jpg
Oxunub: 367     13:40     18 İyun 2026    
Lerikdə "Müasir dövrdə dini təhlükəsizlik və ideoloji təhdidlər" mövzusunda regional konfrans keçirilib.

Ordu.az "Report"a istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən konfransda Dövlət Komitəsi ilə Lerik Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Konfransın əvvəlində Vətən müharibəsində qazanılmış tarixi Zəfərə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Lerik rayon icra hakimiyyətinin başçısı Əkbər Abbasov çıxışında bildirib ki, güclü dövlət milli və dini irsin qorunmasının əsas təminatçısıdır. Dini sahədə həyata keçirilən maarifləndirmə tədbirləri dövlət qurumları ilə dini icmalar arasında əməkdaşlıq və vahid ictimai düşüncənin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu istiqamətdə görülən işlər milli-mənəvi dəyərlərin təbliği, dini həmrəyliyin möhkəmləndirilməsi və gənc nəslin sağlam ideoloji mühitdə formalaşmasına töhfə verir.

Eyni zamanda, bu, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər nəticəsində işğaldan azad olunmuş ərazilərdə məscidlərin və digər dini-mədəni abidələrin bərpası dövlətin milli-mənəvi dəyərlərə verdiyi önəmin bariz göstəricisidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov Azərbaycanda dövlət və din münasibətləri fonunda qarşıya çıxan əsas ideoloji təhlükələr haqqında danışaraq, İslam dəyərlərinin azərbaycançılıq məfkurəsi ilə vəhdətdə qorunmasının vacibliyi vurğulayıb. Qeyd edib ki, din pərdəsi altında başqa xalqların həyat tərzinin və təfəkkürünün cəmiyyətə yeridilməsi, dinin siyasiləşdirilərək ibadət yerlərinin ideoloji alətə çevrilməsi və dünyəvilik prinsipinə qarşı çıxışlar birbaşa milli təhlükəsizliyə təhdiddir.

G.İsmayılov Azərbaycana xas olan multikulturalizm, tolerantlıq və məzhəblərarası dinc yanaşı yaşama ənənələrinin qorunmasının, dindarlıqla məzhəbçiliyin bir-birindən fərqləndirilməsinin vacib olduğunu diqqətə çatdırıb.

Milli Məclisin deputatı Vasif Qafarov bildirib ki, radikalizmlə mübarizədə maarifləndirmə, düzgün dini təhsil və gənclərin adət-ənənələrə bağlı yetişməsi mühüm əhəmiyyət daşıyır. Dini təhlükəsizliyin və mədəni irsin qorunması dövlətlə yanaşı, cəmiyyətin ümumi məsuliyyətidir və bu istiqamətdə birgə fəaliyyət göstərilməsi vacibdir. Azərbaycanın tarixən tolerantlıq və multikulturalizm ənənələrinə sadiq qaldığını vurğulayan V.Qafarov ölkədə dini etiqad azadlığının təmin edildiyini, müxtəlif dini konfessiyaların qarşılıqlı hörmət şəraitində fəaliyyət göstərdiyini qeyd edib.

Tədbir işini "Qloballaşma prosesində din amili" və "İdeoloji çağırışlar kontekstində dini radikalizm" mövzuları üzrə panel müzakirələrlə başa vurub.

***

Lerikdə "Müasir dövrdə dini təhlükəsizlik və ideoloji təhdidlər" mövzusunda regional konfrans keçirilir.

Ordu.az "Report"a istinadən xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən konfransda Dövlət Komitəsi ilə Lerik Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatı, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, din xadimləri və dini icma sədrləri iştirak edirlər.

Konfransın məqsədi müasir dövrdə dini təhlükəsizliyin təmin olunması, dini radikalizm, ekstremizm və digər ideoloji təhdidlərə qarşı mübarizədə dövlət qurumları, hüquq-mühafizə orqanları, din xadimləri və ictimaiyyət nümayəndələri arasında əməkdaşlığın gücləndirilməsi, həmçinin cəmiyyətdə sağlam dini-mənəvi mühitin təşviq edilməsidir.

Konfransda dini sahədə mövcud çağırışların müzakirəsi, gənclərin zərərli ideologiyaların təsirindən qorunması, milli-mənəvi dəyərlərin təbliği, dini maarifləndirmə işinin effektivliyinin artırılması və dövlət-din münasibətlərinin inkişafı istiqamətində müzakirələr aparılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lerik   Konfrans  


Bizi "telegram"da izləyin