Pakistanlı ombudsman: "Süni intellekt insanın köməkçisi olmalıdır, əvəzedicisi yox"

2026/06/Ekran-1781776130.jpg
Oxunub: 193     13:25     18 İyun 2026    
Süni intellekt insan hüquqlarını möhkəmləndirməlidir, qeyri-bərabərliyi gücləndirməməlidir.

Ordu.az xəbər verir ki, bu barədə Pakistanın Federal Ombudsmanı Navid Kamran Baloç (Naveed Kamran Baloch) Ombudsmanların Beynəlxalq Bakı Sammiti çərçivəsində keçirilən panel sessiyasında bildirib.

"Süni intellekt insana qərar qəbul etməkdə kömək etməlidir, onu əvəz etməməlidir. Texnologiyalar səmərəliliyi artıra bilər, lakin müdrikliyi əvəz edə bilməz. Onlar məlumatları təhlil edə bilər, prosesləri sürətləndirə bilər, lakin empatiyanı əvəz etmək iqtidarında deyil", - ombudsman qeyd edib.

O əlavə edib ki, süni intellektin gələcəyi təkcə texnoloji tərəqqi ilə deyil, həm də cəmiyyətin dəyərləri ilə müəyyən edilir.

N.Baloç vurğulayıb ki, süni intellekt inkişafın güclü alətinə çevrilə bilər, lakin onun təsiri əsasən tətbiqinin əsasında dayanan prinsiplərlə müəyyən edilir:

"Əgər biz insan hüquqlarını innovasiyaların mərkəzinə qoysaq, süni intellekt inklüzivlik, şəffaflıq və idarəetmənin təkmilləşdirilməsi üçün güclü bir alətə çevriləcək. Əgər biz bu prinsiplərə məhəl qoymasaq, eyni texnologiya bərabərsizliyi dərinləşdirə və ictimai etimadı sarsıda bilər".

Onun sözlərinə görə, hazırda əsas çağırış texnologiyalardan istifadə faktının özündə deyil, onların məsuliyyətli şəkildə tətbiqindədir:

"Dövlətlər şəffaflığı, hesabatlılığı və fundamental hüquqların müdafiəsini təmin edən aydın hüquqi və etik çərçivələr yaratmağa, texnologiya tərtibatçıları isə ədalətli, təhlükəsiz və ayrı-seçkiliyə yol verməyən sistemlər yaratmağa borcludurlar. Vətəndaş cəmiyyəti məlumatlılığı artırmalı və yeni texnologiyalardan məsuliyyətli şəkildə istifadəni təşviq etməlidir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pakistan   Ombudsman  


Bizi "telegram"da izləyin