Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Yeni seçilmiş parlament niyə legitim deyil? Hüquqi terror və nəticələrin redaktə edilməsinin xronologiyası” başlıqlı məqaləsində yazıb.
Nəşr qeyd edir ki, demokratik sistemlərdə seçkilərin legitimliyi yalnız səsvermə günü ilə müəyyən edilmir.
“Legitimlik rəqiblər üçün bərabər şəraitin təmin edilməsi, ictimai müzakirələrin sərbəst aparılması və səsvermə nəticələrinin toxunulmazlığı kimi fundamental prinsiplərə əsaslanır. Bu zəncirin həlqələri məqsədli şəkildə dağıdıldıqda yekun nəticə xalqın real iradəsini ifadə edə bilməz”, - deyə məqalədə bildirilib.
“Past” iddia edir ki, seçkilərdən əvvəl oyun qaydalarının dəyişdirilməsi müxalifətin imkanlarını məhdudlaşdırmağa yönəlmişdi.
“Qanunvericilik konkret şəxsin adı ilə siyasi blokların yaradılmasına imkan verdiyi halda, seçki ərəfəsində müxalif qüvvələrə bu formatda iştirak etmək qadağan edildi. Bu addımın məqsədi müxalifətin təşkilati və siyasi üstünlüklərini zəiflətmək idi”, - deyə nəşr yazıb.
Məqalədə “Güclü Ermənistan” partiyasının nümunəsinə də toxunulub.
“Partiyanın ən fəal üzvlərindən təxminən 700 nəfər, yəni qərargah rəhbərləri, regional və yerli məsul şəxslər cinayət təqibləri, həbslər və ya ev dustaqlığı ilə üzləşdi. Bu, partiyanın təşkilati fəaliyyətini faktiki olaraq iflic etdi”, - deyə nəşr qeyd edib.
Müəllifin fikrincə, partiya əməkdaşlarına ödənilən qanuni maaşların seçki rüşvəti kimi təqdim edilməsi də siyasi təzyiq aləti olub.
“Qanuni maliyyə münasibətlərinin bu cür süni şəkildə təhrif edilməsi kütləvi axtarışlar, həbslər və təqiblər üçün əsas kimi istifadə edildi. Məqsəd siyasi qüvvənin maliyyə və təşkilati fəaliyyətini tamamilə iflic etmək idi”, - deyə məqalədə vurğulanıb.
“Past” həmçinin “Çiçəklənən Ermənistan” Partiyası ilə bağlı prosesləri seçkilərin ən mübahisəli məqamlarından biri kimi təqdim edib.
“Rəsmi yenidənsaymadan sonra məlum oldu ki, “Çiçəklənən Ermənistan” Partiyası parlamentə düşmək üçün lazım olan 4 faizlik həddi aşır. Bundan sonra hakimiyyət görünməmiş addım atdı. Partiyanın yüksək nəticə göstərdiyi iki seçki məntəqəsində səsvermənin nəticələri tamamilə ləğv edildi”, - deyə nəşr iddia edib.
Məqalədə seçki kampaniyası dövründə qorxu mühitinin yaradıldığı da bildirilib.
“Rəqibləri hədələyən, onları həbs etdirməklə və ya məhv etməklə bağlı bəyanatlar cəmiyyətdə psixoloji terror mühiti formalaşdırdı. İctimai görüşlərdə Nikol Paşinyanla mübahisə edən və ya ona narahat suallar verən şəxslər təqib və təzyiqlərlə üzləşirdilər”, - deyə nəşr yazıb.
“Past” hesab edir ki, seçki dövründə müharibə təhlükəsi ilə bağlı səsləndirilən bəyanatlar da seçicilərin qərarına təsir göstərib.
“Konstitusiya çoxluğu əldə olunmayacağı təqdirdə ölkəni yaxın aylarda dağıdıcı müharibənin gözlədiyi barədə tezislər cəmiyyətin ayıq və sərbəst seçim etmək imkanını məhdudlaşdırdı. Bir çox vətəndaş ideya və proqramlara görə deyil, təhlükəsizlik qorxusunun təsiri altında səs verdi”, - deyə məqalədə qeyd olunub.
Nəşr yekunda belə nəticəyə gəlib: “Oyun qaydalarının dəyişdirilməsi, yüzlərlə fəalın təqib olunması, siyasi rəqiblərin hədəfə alınması, qorxu mühitinin yaradılması, inzibati resurslardan istifadə və seçki nəticələrinin kobud şəkildə dəyişdirilməsi şəraitində keçirilən seçkilər legitim hesab oluna bilməz. Belə bir vəziyyətdə yeganə hüquqi və siyasi çıxış yolu bu nəticələrin etibarsız sayılması və yeni, ədalətli seçkilərin keçirilməsidir”.
Alpər Mövludoğlu
Ordu.az