“Past”: Rusiya Ermənistan seçkilərinin nəticələrini tanımasa nə baş verəcək?

2026/06/1781323930.jpg
Oxunub: 216     08:11     13 İyun 2026    
“Böyük dövlətin müttəfiq və ya tərəfdaş ölkədə keçirilən seçkilərin nəticələrini tanımaması həmin dövlət üçün ciddi siyasi və təhlükəsizlik nəticələri yarada bilər”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Rusiya Ermənistan seçkilərinin nəticələrini tanımasa nə baş verəcək?” başlıqlı məqaləsində yazıb.

Nəşrin iddiasına görə, seçkilərin nəticələrinin tanınmaması ilk növbədə ikitərəfli diplomatik münasibətlərə təsir göstərəcək və yeni hakimiyyətin legitimliyi ilə bağlı mübahisələr yaradacaq.

Məqalədə qeyd olunur ki, belə halda yüksək səviyyəli təmaslar məhdudlaşdırıla, səfərlər təxirə salına və tərəflər arasında siyasi dialoq zəifləyə bilər.

“Vəziyyət Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi qurumların fəaliyyətinə də təsir göstərə bilər. Moskva bu platformalarda müxtəlif prosedur maneələri yarada və əməkdaşlığı çətinləşdirə bilər. Təhlükəsizlik sahəsində əməkdaşlığın zəifləməsi, hərbi-texniki əlaqələrin məhdudlaşdırılması və kəşfiyyat məlumatlarının mübadiləsinin azalması kimi risklər yarana bilər”, - deyə müəllif bildirib.

Nəşr iqtisadi sahədə də mümkün təzyiq vasitələrindən bəhs edir. Bildirilir ki, enerji daşıyıcılarının qiymətlərinin artırılması, ixrac məhsullarına məhdudiyyətlərin tətbiqi və miqrasiya siyasətinin sərtləşdirilməsi ölkə iqtisadiyyatına mənfi təsir göstərə bilər.

“Dünya təcrübəsi göstərir ki, böyük dövlətlərin seçkilərin nəticələrini tanımaması bir çox hallarda ciddi siyasi böhranlara səbəb olub. Belə vəziyyətlərdə ölkələr yeni təhlükəsizlik və xarici siyasət reallıqları ilə üzləşirlər”, - deyə məqalədə vurğulanıb.

Nəşrin qənaətinə görə, belə bir ssenari kiçik və orta dövlətlər üçün ciddi çağırışlar yaradır və onların yeni təhlükəsizlik mexanizmləri axtarmasını zəruri edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin