Altı ildə Ermənistanda çox şey dəyişib: “bir bülleteni belə saxtalaşdırmamaq” andına nə oldu?

2026/06/1781324118.jpg
Oxunub: 169     08:14     13 İyun 2026    
Ermənistanda parlament seçkilərinin yekun nəticələrinin açıqlanması ərəfəsində seçki prosesi ilə bağlı mübahisələr davam edir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Altı ildə çox şey dəyişib: “bir bülleteni belə saxtalaşdırmamaq” andına nə oldu?” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edir ki, Ermənistan Mərkəzi Seçki Komissiyası qanunvericiliyə uyğun olaraq seçkilərin nəticələrini yekunlaşdırmalı və müvafiq qərar qəbul etməlidir. Bununla yanaşı, “Güclü Ermənistan” blokunun 2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərinin nəticələrinin etibarsız sayılması tələbi ilə Mərkəzi Seçki Komissiyasına müraciət etdiyi bildirilir.

Məqalədə vurğulanır ki, müraciətdə həm səsvermədən əvvəl, həm də seçki günü genişmiqyaslı pozuntuların qeydə alındığı iddia olunur.

“Hakimiyyətə yaxın olmayan siyasi qüvvələrin əksəriyyəti də seçkilərin legitimliyini şübhə altına alıb. Bu pozuntuların kulminasiya nöqtəsi “Çiçəklənən Ermənistan” Partiyası ilə bağlı manipulyasiyalar oldu. Əvvəlcə partiyanın səsləri parlamentə düşməməsi üçün 4 faizdən aşağı göstərildi.

Yenidən sayım tələbindən sonra isə məlum oldu ki, partiyanın səsləri 4 faiz həddini keçir. Bundan sonra Mərkəzi Seçki Komissiyası gözlənilmədən iki seçki məntəqəsində səsvermənin nəticələrini etibarsız elan etdi. Halbuki həmin məntəqələrdə “Çiçəklənən Ermənistan” Partiyası kifayət qədər yüksək nəticə göstərmişdi”, - deyə nəşr yazıb.

Burada söhbət texniki düzəlişdən deyil, siyasi qərardan gedir. Bu qərarın əsasında yalnız “Vətəndaş Müqaviləsi” partiyasının parlamentdə 3/5 çoxluq əldə etmək marağı dayanır. Beləliklə, onlar konstitusiya qanunlarını dəyişdirmək və hüquq-mühafizə sistemində əsas təyinatları həyata keçirmək imkanı qazanırlar”, - deyə məqalədə qeyd olunub.

Nəşr həmçinin bildirir ki, ötən gün “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan bəyanatla çıxış edərək hakimiyyətin qanunsuz hərəkətlərinə qarşı mübarizə aparacaqlarını açıqlayıb.

“Çiçəklənən Ermənistan” Partiyası ədalətin və seçicilərin maraqlarının müdafiəsinə yönəlmiş addımlar silsiləsinə başlayır. Biz siyasi qüvvələrlə vahid gündəlik və birgə fəaliyyət planının hazırlanması üçün məsləhətləşmələrə start veririk”, - deyə Tsarukyan bildirib.

“Past” xatırladır ki, Nikol Paşinyan hələ 2020-ci ildə demişdi: “Şəxsən öz əllərimi kəsərəm, amma bir bülletenin belə saxtalaşdırılmasına imkan vermərəm”.

“Göründüyü kimi, altı ildə həqiqətən çox şey dəyişib. Söhbət artıq bir bülleteni deyil, bütöv bir seçkini əhatə edən pozuntulardan gedir. Təkcə “Çiçəklənən Ermənistan” Partiyası ilə bağlı vəziyyət belə seçkilərin nəticələrinə ciddi təsir göstərən proseslərin baş verdiyini nümayiş etdirir”, - deyə nəşr vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Seçki  


Bizi "telegram"da izləyin