Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Silahlara Nəzarət və Beynəlxalq Təhlükəsizlik üzrə müşaviri Tomas DiNanno məlumat verib.
Açıqlama Polşanın ilk F-35 “Lightning II” döyüş təyyarələrinin rəsmi olaraq xidmətə qəbul edilməsi münasibətilə keçirilən mərasimdə səsləndirilib.
DiNannonun sözlərinə görə, yeni paketlə birlikdə Varşavanın ABŞ müdafiə məhsulları və xidmətlərinin alınması üçün istifadə edə biləcəyi ümumi maliyyə limiti 20 milyard dollara çatıb.
Polşanın Lask şəhərində yerləşən 32-ci Taktiki Hava Bazasında keçirilən mərasimdə ölkənin ilk F-35 “Lightning II” təyyarələri Hərbi Hava Qüvvələrinin inventarına daxil edilib.
Tədbirdə Polşa Prezidenti Karol Navrotski, Müdafiə Nazirliyinin nümayəndələri və yüksək rütbəli hərbçilər iştirak ediblər. Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış çıxışı zamanı ölkənin F-35 parkını genişləndirməyi planlaşdırdığını açıqlayıb.
Onun sözlərinə görə, 2039-cu ilə qədər nəzərdə tutulan Silahlı Qüvvələrin İnkişaf Proqramı çərçivəsində mövcud 32 F-35 “Lightning II” sifarişinə əlavə olaraq daha iki eskadrilya üçün vəsait ayrılıb.
Bu plan həyata keçirilərsə, Polşanın F-35 “Lightning II” təyyarələrinin sayı 64-ə çata bilər.
Məlumata görə, hazırkı müqavilə çərçivəsində sifariş edilmiş 32 təyyarədən 14-nün ilin sonuna qədər təhvil verilməsi planlaşdırılır. Bütün çatdırılmaların isə 2029-cu ildə tamamlanacağı gözlənilir.
Polşa 2023-cü ildən FMF proqramı vasitəsilə 15 milyard dollardan çox maliyyə resursundan istifadə edib. Bu vəsaitlər “AH-64 Apache” hücum helikopterləri, “Patriot” hava hücumundan müdafiə sistemləri, HIMARS yaylım atəşli reaktiv sistemləri və M1A2 “Abrams” tanklarının alınmasına yönəldilib.
Sevinc Əliyeva
Ordu.az